Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziyanın fəaliyyətini tənqid edib.
Teleqraf.com xəbər verir ki, deputat tənqidlərini İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirələri zamanı deyib.
Fazil Mustafa bildirib ki, İTV-nin Yayım Şurasının seçilən üzvləri kölgədə qalır, böyük səlahiyyətləri yoxdur:
“İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional işini görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, “Media haqqında” qanun da bu qədər müzakirəyə səbəb olmazdı. Onun əvəzinə bunlar millət vəkillərini ələ salmaqla, kollajlarını düzəltməklə məşğuldurlar. Bununla reytinq qazanmaq istəyirlər. Təbii ki, deputatı da tənqid etmək olar. Təbii ki yaxşı verilişləri də var. Amma bunlar jurnalistin istedadı hesabına başa gələn verilişlərdir. Büdcədən bu qədər vəsait alırsınız. Cəmiyyətin işinə yararlı olmalısınız. Ona görə məsuliyyət artırılmalıdır. Necə olur ki parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır. Siz kimsiz ki? Ümid edirəm tənqidlərdən nəticə çıxaracaqsınız”.
Deputat Fəzail Ağamalı da Fazil Mustafa, Siyavuş Novruzov və digər həmkarlarının çıxışını müdafiə edib: “Məni ora dəvət etmişdilər, verilişin formatı xoşuma gəlmədi. Bundan sonra məni qara siyahıya salıblar. Bəzən deputatları tənqid nədir, təhqir belə edirlər. Mən ümid edirəm ki, yeni seçiləm İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni tərkibi bu məqamları nəzərə alacaq”.