17 Dekabr 2021 19:24
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 44 günlük tarixi qələbədən sonra diplomatik müstəvidə də missiyasını uğurla davam etdirməkdədir. Bu mənada informasiya mübarizəsində atılan addımlar yüksək qiymətləndirilir. Bu günə qədər keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər Azərbaycan dövlətinin, xalqının milli maraqlarına əsaslanan nəticələrlə yekunlaşıb.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, hazırda rus sülhməramlılarının xidmət etdiyi bölgələrdə yaşayan erməni əsilli vətandaşlar da yaxın zamanlarda Azərbaycanın suveren hüquqlarını qəbul etməli olacaqlar: “Digər sahələrdə də Azərbaycan Vətən müharibəsində əldə edilmiş Zəfərin mahiyyətini qoruyub saxlamaqdadır. Ölkə Prezidentinin həyata keçirdiyi siyasət tarixi qələbəmizin hüquqi müstəvidə təsbit edilməsinin konkret nəticələri mövcuddur”.

Partiya sədrinə görə, Brüsseldə Prezident İlham Əliyevin Avropa Itifaqı, NATO rəhbərliyi ilə keçirdiyi mühüm görüşlər olduqca əhəmiyyətlidir: “Brüssel görüşü əslində buna qədər imzalanan üç sənədin Avropa İttifaqı səviyyəsində təsdiqi və davamı kimi qiymətləndirilir. Sözsüz ki, erməni tərəfi Brüsseldə keçirilən görüşə “böyük ümid”lə yanaşırdı. Düşünürdülər ki, buradan Ermənistanın xeyrinə olacaq hansısa bir addımın atılmasına nail olmaq olar. Amma bunun əksi baş verdi. “Status” və digər məsələlər verilən bəyanatlarda bu “anlayışlara” zərrə qədər də olsa istinad edilmədi. Çünki Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etdi ki, münaqişə başa çatıb. Artıq müharibə səhifəsi çevrilməlidir. Azərbaycan rəhbərinin bu mövqeyi Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənib”.

Partiya sədrinin fikrincə, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı Azərbaycanın ortaya qoyduğu mövqe birmənalı olaraq Avropa İttifaqı və Şərq Tərəfdaşlığı iştirakçıları ölkələri tərəfindən də açıq şəkildə dəstəklənib: “Əslində Aİ-ı Ermənistan üzərinə kommunikasiyaların açılması, dəmir yolunun çəkilməsi və itgin düşmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı öhdəlik qoyub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər