“Qazaxıstan son illərdə çox ciddi şəkildə Çinlə yaxınlaşmışdı. Çinin Qazaxıstanda həddindən artıq böyük yatırımları var. Eyni zamanda, Qazaxıstan Çinlə böyük layihələrdə iştirak edir. Bu baxımdan, Çin də bu oyundan kənarda qalmaq istəməz. Açığı, indi orada ciddi demokratik dəyişikliyin olacağı mənə o qədər də inandırıcı gəlmir. Rusiya və Çinin arasında olan Qazaxıstanda Qərb tipli demokratik dəyişikliyin olacağı mümkün deyil. Bu ölkələrin oradakı maraqları o qədər gücülüdür ki, siyasi elita bu maraqlar çərçivəsində hərəkət etməyə məcburdur. Bunun əksinə getsələr də ciddi problem yarana bilər”.
ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qazaxıstanda baş verənlərlə bağlı fikriniz nədir: sizcə, bu etirazların əsl səbəbləri nələrdir?
- Qazaxıstanda baş verən hadisələrin görünən tərəfi ondan ibarətdir ki, dövlət tərəfindən qiymətlərin tənzimlənməsinə, o cümlədən maye qazın qiymətlərinin artırılmasına qarşı bəzi şəhərlərdə etiraz aksiyaları başladı. Bir günün içində bu etiraz aksiyaları bütün ölkəyə yayıldı. Ölkənin müxtəlif şəhərlərində müxtəlif qrupların etiraz aksiyası keçirməsinin şahidi olduq. Qəribədir ki, paralel olaraq Rusiya telekanallarında heç kimin tanımadığı, amma 2019-cu ildə prezident seçkilərində iştirak etmiş bəzi “müxalifyönlü” şəxslərin birdən-birə efirlərə çıxdığını da gördük. Onlar efirlərdə Tokayev və Nazarbayevi çox kəskin şəkildə tənqid etməyə başladılar. İndiyədək rus telekanallarında belə tənqidlərə yer verilmirdi. Bu ondan xəbər verir ki, ola bilsin, Nazarbayevin də iştirak etdiyi son Peterburq görüşündə Qazaxıstan və Rusiya arasında müəyyən anlaşılmazlıq olub. Çünki Putinin əsas hədəfi, əgər yaxın zamanlarda böyük qarşıdurma olacaqsa, post-sovet məkanında daha güclü olmaq, hətta imkan yaranarsa, SSRİ-nin bərpası ilə bağlı addımlar atmaqdır. Qazaxıstan da burada açar rolu oynayan ölkədir.
Mümkündür ki, Rusiya və Qazaxıstan arasında fikir ayrılıqları yaranıb. Əlbəttə, qiymət artımları bütün ölkələrlə yanaşı, Qazaxıstanda da həmişə olub. Qazaxıstanda bundan əvvəl də qiymətlər artırılıb. Amma indi buna qarşı birdən-birə ölkənin 20 şəhərində kəskin reaksiyanın verilməsi suallar yaradır. Eyni zamanda, Qazaxıstanı anlamaq olar, ölkənin etnik tərkibi qarışıqdır. Qazaxıstan əhalisinin 40 faizi etnikdir. Digər yandan, Kremldən tez-tez müxtəlif adlar vasitəsilə Qazaxıstan torpaqlarının “tarixi Rusiya ərazisi” olduğuna dair mesajlar da səsləndirilir. Dekabr ayında rus telekanallarında bununla bağlı Jirinovski və digər deputatların ard-arda çıxışları oldu.
Qazaxıstanın siyasi rəhbərliyinin də pis durumda olduğunu görürük. Çünki Rusiya istəsə, orada bir yox, beş “Donbas” yarada bilər. Yəni istənilən halda öz istəklərini yeritmək üçün orada təzyiq vasitələri yaratmaq imkanları var. Onu da nəzərə almaq lazımdır ki, Qazaxıstan ərazisinə görə dünyanın doqquzuncu ölkəsidir. Çox böyük təbii resursları da var, söhbət təkcə neft və qazdan getmir. Obrazlı desək, demək olar ki, “Mendeleyev cədvəli”ndə olan bütün elemnetlər Qazaxıstanda var. Bu baxımdan, Qazaxıstan açar ölkələrdən biridir.
Baş verənləri həm ölkədaxili klanların savaşları və Rusiyanın hansısa müdaxilələri ilə izah etmək mümkündür. Bu baxımdan, bir gündə başlayan hadisələrin eyni anda bütün ölkə miqyasına yayılması suallar yaradır.
- Bəs Rusiyanın açıq müdaxiləsi ehtimalı nə qədərdir?
- Bu, indiki halda mümkün görünmür. Çünki Rusiyanın hakimiyyət daxilindəki bütün klanlarla əlaqələri var. Yəni bütün klanlarla işləyir, Rusiyanın belə bir özəlliyi də mövcuddur. Yəni daxildəki adamlarının vasitəsilə müəyyən addımların atılması ehtimalı kifayət qədər yüksəkdir, buna görə də birbaşa müdaxiləyə ehtiyac yoxdur. İndiki halda heç bunu etməz də. Çünki Ukrayna ilə gərginlik pik nöqtədədir. Rusiya Ukrayna ilə qarşıdurma vəziyyətinə gəldiyi vaxt növbəti cəbhənin Qazaxıstanda açılmasını istəməz, heç buna imkan verməz. Dediyim kimi, buna ehtiyac yoxdur. Çünki daxildə hüquq mühafizə orqanlarında, orduda, kəşfiyyat və əks-kəşfiyyatda, Prezident Administrasiyasında kifayət qədər adamları var.
- Etirazçılar elbaşı Nursultan Nazarbayev əleyhinə də şüarlar səsləndirirlər, ondan hakimiyyətdən birdəfəlik əl çəkməsini tələb edirlər. Belə bir dəyişiklik baş verə bilərmi?
- Məncə, yox. Çünki Qazaxıstan hakimiyyəti çox maraqlı və çevik addım atdı. Gecə saatlarında hökumətin istefası prezident tərəfindən elan olundu, yeni komanda formalaşacaq.
Qazaxıstan hakimiyyətində üç klan var: “Şimal”, “Orta” və Cənub”. Nazarbayev bu klanları öz ətrafında birləşdirən ortaq bir fiqur idi. Ola bilsin ki, yeni elitanın nümayəndələrinin hökumətdə təmsilçiliyinin təmin olunması yolu ilə onları sakitləşdirsin. Amma Qazaxıstan hökuməti üçün də ciddi mesajdır ki, xalqın güzəranı və sosial həyatı ilə bağlı məsələlərə diqqət yetirsin. Çünki etiraz edənlər bu oyunlardan kənarda dayanan insanlardır. Sadəcə olaraq yönəldilirlər, onların əsas istəyi isə sosial-iqtisadi problemlərin həllidir. İnsanların bu istəyi həmişə var və son zamanlarda da çox artıb. Qiymətlər artıqca əhalidə narazılıq da artır və belə olaylar üçün təməl yaradır.
- Qazaxıstan uğrunda Rusiya ilə kimlər arasında mübarizə gedir: daxili siyasi qüvvələrlə, yoxsa digər geosiyasi oyunçularla?
- Azərbaycanın problemlərindən biri də ondan ibarətdir ki, biz qonşularımızı da, dostlarımızı da, düşmənlərimizi də yaxından öyrənə bilmirik. Bizdə beyin mərkəzləri, böyük universitetlər və elmi mərkəzlər olmalıdır ki, bu prosesləri öyrənək.
Qazaxıstan son illərdə çox ciddi şəkildə Çinlə yaxınlaşmışdı. Çinin Qazaxıstanda həddindən artıq böyük yatırımları var. Eyni zamanda, Qazaxıstan Çinlə böyük layihələrdə iştirak edir. Bu baxımdan, Çin də bu oyundan kənarda qalmaq istəməz. Açığı, indi orada ciddi demokratik dəyişikliyin olacağı mənə o qədər də inandırıcı gəlmir. Rusiya və Çinin arasında olan Qazaxıstanda Qərb tipli demokratik dəyişikliyin olacağı mümkün deyil. Bu ölkələrin oradakı maraqları o qədər gücülüdür ki, siyasi elita bu maraqlar çərçivəsində hərəkət etməyə məcburdur. Bunun əksinə getsələr də ciddi problem yarana bilər.
Təbii ki, əsas oyunçu Rusiyadır, amma Çinin də maraqları var. Çünki sabah SSRİ xortlasa və Qazaxıstan da onun içində olsa, bu, Çinin maraqları üçün də böyük zərbə olardı.