30 Dekabr 2021 16:09
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentimiz bəyan etmişdi ki, Azərbaycanla Ermənistan arasında gedən proseslərə paralel olaraq Türkiyə də Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Türkiyə 1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə və sərhəd qapısını bağlayanda əsas məsələ Qarabağın işğal edilməsiydi. Bu gün, yəni ötən il 44 günlük müharibədən sonra əldə edilən qələbə ilə Qarabağ problemi həll olundu. Qarabağ Azərbaycan ərazisi kimi öz yerini alıb, beləliklə, 1992-ci ildə Ermənistanla münasibətlərimizi kəsməyimizə səbəb olan məsələ də aradan qalxıb. Deməli, artıq normallaşmamaq üçün heç bir səbəb yoxdur.

Lap əvvəldən prezidentimiz bəyan etmişdi ki, Azərbaycanla Ermənistan arasında gedən proseslərə paralel olaraq Türkiyə də Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atacaq. Ona görə də bildiyiniz kimi, bu istiqamətdə xüsusi nümayəndələr də təyin edilib”, - Kalın bildirib.

Türkiyə prezidentinin sözçüsü hesab edir ki, bundan sonra proses sürətlə və konstruktiv şəkildə gedəcək:

“Ermənistan tərəfində də bu istiqamətdə iradə var. Artıq bu məsələdə bizim iradəmiz aydın və qətidir. Bizim Ermənistana qarşı qərəzli yanaşmamız yoxdur. Sərhəd qonşumuz olaraq əlbəttə, biz istəyirik ki, sərhədlər açılsın, diplomatik münasibətlər başlasın. Bunun üçün müəyyən şərtlər yerinə yetirilməli və müəyyən məsələlər müzakirə olunmalıdır və xüsusi nümayəndələr tərəfindən aparılacaq proses də məhz bundan ibarətdir.

Burada bunu vurğulamaq istərdim; Ermənistanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə münasibətlərini normallaşdırması bütün regiona töhfə verəcək, bu, ən çox Ermənistana fayda verəcək. Çünki Ermənistan kiçik, kasıb, əhalisi az olan, dənizə çıxışı olmayan və son dərəcə məhdud ticarət yolları olan ölkədir. Azərbaycanla sülh müqaviləsi bağlasa, Azərbaycanla münasibətləri yaxşılaşar; Türkiyə ilə də münasibətləri normallaşsa, ticarətdən tutmuş sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə fərqli inkişaflar baş verəcək və bütün bunlar Ermənistanın və erməni xalqının xeyrinə olacaq. Ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı münasibətlərimiz var. Onlara qarşı ayrı-seçkilik olanda biz həmişə çox aydın mövqe tutmuşuq. Bizim Türkiyədəki erməni icması ilə bütün səviyyələrdə əlaqələrimiz var. İstənilən vaxt problemi olanda bizə müraciət edə bilərlər”.

Kalının sözlərinə görə, Ermənistanla münasibətlər normallaşma, şübhəsiz ki, Türkiyə ermənilərinin Ermənistanla daha asan əlaqələr qurmasına və başqa sahələrdə rahatlıq gətirməsinə şərait yaradacaq:

“Amma dünyanın iki ölkəsində, Fransa və Amerikadakı erməni diasporu da məsuliyyətlə davranmalıdır. 1915-ci il hadisələrinin “soyqırım” olduğunu iddia edib, ilkin şərt kimi gündəmə gətirməyin, xüsusən də bu nöqtədən sonra heç kimə faydası olmayacaq. İndi Qafqazda yeni səhifə açılıb, yeni dövr başlayıb və diaspor da bu həqiqəti görüb Ermənistanın və regionun xeyrinə olacaq münasibət, yanaşma formalaşdırmalıdır. Belə getsə, hər kəs bundan faydalanacaq. Qafqazda yeni sülh və sabitlik dövrü başlayır və bundan bütün ölkələr faydalanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər