24 Dekabr 2021 17:29
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bu gün dünyanın ən nüfuzlu siyasətçilərindən biridir. O, peşəkar diplomat kimi Azərbaycanı beynəlxalq münasibətlər sisteminin ən layiqli üzvlərindən birinə çevirməyə müvəffəq olub. Məhz müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu beynəlxalq təşkilatlarda dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisi hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycan 30 il öz ərazi bütövlüyü uğrunda mübarizə aparıb: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdı. Beynəlxalq miqyasda hüquqi bazanı möhkəmləndirməklə yanaşı, uğurlu ordu quruculuğu siyasəti quruldu ki, bunun da nəticəsində Azərbaycan 30 illik işğala 44 gün ərzində son qoydu. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu, bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya cəbhəsində də mühüm uğurları təmin etdi: “Müharibənin gedişində və müharibədən sonra Müzəffər Ali Baş Komandanın bölgədə baş verən hadisələrlə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub hesab edilə bilər. Bu müsahibələr zamanı verilən bəyanatlar, səslən fikirlər informasiya cəbhəsində də ölkəmizin mövqelərini möhkəmləndirdi”.

Könül Nurullayevanın fikrincə, bu gün dünya Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların şahididir:

“Regionun lider ölkəsi olan Azərbaycan bu qələbə sayəsində öz mövqeyini daha da gücləndirdi. Biz bu uğurlara peşəkar diplomat, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində nail olmuşuq. Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini, beynəlxalq statusunu dəyişdirib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər