Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, yeni reallıqda Azərbaycana olan yanaşmaları necə şərh etmək olar?
- Cənubi Qafqaz regionu dünyanın güc mərkəzlərinin çox ciddi maraq dairəsindədir. Bu regionu əhəmiyyətli edən əsas amillərdən biri də burada Azərbaycanın mövcudluğudur. Mərhum politoloq Zbiqnev Bjezinski “Böyük şahmat taxtası” əsərində Cənubi Qafqazın vacib bir bölgə olduğunu və ayrıca olaraq Azərbaycanın bu regionun əhəmiyyətini nə dərəcədə dəyişdirdiyini vurğulayıb. Cənubi Qafqaz regionunda Azərbaycanın təsirli rolu bütövlükdə bu bölgənin yaranan nəqliyyat, enerji xəritələrinin taleyini müəyən edir. Bu layihələr bütövlükdə dünyanın enerji və nəqliyyat infrastrukturuna çox böyük təsir edir. Dünyanın bir çox təsir dairələrində Azərbaycan bütövlükdə Avrasiyanın nəqliyyat xəritəsini yaratmaqdadır. Bu, həm də bölgənin əhəmiyyətinə dəlalət edir. Ölkəmizin enerji ehtiyatları, coğrafi mövqeyi, həyata keçirilən siyasətdə strateji baxışın üstünlüyü Azərbaycanın həlledici mövqeyini müəyyən edən əsas faktor olmaqdadır.
Torpaqlarımızın azad edilməsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya yaranıb.
- Azərbaycana olan yanaşmaların dəyişməsində müharibə və zəfər faktoru nə dərəcədə təsirli olub?
- Münaqişə dövründə də Avropa İttifaqı Azərbaycanı özünün enerji təhlükəsizliyi baxımından ən vacib tərəfdaşı hesab edirdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması və prioritet olan nəqliyyat dəhlizinin yaradılmasında rolu qabardılır. Bu baxımdan indiki post-münaqişə mərhələsində yeni obraz kəsb edən Azərbaycan Avropa üçün daha əhəmiyyətli görünür.
- Hazırkı dönəmdə dünyanın siyasi mərkəzlərini bu region üçün hərəkətləndirən amillər nədən ibarətdir?
- Dünyanın siyasi mərkəzlərini hərəkətləndirən amillərdən bir də onların maraqlarıdır. Bu, yeni bir yanaşma və kəşf deyil. Beynəlxalq münasibətlər və əməkdaşlıq subyektləri öz maraqlarından çıxış edərək addımlar atmaqdadır. Güclü Azərbaycanla əməkdaşlıq etmək onların geosiyasi və geoiqtisadi maraqlarına xidmət edir. Azərbaycan zəngin iqtisadi resurslarını özünün milli, iqtisadi inkişaf dövriyyəsinə əlavə etdikdən sonra daha da böyük təsir imkanlarına malik olacaq. Bu mənada Avropa, bütövlükdə Qərb Azərbaycanın gələcək imkanlarını dəyərləndirir. Ona görə də, Azərbaycanın haqlı maraqlarına əks mövqe sərgilənmir. Prezident İlham Əliyevin Brüssel görüşləri buna bariz misaldır.
- Amma erməni tərəfi Avropa səfərinə böyük ümidlərlə gedirdi. Nəticə onlar üçün nə dərəcədə gözlənilən oldu?
- Sözsüz ki, Nikol Paşinyan Brüsselə böyük “ümid”lərlə gedirdi. Amma onun əsassız mövqeyi Avropada heç bir dəstək almadı. Əksinə Azərbaycana Avropa İttifaqından mühüm dəstək ifadə edildi. Bu, bir daha təsdiqlədi ki, Avropa Azərbaycana strateji tərəfdaş kimi baxır. Bunun da artıq bir mühüm pratforması mövcuddur. Avropa İttifaqına üzv olan ölkələrin üçdə biri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq razılaşması var. Brüssel səfərində də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq məsələləri üzrə işlərin getdiyi açıqlandı. Bununla da Aİ Azərbaycana bir daha açıq şəkildə bildirdi ki, ölkəmiz bu təşkilat üçün nə dərəcədə önəmli tərəfdaşdır.
- Region ölkələrinin, xüsusilə İranın yeni təşəbbüslərə yanaşmasını necə qiymətləndirirsiniz?
- Region ölkələri Azərbaycanın irəli sürdüyü təşəbbüslərə qoşulmaqla özlərinin milli maraqlarını təmin etmək üçün yeni imkanların yarandığını qəbul edirlər. Vətən müharibəsi və ondan sonrakı mərhələdə qonşu İranla Azərbaycan arasında müəyyən bir soyuqluq yaranmışdı. Azərbaycan qonşu dövlətə dostluq əli uzadırdı. Ölkə başçısı işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər edərkən Xudafərin körpüsünün yanından İrana dostluq mesajı göndərmişdi. Cənab prezident Xudafərin körpüsünü Azərbaycanla İran arasında dostluq körpüsü adlandırmışdı. Gələcək münasibətlər üçün bu, yeni bir imkanların açılmasının açıq nümayişi idi. 30 ildən sonra Azərbaycan özünün digər sərhədləri kimi cənub sərhədlərini azad edib nəzarətə götürdü. Bundan sonra Azərbaycan-İran münasibtlərinin yeni inkişaf yolunun olduğu göstərildi.
- “3+3” platforması bölgədə yeni əməkdaşlıq və əlaqələrin formalaşması baxımından nə dərəcədə təsirli bir təşəbbüsdür?
- Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “6-lıq” əməkdaşlıq platforması İran üçün də önəmlidir. Müəyyən nüansları nəzər almasaq İran Azərbaycanın bu dostluq mesajını da qəbul etdi. Bu ilin noyabr ayının 28-də Prezident İlham Əliyev və İran prezidenti İbrahim Rəisi arasında səmimi görüş baş tutdu. Bu görüşdə müzakirə edilən məsələlərin istiqaməti göstərdi ki, İran Azərbaycanın xoş niyyətdə olduğunu qəbul edir. Azərbaycanın İranla dinc qonşuluq münasibətlərinin yaranmasında maraqlı olduğu məlum oldu. İran prezidenti açıq mətnlə ifadə etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qəbul edir. Bu Azərbaycanın praqmatik siyasətinin nəticəsi idi.
- Türkiyə Ermənistan münasibətlərində yeni bir dönəm üçün mümkün əlaqələrin perspektivi nədən xəbər verir?
- 30 ilə yaxın işğalçı siyasət yürüdən Ermənistan qəbul etməkdədir ki, Azərbaycanın güc mövqeyinə təsir edə bilməyəcək. Ermənistan bu istiqamətdə himayədarlarından hər hansı bir dəstək almayacaq. Ona görə də, nəqliyyat kommunikasiyasının açılmasının vacibliyini etiraf etmək məcburiyyətindədir. Bu gün Ermənistan da Zəngəzur dəhlizinin açılmasından danışır. Şimal-cənub nəqliyyat dəhlizinin açılması istiqamətində də yeni imkanlar yaranır. Məhz bu səbəbdən də Türkiyə ilə Ermənistan arasında da artıq münasibətlərin yeni bir başlanğıcı üçün zəmin yaranıb. Artıq hər iki ölkə ilkin danışıqlar və müzakirələr üçün nümayəndə təyin edib. Bu isə qarşıdakı dövr üçün qarşılıqlı şəkildə açıq qalan məsələlərin və problemlərin aradan qaldırılması üçün vacib amildir. Bütün bunlar isə Azərbaycan Prezidentinin təşəbbüslərinin region sərhədləri daxilində ümumi rifaha, təhlükəsizliyin etibarlılığına xidmət etdiyini təsdiqləmiş olur.