30 Dekabr 2021 19:13
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çoxları Ukrayna uğrunda Rusiya və Qərb arasında kəskin qarşıdurma haqqında danışır. Mən sizə deyim, əslində söhbət Ukraynadan getmir. Ümumiyyətlə, dünyada dava-dalaş, təsir siyasəti, qarşıdurmalar yalnız resurslar uğrunda aparılır”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, İraqda, Liviyada, Suriyada bizim gördüyümüz müharibələr əslində ərazi uğrunda deyil, resurs naminə müharibələrdir.

Onun sözlərinə görə, Rusiyanın özünün kifayət qədər resursu var: “Rusiya nəhəng resurslara malik dövlətdir, amma əhalisinin sayı azdır. Qərb dövlətləri də çalışırlar ki, bu resurslardan istifadə etsinlər, bazara çıxış imkanları olsun. Bax, bu konteksdə Rusiyanı sıxırlar. Hesab edirəm ki, buna da nail olacaqlar. Sibir və digər ərazilərdə kifayət qədər Avropa şirkətlər var ki, işləyirlər. Bu, resurs məsələsidir”.

Vahid Əhmədov qeyd edib ki, Ukrayna və digər əraziləri Rusiya təsir dairəsinə keçirmək istəyir: “Bu da başa düşüləndir. Buraları saxlamağa çalışır və s. Amma unutmayaq ki, NATO bütövlükdə Rusiya sərhədlərində yerləşib. Bu, təsadüfi vəziyyət deyil. Qərb də bu yolla Ukrayna və digər ölkələri - Gürcüstan, Moldova, o cümlədən Qafqaz dövlətlərini müdafiə etməyə çalışır. Qərb bu ölkəyə yardımlar etmək fikrindədir. Amma məqsəd resurslara nail olmaqdır ki, bundan istifadə edərək daha çox gəlir əldə etməkdir.

Burada qalib söhbəti yoxdur, resurs məsələsi var. Nə Rusiya Ukraynaya hücum edəndir, nə Ukrayna Rusiyaya qarşı müharibəyə başlayandır. Xırda təxribatlar, problemlər olacaq. Məncə, vaxt gələcək və günün birində Rusiya bu işlərindən əl çəkəcək. Onda Ukrayna, Gürcüstan və digər ölkələr də problemdən xilas olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər