“Əgər Paşinyan sağlam mövqedə dayanırsa, bu, bizim xeyrimizədir. Amma onun bu bəyanatının elə-belə olduğunu düşünmürəm. Bu, bizim təzyiqlərimizin nəticəsidir. Paşinyan başa düşür ki, onun başqa çıxış yolu yoxdur. 44 günlük müharibədən sonra əldə edilmiş razılaşmalar onu məcbur edir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və özünü sivil insan kimi aparsın. Əgər o, Ermənistanın inkişafında maraqlıdırsa, qəbul edilən qərarlara əməl etməlidir”.
Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan maraqlı açıqlama verdi. O bildirdi ki, Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakı, həm də Ankaraya səfər etməyə hazırdır. Sizcə, bu açıqlamanın izahı nə ola bilər?
- Qənaətimə görə, Qriqoryanın bu mesajı o demək deyil ki, Ermənistan rəhbərliyi Bakı və Ankara ilə çox ciddi məsələləri müzakirə etməyə hazırdır. Çünki bir sıra məsələlər – həm Soçi, həm də Brüssel görüşlərində müzakirə olunub, bunlarla bağlı müəyyən qərarlar qəbul edilib. İndi bu qərarlar əsasında iş getməlidir.
İşçi qrupları təşkil olunub və onlar məlum məsələlərin üzərində işləməlidir. Ankara və Bakı ilə bağlı açıqlama da o anlama gəlir ki, başqa çıxış yolu olmadığını başa düşürlər. Həmçinin onu da anlayırlar ki, bir sıra məsələlərin həlli Türkiyə və Azərbaycandan asılıdır.
- Ümumiyyətlə, yaxın perspektivdə Ermənistan və Azərbaycan arasında ikitərəfli müzakirələrin başlanma ehtimalı nə qədərdir? Baş nazir Nikol Paşinyan da Brüsseldən qayıtdıqdan sonra Azərbaycanla müzakirələrin daha dar çərçivədə aparıla biləcəyini demişdi.
- Düşünürəm ki, ikitərəfli danışıqların aparılacağı istisna deyil. Artıq qısa olsa da, bunun bir təcrübəsi var. Bilirsiniz ki, yaxınlarda Brüsseldə Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında təkbətək görüş baş tutdu. Liderlər təxminən iki-iki saat yarım təkbətək danışıblar. Yəni belə bir təcrübə var.
İndi daha bir imkan olsa, niyə ikitərəfli görüşlər davam etdirilməsin? Niyə həmişə vasitəçilərin köməyi ilə danışıqlar aparılmalıdır? Hesab edirəm ki, əgər belər bir durum olsa, Azərbaycan dövlət başçısı bundan imtina etməz.
- Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır. Sizcə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yeni konstitusiyadan çıxarıla bilərmi?
- Mən bu məsələnin yeni konstitusiyadan çıxarılacağına və ya onların ərazi iddialarından əl çəkəcəklərinə şübhə ilə yanaşıram. Çünki onlar bir əsrdən çoxdur ki, bu qondarma iddia ilə yaşayırlar. Onlar bunu nəinki Ermənistanın konstitusiyasına, hətta bir sıra siyasi partiyaların proqramlarına da salıblar.
Əgər onlar həqiqətən Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq və ya bərpa etmək fikrindədirlərsə, bu iddiadan əl çəkməlidirlər. Amma mən onların bundan tamamilə imtina edəcəklərinə inamıram. Ola bilər, müəyyən ifadələr yumşalsın. Amma bu o demək deyil ki, ermənilər iddialarından tam əl çəkəcəklər.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində də gəlişmələr var. Bu prosesdən gözləntiniz nədir: Ermənistanın xarici siyasətinə yön verən Rusiya əlaqələrin normallaşmasına mane ola bilərmi?
- Aparıcı dövlətlər həmişə birinci öz maraqlarını güdürlər. Baxın, Brüsseldə liderlərin görüşü razılaşdırılmışdı, amma Rusiya onlardan qabağa düşərək, Soçidə növbədənkənar görüş təşkil etdi. Yəni bu reallıqdır – həqiqətdir. Biz ötən otuz il ərzində bir sıra aparıcı oyunçuların mövqelərinin üst-üstə düşdüyünü gördük.
Üç dövlət – ABŞ, Rusiya və Fransa eyni mövqedən çıxış edirdi. Düzdür, indi vəziyyət dəyişib, üstəgəl, ATƏT-in Minsk qrupu yoxdur. Hər halda biz onları inkar edirik, biz tərəfdən onların köməyinə ehtiyac duyulmur. Amma burada siyasi mübahisə ola bilər. Azərbaycan diplomatik addımlarını elə peşəkarlıqla atmalıdır ki, onların bu mübahisəsi bizim maraqlarımıza zidd olmasın. Yəni bu mübahisə ziddiyyətli qarşıdurmaya gətirib çıxarmasın. Düşünürəm ki, biz buna nail ola bilərik.
- Bəs Avropa Birliyinin Ermənistan və Azərbaycan arasındakı vasitəçilik səylərindən gözləntiniz nədir?
- Məndə Brüssel görüşü ilə bağlı müsbət hislər yaranıb. Mənə elə gəlir ki, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüş müəyyən müsbət nəticələrə gətirib çıxardı. Hər halda Paşinyan bu görüşdən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət açıqlamalar verir. O, bundan sonra bəyanat etdi ki, dəmir yolu xətti ilə yanaşı, avtomobil yolu da salınacaq. Ermənistan tərəfinin bir sıra ifadələrində də yumşaqlıq hiss olunur.
Görünür, Azərbaycan dövlət başçısının Brüssel görüşündə qəti, prinsipial mövqeyi nəticəsində Ermənistan reallığı başa düşüb. İndi Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edir, eyni zamanda, bir sıra digər məsələlərlə bağlı müsbət açıqlamalar verilir. Buna görə də, Brüssel görüşünün əhəmiyyətini çox ciddi və mürəkkəb məsələlərin həllində yüksək hesablayıram.
- Ermənistan kimin vasitəçiliyində daha çox maraqlıdır: Rusiyanın, yoxsa Avropa Birliyinin? Paşinyan sanki Brüssellə anlaşmağa daha meyllidir, nəinki Rusiya ilə...
- Paşinyan çabalayır. Bir tərəfdən başa düşür ki, Ermənistanın Rusiyadan böyük asılılığı var. Ermənistanın bütün infrastruktur şəbəkələri Rusiyanın əlindədir. Bu ölkənin dəmir yolu şəbəkəsi, enerji sektoru Rusiyaya tabedir, eyni zamanda, onun digər iqtisadi sektorlarda rolu böyükdür. Bundan başqa, Rusiyanın Ermənistanda hərbi bazası yerləşdirilib. Yəni Rusiya Ermənistanı qəfəsə salıb.
Buna baxmayaraq, Paşinyanın Avropaya üz tutması bir həqiqətdir. Bununla belə, düşünmürəm ki, bu məqamda Avropa Rusiyanın maraqlarına zidd elə bir addım atayacaq ki, Ermənistanı çox pis vəziyyətdə qoysun. Sadəcə, Avropa Birliyi müzakirə olunan məsələlərlə istiqamətində irəliləyəcək. Təbii ki, burada Azərbaycanın maraqları birmənalı şəkildə nəzərə alınmalıdır və nəzərə alınacaq.
- Ermənistan Qazaxın işğal altındakı kəndlərindən keçən magistral yola alternativ xətt çəkməyə başlayıb. Bu da Qazaxın 7 kəndinin Azərbaycana qaytarılma ehtimalını yenidən gündəmə gətirib. Bununla bağlı nə kimi gəlişmələr ola bilər?
- Hesab edirəm ki, biz gec-tez bu kəndləri geri qaytaracağıq. Paşinyanın bəyanatlarında da hiss olunur ki, bunun əleyhinə deyil. Bunun necə olacağı hələlik məlum deyil. Amma oradan keçən yollara alternativ xətlərin çəkilməsi o demək deyil ki, Ermənistan tam mənada buna hazırdır. Yəni onlar öz maraqlarına cavab verən addımlar atırlar. Hər halda Paşinyanın açıqlaması var ki, bir sıra kəndlər Azərbaycana qaytarılmalıdır. Bura Qazaxın kəndləri də daxildir.
Əgər Paşinyan sağlam mövqedə dayanırsa, bu, bizim xeyrimizədir. Amma onun bu bəyanatının elə-belə olduğunu düşünmürəm. Bu, bizim təzyiqlərimizin nəticəsidir. Paşinyan başa düşür ki, onun başqa çıxış yolu yoxdur. 44 günlük müharibədən sonra əldə edilmiş razılaşmalar onu məcbur edir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və özünü sivil insan kimi aparsın. Əgər o, Ermənistanın inkişafında maraqlıdırsa, qəbul edilən qərarlara əməl etməlidir.