"Bu gün iclasımız çox əlamətdar gündə keçirilir. Böyük siyasətçi Heydər Əliyev və görkəmli akademik Zərifə Əliyevanın ailəsində dünyaya gələn cənab Prezident İlham Əliyevin ad günüdür. Cənab Prezidenti 60 illik yubileyi münasibətilə təbrik edirik”.
Bunu Milli Məclisdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Azərbaycann son 50 illiyi ümimilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Onun sözlərinə görə, bu müddətdə Azərbaycan böyük inkişaf yolu keçib:
“Azərbaycan beynəlxalq arenada ciddi tərəfdaş kimi qəbul olunur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, Qoşulmama Hərəkatına rəhbərlik etməsi bunun təzahürüdür. Möhtərəm Prezident Türkdilli Dövlətlərin Birliyində fəal siyasət aparıb, bu xalqların arasında əlaqələrin inkişafına çalışıb. Təsadüfi deyil ki, cənab Prezident bu təşkilatın ən ali mükafatına layiq görülüb”.
Spiker qeyd edib ki, müasir Azərbaycan bu gün beynəlxalq və regional layihələr həyata keçirir: “Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiflis- Qars və digər beynəlxalq layihələrin həyata keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsləri və fəaliyyətinin nəticəsidir.
Dünyada qlobal böhran müşahidə edilsə də, Azərbaycan iqtisadiyyatında artım müşahidə edilir.
Qarabağ zəfəri İlham Əliyevin sərkərdəlik və diplomatik məharətinin nəticəsidir. Prezidentin qeyd etdiyi kimi atasının vəsiyyətini bununla yerinə yetirmişdi. Torpaqlarımız azad edildikdən dərhal sonra böyük bərpa və inşaat işlərinə başlayıb.
Cənab Prezidentin siyasi və diplomatik məharətinin növbəti təzahürü Zəngəzur dəhlizinin açılması olacaq, bu layihə nəinki regional, eyni zamanda dünya üçün yeni imkanlar açacaq.
Müzəffər Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan ordusu verilən tapşırığı hər an yerinə yetirməyə hazırdır.
Şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin daim dövlətin qayğısı ilə müşahidə edilməsi bu uğurlu siyasətin nəticəsidir. Bu işdə hörmətli Mehriban xanımın da böyük əməyi var.
Biz bu gün tam qətiyyətli deyə bilərik ki, möhtərəm prezidentimiz hər bir Azərbaycanlının lideridir və xalqımız onunla fəxr edir.
İcazənizlə Milli Məclis adından cənab Prezidenti 60 illik yubileyi münasibəti ilə təbrik edək, ona fəaliyyətində yeni-yeni uğurlar arzu edək”.
Spikerin çıxışından sonra deputatlar Prezident Əliyevin 60 illik yubileyini ayaq üstə və alqışlarla qarşılayıb.