30 Dekabr 2021 12:54
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Media haqqında” qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, üçüncü oxunuşda qanun layihəsinə bir sıra dəyişiklik edilib.

Dəyişiklikləri təqdim edirik:

Qanun layihəsinin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilib.

Qanunun 14.1.11-ci maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası nəzərdə tutulmasa da, ictimai müzakirələrdə ən çox narahatlıq bu məsələ ilə bağlı ifadə edilib. Layihəyə yeni 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.

Növbəti dəyişikliyin 30.8-ci maddənin əlavə edilməsinin məntiqi davamı olaraq 30.2-ci maddədə də müvafiq istisnanın dəqiq göstərilməsi zərurətindən yarandığı bildirilib. Yəni internet televiziyaları istisna olmaqla digər platforma yayımçıları lisenziya əsasında fəaliyyət göstərir.

Beşinci dəyişikliklə bağlı bildirilib ki,proqramların istehsalında istifadə olunan hər hansı bir texniki avadanlığın uyğunluğunun qiymətləndirilməsi bu layihənin predmeti olmadığı üçün qanun layihəsinin 36-cı maddəsinin“proqramların istehsalı, ötürülməsi və yayımlanmasını” ifadəsində “istehsalı”sözü çıxarılıb.

39.1.2-ci maddədə edilən dəyişiklik 2017-ci ildə qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun müddəaları ilə uyğunlaşdırma xarakteri daşıyır. Milli qanunvericilikdəki yeni yanaşma nəzərə alınaraq, 39.1.2-ci maddənin “tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək” müddəasından “açıq” sözü çıxarılıb.

Həmçinin normativ hüquqi akt layihəsinin qəbul olunma prosedurunun yekunlaşacağı vaxtın əvvəlcədən müəyyən edilməsi çoxsaylı müzakirələrə səbəb olduğundan müvafiq 78.4-cü maddə layihədən çıxarılıb.

Bundan başqa,sənədə 78.6-cı maddə əlavə olunub. Yeni maddəyə əsasən, bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri Qanun qüvvəyə mindikdən sonra yaranmış hallara şamil olunur.

Layihənin müvafiq maddələrində ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərə münasibətdə media subyekti təsis etməyi və jurnalist kimi Media Reyestrinə daxil olunmağı qadağan edən normaların qanunun qəbulundan əvvəl yaranmış münasibətlərə də şamil olunacağına dair fikirlərin qarşısını almaq üçün sözügedən müddəanın təsbiti məqsədəuyğun sayılıb.

Həmçinin 26.3.4 və və 26.3.5-ci maddələrdə “Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər” məzmununda 26.4-cü maddə ilə əvəzlənib.


Müəllif: Nemət

Oxşar xəbərlər