Daha bir il başa çatır. Cəmi bir neçə saatdan sonra köhnə il öz yerini yeni 2022-ci ilə təhvil verəcək. İlin son günlərində dünyanın hər yerində insanlar ötən ilə yekun vurur, əldə edilən nailiyyətləri qiymətləndirir, yol verilən çatışmazlıqları qeyd edir. Yeni ildə qarşıya yeni məqsəd və hədəflər qoyurlar.
Teleqraf.com bu il Azərbaycanın xarici siyasət sahısində baş verən mühüm hadisələrə dair hazırladığı məqaləsini təqdim edir.
Öncə onu qeyd etmək lazımdır ki, 2021-ci il postmüharibə dövrünün ilk ili olması baxımından diqqət çəkir. Bu il ölkəmizin xarici siyasəti 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin beynəlxalq diplomatik müstəvidə irəlilədilməsi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması vəzifələrinin həyata keçirilməsi işinə dəstəyin göstərilməsinə yönəlib. Ölkənin müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu il ərzində uğurla davam etdirilib.
Bildiyimiz kimi, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda regionda kommunikasiyaların açılması öz əksini tapıb. 2021-ci il ərzində Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin dayanıqlı sülh və inkişaf üçün açdığı imkanların reallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılmasını təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü səylər göstərilib.
Həmçinin, Azərbaycan bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışıb. Azərbaycan ilk günlərindən pandemiya ilə mübarizədə aparıcı dövlətlərdən biri olub.
Bu il Azərbaycan iki beynəlxalq təşkilatda – Qoşulmama Hərəkatında və Türk Dövlətləri Təşkilatında sədrliyini uğurla davam etdirib. Bu təşkilatlarda sədrlik prosesinin uğurla həyata keçirilməsi ölkənin dünya birliyindəki mövqelərinin daha da güclənməsinə əhəmiyyətli töhfələr verib.
İl ərzində Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda dünya dövlətləri ilə əlaqələrinin möhkəmlənməsi işinə böyük önəm verib. Bu istiqamətdə ardıcıl iş aparılması sahəsində ölkəmizin region ölkələri və dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin yaxşılaşması sahəsində uğurlar əldə edilib. İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüşlər, səsləndirilən bəyanatlar və qəbul edilən sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilib, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində addımlar atılıb.
Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna bu il də sadiq qalaraq Rusiya, ABŞ, Avropa İttifaqı və Çin Xalq Respublikası kimi böyük güclərin regionda maraqlarının balanslaşdırlmasına nail olub.
Azərbaycan üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətin prioriteti olaraq qalıb. İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistanla ali və yüksək səviyyədə təmaslar davam edib və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.
İl ərzində İranla münasibətlərdə müəyyən gərginlik yaransa da noyabrın 28-də Aşqabadda Azərbaycan və İran liderləri arasında keçirilən görüşdən sonra bu gərginlik də başa çadıb. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 22-də Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib.
Bu il Azərbaycanın Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlikləri təsis edilib. Həmçinin, çoxtərəfli əməkdaşlıq sahəsində digər bir tədbir 13 dekabr tarixində Sakit Okean Alyansı təşkilatının Bakıdakı ofisinin açılması olub.
Azərbaycan vətəndaşlarının xaricdə üzləşdikləri çətinliklərinin həlli istiqamətində 2021-ci il ərzində görülən işlərə dair onu qeyd etmək olar ki, bu il İraq və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan 81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan vətəndaşı repatriasiya edilib.
Bütün bu faktlar onu deməyə əsas verir ki, il xarici siyasətə sahəsində bütövlükdə uğurlu olub. Bu ilin uğurlu olması ilə qarşıdan gələn ilin də uğurlu olacağının təminatçısıdır.