Ermənilər tarixin heç bir dövründə, heç bir məsələdə səmimi olmayıb. Onlar ancaq öz mənafeləri üçün müəyyən oyunlara əl atıb. Ermənilər hər zaman müəyyən güc mərkəzlərinə söykənərək öz bəd niyyətlərini reallaşdırmağa çalışıb. Bu gün də onlar məğlub durumları ilə belə bu oyunlardan əl çəkmirlər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun fikrincə, bu, ötən ilin son iki ayında Ermənistan davranışlarında sülh üçün səylər göstərən bir ölkə obrazını formalaşdırmaq niyyətindən irəli gəlir: “2021-ci ilin başlanğıcında Moskvada, daha sonra Soçidə və Brüsseldə keçirilən görüşlərdə də erməni tərəfi mümkün razılaşmaların hər birinə müsbət yanaşdığını göstərsə də real addım atmır”.
Deputat hesab edir ki, sərhədlərin dəqiqləşməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı da Ermənistan pozucu niyyətini gizlin də olsa həyata keçirir: “Baş tutan görüşlərdən sonra da ümidlər böyük idi. Amma erməni tərəfi yenə də öz niyyətini gizlətmir. Hazırda Ermənistanın yeganə məqsədi mümkün qədər vaxt uzatmaq, zaman qazanmaqdır. Məqsədlərini isə özlərindən başqa heç kim bilmir. Amma hər kəs ermənilərin niyyətindən xərəbdardır”.
Elman Məmmədova görə, sərhədlərin dəqiqləşməsi ilə bağlı 2020-ci ilin 10 noyabrından sonra iş başlanmalı idi: “Amma hələ də ortada konkret bir nəticə yoxdur. Ona görə də, erməni tərəfinin hansısa bir məsələdə qərar verib addım atması ancaq məcburiyyətdən ola bilər. 44 günlük müharibə də sülhəməcburetmə əməliyyatı idi. Çünki Ermənistanı başqa yolla başa salmaq, ona nəyisə icra elətdirmək mümkün olmur”.