“Ermənistan və Türkiyə arasında sərhədlərin, hava sahəsinin açılması və əlaqələrin inkişafı üçün yeganə şərt Qarabağ probleminin həlli idi. Bu problemin həlli öz əksini Türkiyə-Ermənistan münasibətlərində də müsbət istiqamətdə göstərəcəkdi. Artıq Qarabağ problemi həll olunub. Ona görə də indi biz bu əlaqələrin düzəlməsinə şahidlik edirik. Ancaq yenidən Azərbaycan və Ermənistan arasında nəqliyyat, sərhədəki gərginliklə bağlı irəliləyiş olacaqsa, bunun Ankara-İrəvan münasibətlərinə də təsiri olacaq”.
Bunu Teleqraf.com-a analitik Arif Əliyev Türkiyə-Ermənistan münasibətləri haqqında danışarkən deyib.
Arif Əliyev qeyd edib ki, Ermənistan-Türkiyə arasında yaşanan prosesi ümumilikdə Azərbaycan-Ermənistan arasındakı vəziyyətdən və Qarabağ problemindən asılı hesab edir:
“Bu iki prosesin paralel getməməsi üçün ortada hansı əsas yarana bilər? Heç bir əsas. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan prosesləri paralel gedəcək. Necə ki sərhəddə gərginlik səngidi, delimitasiya və demorkasiya barədə razılaşma var, Soçi və Brüsseldə təsdiqləndi ki, kommunikasiya xəttəri açılacaq. Bunun kölgəsini biz Ermənistan-Türkiyə münasibətlərində də görəcəyik”.
Arif Əliyev bu mövzuda Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasına da istinad edib:
“Paşinyan açıqlamalarının birində qeyd edirdi ki, söhbət yalnız Azərbaycan və Ermənistan arasında dəmir yolu xətlərinin açılmasından getmir, Türkiyə ilə Ermənistan arasında dəmir yolu xətlərinin açılması mümkündür. Bu proses yanaşı gedir”.