“Rusiya-NATO arasındakı indiki qarşıdurma təsadüfi deyil. Xatırlayıram, ABŞ dövlət katibi Ceyms Beyker söz vermişdi ki, NATO qoşunları şərqə doğru bir metr də irəliləməyəcək. Sonra NATO dedi ki, hanı sənəd, axı biz bununla bağlı bir razılaşma imzalamamışıq. Beləcə verdikləri sözdən qaçdılar. Belə olan təqdirdə Rusiyanın başqa seçimi qalmadı. İndi müşahidə olunan Rusiya-NATO qarşıdurması əslində bu məqamla bağlıdır”.
Bunu Teleqraf.com-a ASDP sədri Araz Əlizadə deyib.
Araz Əlizadə bildirib ki, zamanında belə bir sözü Qorbaçova ABŞ dövlət katibi Beker vermişdi.
Onun sözlərinə görə, amma belə bir söz verilsə də, bu sənəd imzalanmadı: “Əslində Qorbaçov axmaqlıq etməsəydi, heç SSRİ də dağılmayacaqdı”.
Partiya sədri hesab edir ki, əgər NATO indi Rusiyanın irəli sürdüyü tələbləri birmənalı rədd edərsə, bu zaman Rusiya təhdidlər qarşısında birmənalı addımlar atacaq. Onun ehtimalına görə, belə vəziyyətdə Rusiya ən güclü raketlərini Kalinqradda yerləşdirə bilər: “Eyni zamanda belə raket dəstləri Belarusda yerləşdirə bilər. Əlbəttə, bu da təhdiddir. Əgər əvvəl Rusiyanın raketləri hədəfə 10-15 dəqiqə ərzində çatacaqdısa, bu halda 3-5 dəqiqəyə çatacaq. Bundan da qorunmaq faktiki mümkünsüz olacaq”.
ASDP sədri deyib ki, NATO da Ukrayna və digər yerlərə hansısa silahlar yerləşdirə bilər: “Amma iş ondadır ki, Qərbin Rusiya kimi güclü raketləri yoxdur. Rusiya raket məsələsində öndədir.
Mən düşünmürəm ki, bu proses sonda müharibəyə gətirib çıxaracaq. NATO və Rusiya arasında müharibə fəlakət olardı. Sadəcə NATO razılaşmasa, Rusiya da öz təhlükəsizliyi ilə bağlı adekvat addımlar atmalı olacaq”.