Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər uğurlu oldu. Həm Azərbaycan-NATO əlaqələri, həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır:
“Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və post-münaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında səmimi olaraq maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır”.
Millət vəkili hesab edir ki, magistral yolların birləşməsi ilə bağlı müzakirə edilməli olan mövzular da müəyyənləşib: “Gələcəkdə bu mövzuda danışıqların aparılacağı mümkündür. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi də gündəlikdə olub. Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirib. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib və qeyd edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinə gömrük postu təyin etsə, Azərbaycan da Laçın dəhlizində analoji addımı atacaq”.
Sevinc Fətəliyeva Azərbaycanın Şərq Tərəfdaşlığı platformasında da fəal iştirak etdiyini diqqətə çatdırıb: “Brüsseldə Şərq Tərəfdaşlığının növbəti sammitində Azərbaycanın Avropa üçün önəmi bir daha özünü təsdiqlədi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Eləcə də, ölkəmizin ən böyük ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bundan əlavə, ölkələrimzi arasında digər sahələr üzrə geniş əlaqələr mövcuddur. Bütövlükdə isə Prezidentin Brüssel səfəri və onun nəticələri kifayət qədər uğurludur. Qarşıdakı dövrdə bu uğurların aydın nəticələrini görəcəyik”.