Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hicran xanım, ölkəmiz post- mühairbə dövrünün birinci ilini qeyd edir. Tarixi zəfərdən ötən dövrü necə xarakterizə edərdiniz?
- 2021-ci il Azərbaycan üçün çox əlamətdar və zəngin tarixi-siyasi hadisələrlə yadda qaldı. Ölkəmiz Cənubi Qafqaz regionunda yeni reallığın yaranmasında mühüm rol oynayan bir dövlətə çevirlib. Həmçinin dövlətimiz dünyada qlobal təşəbbüslərlə çıxış edən və iqtisadi imkanları, beynəlxalq nüfuzunu daha da artırır. Bütün sahələrdə dinamik inkişaf təmin olunub və bu proses davam etməkdədir. İşğal illərində erməni vandalizmi nəticəsində viran qalmış və dağıdılmış ərazilərimiz, tarixi-mədəni-dini irsimiz, yeraltı və yerüstü sərvətlərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni faşizminin ifşa olunması istiqamətində işlər davam. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə nümayəndələrinin, yerli və xarici mətbuatın, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərləri təşkil edilir. Bu amil beynəlxalq səviyyədə məlumatların obyektiv şəkildə çatdırılmasında özünəməxsus rol oynayır.
Sözsüz ki, bu ilin ilin ən mühüm hadisələrindən biri “Şuşa Bəyannaməsi” nin imzalanması idi. 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, 2021-ci ilin bu günü isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoydu.
- 10 noyabr 2020-ci il Bəyanatından ötən dövr ərzində ölkəmiz siyasi-diplomatik müstəvidəki mövqeyinin daha da güclənməsi üçün atılan addımların əhəmiyyətini necə şərh etmək olar?
- Ən böyük hadisələr sırasında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci ilin noyabr 10-da imzalanmış Bəyanatdan, sonra üç tərəfli görüş çərçivəsində əldə edilən mühüm uğurlar var. Bu ilin 11 yanvar Moskva, 26 noyabr Soçi və 14 dekabr Brüssel görüşlərində imzalanan Bəyanatlar oldu. Bu sənədlərdəki bəndlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürünü ortaya qoydu. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “3+3” platforması təşəbbüsü məhz bu qəbildəndir. Dekabrın 10-da bu təşəbbüsün reallığa çevrilməsi istiqamətində ilk addımlar atılıb.
Belə ki, Moskva şəhərində Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk iclas keçirildi. Bu iclas öz növbəsində regionumuzda dayanıqlı sülhün və sabitliyin yaradılması, eyni zamanda kommunikasiyaların bərpası baxımından olduqca əhəmiyyətli addım oldu. Azərbaycan həm də etibarlı, strateji tərəfdaşdır. İstər Avropa, istər region dövlətlər, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk edir. Bu baxımdan da müəyyən addımlar atır, post-konflikt reallığına uyğun davranış göstərir. Məhz bu baxımdan 2021-ci ildə yadda qalan siyasi hadisələrdən biri də noyabrın 12-də Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilməsi idi. 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlardan biri də biz türk dövlətləri arasındakı birliyin daha da güclənməsi və yeni platformaya keçməsidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərarın qəbul olunması da fikirlərimizi bir daha təsdiq edir.
- Tarixi Zəngəzur dəhlizinin açılması istiqamətində edilən səylərin yaranacaq yeni bir situasiyanın əməkdaşlıq üçün effektivliyi nə dərəcədə böyükdür?
- Hələ 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə cənab Prezident İlham Əliyev demişdi ki, “1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik.
Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”. Zəngəzur dəhlizi həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir.
Bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Türk Dünyasının Ali Ordeninə layiq görülən Prezident İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına verilmiş mükafat kimi qəbul edib. Bunun isə özü də bir rəmzi məna daşıyır. Azərbaycan liderinin qlobal problemlərlə bağlı təşəbbüsləri, habelə Vətən müharibəsindən sonrakı çoxşaxəli, səmərəli fəaliyyətinə bütün platformalarda yüksək qiymət verilir. Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin peyvənd millətçiliyinə qarşı qlobal təşəbbüslərini dəstəklədi.
- Parlementin pandemiya, müharibə və post-müharibə dövründə fəaliyyətini necə qiymətləndirmək olar?
- Sözsüz ki, parlament də bu prosesdən kənarda qalmadı. Cari il ərzində altıncı çağırış Milli Məclis hörmətli xanım sədr Sahibə Qafarovanın rəhbərliyi ilə yeni tərkibdə, yeni müstəvidə uğurla fəaliyyət göstərib. Dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Ötən il ərzində Parlament, xüsusilə Prezidentin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi və post müharibə ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırıb, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırıb.
- İqtisadi, sosial sahədə atılan addımların effektivliyini necə sadalamaq olar?
- Bu ildə də iqtisadi, siyasi, mədəni, sosial sahədə mühüm layihələr həyata keçirildi. Ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük uğurlar əldə olundu. İqtisadiyyatın dayanıqlığının saxlanılması üzrə vacib tədbirlər görüldü. Pandemiya ilə mübarizədə Azərbaycan özünəməxsus model yaratdı və bu, ÜST tərəfindən də təqdir olundu. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas təbəqənin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırlması üçün bu ildə sosial layihələr davam etdi. Böyük Qayıdışın təmin edilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi strateji hədəflər istiqamətində mühüm addımlar atıldı. Xüsusilə də burada həyata keçirilən geniş miqyaslı layihələr, Şuşa yolunun, Zəfər yolunun açılması, Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasiminin keçirilməsi, işğaldan azad olunmuş ərazilərin nümayəndələri ilə ölkə başçısı İlham Əliyev, birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın görüşləri, şəhər və rayonların Baş Planların hazırlanması və təsdiq edilməsi bütün bunlar yola saldığımız ilin ən mühüm hadisələri oldu. Prezident İlham Əliyev 2021-ci ilin iyulun 7-də daha bir əhəmiyyətli Sərəncam imzaladı. Beləliklə tarixi əhəmiyyətə malik olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu sənəd təkcə iqtisadi deyil, həm də siyasi və tarixi əhəmiyyətə malikdir.
- Mədəni sahədə görülən işlərin xronologiyası haqqında nə demək olar?
- 2021-ci il Azərbaycan mədəniyyəti üçün də sözsüz ki, əlamətdar hadisələrlə yadda qalıb. 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edildi. Dünyada humanizm prinsipləri, sosial ədalət, bəşərilik kimi mühüm mədəni dəyərlərin təbliğ edilməsində Nizami yaradıcılığının təşviq olunması xüsusi önəm daşıyır. Dövlət başçısının sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi hər bir azərbaycanlı üçün ruhunun yenidən oyanması mənasını verir. Mayın 12-də mədəniyyət paytaxtımızda “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi Şuşanın və eləcə də Azərbaycanın ən yeni tarixində dönüm nöqtəsi oldu. Şuşada erməni işğalında dağıdılmış Vaqifin məqbərəsi və büstü bərpa edildi, Bülbülün ev muzeyi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu. Bir vaxtlar ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinə Şuşa yenidən ev sahibliyi etdi.
- Həmrəylik gününü qalib xalq, dövlət kimi qeyd edirik. Yeni təqvimdə qarşıda mühüm vəzifələr dayanır. Qarşıdakı dövrdə ölkəmizin ardıcıl olaraq uğurlarının təminatına dair arzularınızı çatdırmanızı istərdik...
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bizim həmrəyliyiminzin ən mühüm nümunəsi 44 günlük Vətən Müharibəsində özünü göstərdi. Tək ölkədə deyil, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar, özünü bu dövlətin vətəndaşı sayan hər kəs Qələbə üçün töhfəsini verdi. İnformasiya və təbliğat sahəsində Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə gücləndi. Erməni təbliğat maşınının bütün cəhdlərinə vaxtında və adekvat cavab verildi. Bu gün həmin insanların Qarabağa səfərləri daha çox təşkil olunmalıdır. Bu səfərlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni, tarixi irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq. Eyni zamanda, dünyanın nüfuzlu etnoqrafları, arxeoloqlarının səfərlərini təşkil etmək, birgə canlı və ya onlayn formatda konfranslar keçirmək, beynəlxalq elmi təşkilatların, nüfuzlu universitetlərin professorlarını, alimlərini bu prosesə cəlb etmək çox vacibdir. Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırılması xüsusi əhəmiyyətə malikdir. Məhz Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanla bağlı verdiyi qərar isə ölkəmizin diplomatiya sahəsində növbəti zəfəri hesab olunur. 2021-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun reallaşdırdığı “Karabakh.Center” layihəsi və müvafiq əsasda Vətən müharibəsində həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu, eləcə də “WhereisKarabakh.com” saytı təbliğati-siyasi baxımdan mühüm layihələr kimi diqqəti cəlb edib. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafı yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter alıb. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir.
Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il münasibəti ilə dövlət başçımız İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, dünyada yaşayan bütün soydaşlarımızı, igid əsgərlərimizi təbrik edir, onlara can sağlığı, uğurlar arzulayıram. Həmçinin, şəhidlərimizi böyük ehtiram hissi ilə yad edir, yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Biz ərazi bütövlüyümüzü onlara borcluyuq. Bizə əmanət olan insanları daim yad etmək, onlara qayğı göstərmək bizim borcumuz, vəzifəmizdir.