“Qazaxıstanda baş verən aksiyalarda daxili amilin daha böyük əhəmiyyəti var. Qazaxıstan üç böyük tayfanın hakimiyyət uğrunda mübarizəsi ilə məşğuldur. Söhbət böyük, orta və kiçik juz tayfalarından gedir. Qazaxıstanın qərbində baş verən hadisələr əslində miqyas baxımından elə də nəhəng proses deyil. Ən böyük etirazçılar 500-ü keçmir, bəzi şəhərlərdə, 200, bəzi məntəqələrdə 50 insan etiraz edib”.
Bunu Teleqraf.com-a Qazaxıstanda yanvarın 2-dən bu yana müşahidə olunan etiraz aksiyalarını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Qazaxıstan lideri aksiyalara operativ reaksiya verərək hökuməti istefaya göndərib: “Mənim fikrimcə, bu addımın bir tərcüməsi var: Hörmətli Nazarbayev və Tokayev qərara gəliblər ki, komandalarında müəyyən dəyişiklik həyata keçirsin. Ona görə də, böyük miqyası olmayan bu hadisədən istifadə edərək hökuməti istefaya göndəriblər. Özlərinə daha yaxın və daha etibarlı şəxslərdən ibarət yeni hökumət quracaqlar. Ola bilsin ki, etirazçıların tələblərini qismən qəbul edəcəklər və Qazaxıstanı idarə etməkdə də davam edəcəklər”.
Zərdüşt Əlizadə qeyd edib ki, Qazaxıstanda baş verən proseslərdə xarici faktor əhəmiyyətli deyil: “Bəzən Rusiyanın adını çəkirlər. Amma nəzərə almaq lazımdır ki, dost Qazaxıstanda istənilən hökumət Rusiya ilə münasibətdə loyaldır. Həm də rəsmi şəkildə Rusiya heç vaxt Qazaxıstana ərazi iddiası irəli sürməyib. Bizdə millətçilər arada böyük fikirlər işlətdiyi kimi Rusiyada da millətçilər bəzən ağılsız bəyanatlar verir, ifadələr işlədirlər. Amma əslində rəsmi Rusiya hökuməti ilə rəsmi Qazaxıstan hökuməti arasında münasibətlər sıx əməkdaşlıq və qarşılıqlı etimad şəraitində davam edir”.