Dövlətləri, ölkələri və xalqları idarə edən liderlər ya böyük yüksəliş yaradaraq əbədi tarix qazanırlar, ya da uçurum və fəlakətlərə səbəb olurlar. Azərbaycanın yüz ildən artıq zaman kəsiyindəki dövlətçilik tarixinə baxdıqda Qarabağ Zəfərinin nə qədər böyük əhəmiyyətli hadisə və proses olduğunu aydın görürük. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı bu rəşadət əbədiyyətə qədər türk dünyasının qürur mənbəyi olacaq. Bu tarixi Qələbə ümumilikdə islam-türk toplumunun dövlətçilik təntənəsidir. Qazanılan rəşadət həm də dünənimizin və işıqlı gələcəyimizin kimliyidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Müzəffər Ali Baş Komandan, Türk Dünyasının Ali Ordeninə layiq görülmüş Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən xoş arzularını, səmimi təbriklərini çatdıran general Yücel Karauz deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qəbul etdiyi qətiyyətli qərarlarla mahir diplomat, nəhəng siyasətçi olmaqla bərabər sərrast hərbçi qabiliyyətinə malik olduğunu bütün dünyaya real cəbhə nəticələri ilə nümayiş etdirdi. Prezident İlham Əliyev zəngin hərbi bacarığı ilə Vətən müharibəsinin gedişatına böyük töhfələr verərək tarixi Qələbəni daha da sürətləndirdi. Onun liderlik xüsusiyyətlərinin ən mühüm cəhətlərindən olan qətiyyət və cəsarət Vətən müharibəsinin ilk anlarından başlayaraq öz bəhrəsini verdi. Azərbaycan xalqı başda olmaqla bütün türk dünyası bu tarixi Zəfəri qazandıran Lideri hər zaman qəlbində uca tutacaq”.
Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyətin təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanına sülh və inkişaf vəd etdiyini, qarşılıqlı sağlam münasibətlər kontekstinin bütün xalqları üçün ümumi arzulanan mühit olduğunu diqqətə çatdıran general Yücel Karauz deyib: “Prezident İlham Əliyev öz dövlətini, ölkəsini və xalqını yüzilliklərə söykənən fundamental bir problemi məharətlə həll edən dövlət başçısı adını qazanıb. Ali Baş Komandan bu qalibiyyəti ilə son iyirmi ildə dünya ölkələrinə liderlik edən şəxslərdən irəlidədir. Dünyada ikinci bir dövlət yoxdur ki, ərazisinin iyirmi faizi işğal olunduğu halda çoxistiqamətli inkişaf yolu keçsin, dünya enerji təhlükəsizliyinin qorunmasına töhfə versin və bu vəziyyətdə də güclü, yenilməz Ordu yaradaraq ərazi bütövlüyünün bərpasına nail olsun”./Azərtac/