“Azərbaycan Prezident tərəfindən ciddi addımlar atılıb. Mən əhalinin sosial durumunu, insanların maaşlarını artımaq üçün dövlət başçısı tərəfindən imzalanan Fərmanları nəzərdə tuturub. Bunların içərisində I Qarabağ müharibəsində iştirak edənlərə birdəfəlik yardım xüsusilə diqqət çəkir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev son bir həftə ərzində 4 milyona yaxın insanın əməkhaqqı, maaş, müavinət və birdəfəlik yardımları nəzərdə tutan addımlar atıb.
Vahid Əhmədov əlavə edib ki, Azərbaycan liderinin daxili və xarici siyasəti çox uğurludur: “Azərbaycan 44 gün Vətən müharibəsi apardı. Azərbaycan Prezidenti bu müddət ərzində xarici mediaya verdiyi müsahibələrlə Azərbaycanı tanıtdı, reallıqları gözlər önünə sərdi. Hesab edirəm ki, İlham Əliyev artıq dünya siyasətində tanınan və qəbul olunan siyasətçi, habelə müasir tələblərə cavab verən liderdir”.
Deputat deyib ki, İlham Əliyev son 18 ildə ciddi layihələrə imza atıb, xarici dövlətlərlə böyük əlaqələr qurub: “Hesab edirəm ki, bu uğurlar gələcəkdə də davam edəcək. Prezident Azərbaycan xalqının sosial durumunu hər zaman önə çəkib. Məhz bunun nəticəsidir ki, dövlət büdcəsinin 46 faizini sosial yönümlüdür”.
Vahid Əhmədov çıxışının sonunda Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı arzulayıb.