Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan türk vətəndaşları ilə görüşən prezidentinin mətbuat katibi İbrahim Kalın Qarabağın azad edilməsi ilə tarixin yeni səhifəsinin açıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, Kalın ABŞ-dakı erməni lobbisinin anti-Türkiyə siyasətinin öz kimliyinə çevirdiyini deyib.
Türkiyə prezidentinin sözçüsü 44 günlük Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkib:
“Qafqazda çox fərqli proses gedir, indi bu diasporun bütün enerjisini və arqumentini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi Qafqazda bitmək üzrədir. Qarabağın azad edilməsi və Azərbaycana qaytarılması ilə orada tarixin yeni səhifəsi açılıb”.
Artıq bununla bağlı heç kimin gözləntisi olmadığını bildirən Kalın Türkiyə və Ermənistanın münasibətlərin normallaşması istiqamətində qarşılıqlı addımlar atdığını qeyd edib.
Normallaşma prosesinin ən çox Ermənistana fayda verəcəyini bildirən Kalın dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayədarlığı altında olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmasının bu ölkənin həm siyasi, həm də iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib.