“Rusiya “yaralanmış ayı”nı xatırladır. Rusiyanın indi Qərbi Avropa və ABŞ-la problemləri var. Bu ölkənin Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova ərazilərində problem yaratması nə ABŞ-ın, nə də Avropa İttifaqının xoşuna gəlir. Rusiyanın Belarusla ittifaq dövləti yaratdığını da nəzərə alsaq, bunlar Qərbin maraqlarına ziddir. Onlar mütləq Putini cəzalandırmalıdırlar. Putin də öz qəzəbini indiyədək arxayın olduğu Qazaxıstandan çıxarmaq istəyir. Çünki Qazaxıstan siyasi cəhətdən güclü dövlət kimi öz milli maraqlarını ortaya qoydu. Bu da Rusiyaya sərf etmir”.
Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qazaxıstanda hökumət əleyhinə kütləvi etiraz aksiyaları başlayıb. Sizcə, bu proses kortəbii şəkildə gedir, ya hansısa mərkəzlərə tabedir?
- Bu, əvvəlcədən proqnozlaşdırılan və həyata keçirilən prosesdir. Artıq Qazaxıstanın təhlükəsizlik orqanları qaz emalı zavodunun direktorunu həbs ediblər. O, sıxılmış qazın qiymətini 60 təngədən 120 təngəyə qaldırıb. Əslində bu qərar Mangestau əyalətinə şamil olunmuşdu. Buna baxmayaraq, etirazlar digər əyalətlərə də yayıldı. Görünən budur ki, burada Rusiyanın böyük marağı var. Çünki Qazaxıstanda qeyri-qazaxların sayı 30 faizdən çoxdur. Bu etniklərin əksəriyyətini də ruslar təşkil edir. Yəni Rusiyanın orada çox güclü dayaqları var.
İkincisi, Qazaxıstan hökuməti rus dilini qeyri-dövlət dili elan etdi. Bu, rusları çox azğınlaşdırıb. Üçüncüsü, Qazaxıstan Türk Dövlətləri Təşkilatının Orta Asiyada aparıcı dövlətidir. Rusları da qəzəbləndirən budur ki, Avrasiya Birliyi ideyasının müəlliflərindən biri olan Nursultan Nazarbayev buna baxmayaraq, Türk Dövlətləri Təşkilatında ağsaqqal statusuna keçdi.
Nazarbayevin öz milli kimliyini ortaya qoyması ruslar tərəfindən gözlənilməz idi. Buna görə də, baş verənlərin Rusiya tərəfindən hazırlanmış və həyata keçirilən bir proses olduğunu düşünürəm.
Qazaxıstan Rusiyaya heç bir şans vermədi. Prezident Tokayev hökumətin istefasını qəbul etdi. Eyni zamanda, ayın 19-dək fövqəladə vəziyyət elan olundu.
- Bəs Rusiya ilə gərginlik Qazaxıstana nə vəd edir, proses hansı sonluqla bitə bilər?
- Rusiya “yaralanmış ayı”nı xatırladır. Onun indi Qərbi Avropa və ABŞ-la problemləri var. Bu ölkənin Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova ərazilərində problem yaratması nə ABŞ-ın, nə də Avropa İttifaqının xoşuna gəlir. Rusiyanın Belarusla ittifaq dövləti yaratdığını da nəzərə alsaq, bunlar Qərbin maraqlarına ziddir. Onlar mütləq Putini cəzalandırmalıdırlar. Putin də öz qəzəbini indiyədək arxayın olduğu Qazaxıstandan çıxarmaq istəyir. Çünki Qazaxıstan siyasi cəhətdən güclü dövlət kimi öz milli maraqlarını ortaya qoydu. Bu da Rusiyaya sərf etmir.
Çünki məhz Qazaxıstanın təklifi ilə Qoşulmayanlar Hərəkatının üzvü olan Türkmənistanın məşvərətçi qismində olsa da, birdən-birə Türk Dövlətləri Şurasına gəlməsi və öz enerji resurslarını Azərbaycan üzərindən Türkiyəyə çıxarması Rusiyanın planlarına uyğun gəlmədi. Türkmənistan ondan uzaqdadır. Qazaxıstan isə qonşudur, buna görə də ona qarşı iddia qaldıra bilər.
Halbuki Orenburq vilayəti bütövlükdə Qazaxıstanın idi. Bununla Qazaxıstan Başqırdıstanla sərhəd idi. Stalinin dövründə bu əlaqələri qırdılar ki, türkdilli dövlətlərin ərazi birliyi olmasın. Amma Qazaxıstan bunuj bacardı, Nazarbayev çox ağıllı siyasət yürütdü. Buna görə də Rusiya çalışacaq ki, onu cəzalandırsın. Amma alınmayacaq, çünki qatar gedib.
- Türkiyə müdafiə naziri Hulusi Akar bildirdi ki, rəsmi Ankara Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin özünə müsbət həll tapacağına inanır. Sizcə, bu mesajın arxasında hansı məqamlar var?
- Türkiyə birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Hulusi Akar isə Türkiyədə Ərdoğandan sonra ən məlumatlı dövlət adamıdır. Bu baxımdan, Mövlud Çavuşoğluna bərabər səviyyədədir. Həm də peşəkar hərbçi, strateq və uzaqgörəndir. Yəni təsadüfən danışan adam deyil. Əgər Hulusi Akar deyirsə ki, Zəngəzur dəhlizi açılacaq, demək, açılacaq. Bunu tam məsuliyyətimlə mən də qəbul edirəm.
Zəngəzur dəhlizinin açılması Qərbin də maraqlarına uyğundur. Çünki Rusiya bütün hallarda Zəngəzur dəhlizindən asılı vəziyyətə düşəcək. Bu halda onun Avropaya çıxışı Türkiyə üzərindən olacaq. Amma o çalışacaq ki, bunu İran üzərindən etsin. İran da buna getsə, Qərb İranı pis günə qoyacaq. Həm Qərb, həm də Çin Rusiyanın iqtisadi cəhətdən çökməsini gündəmə gətirməyə çalışırlar. Ən azı 2023-cü ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı iki və ya çoxtərəfli müqavilənin imzalanması ehtimalı çox yüksəkdir.
- Akar açıqlamasında Laçın dəhlizi məsələsinə diqqət çəkdi. Bəs Türkiyə müdafiə nazirinin bu məsələni gündəmə gətirməsi nədən qaynaqlana bilər?
- Hulusi Akar bunu elə-belə deməyib. Çünki bu məsələni Brüsseldə Prezident İlham Əliyev gündəmə gətirmişdi. Hulusi Akar da Türkiyənin maraqlarına uyğun olduğu üçün İlham Əliyevin fikrini dəstəkləyir. Yəni ruslar Laçın dəhlizindən başqa istiqamətdə istifadə edirlər. Artıq ruslar sülhməramlı yox, sülhpozucu statusunda addımlar atırlar. Onlar məqsədləri təxribat törətmək və özlərinin mövqelərini gücləndirməkdir. Ruslar ondan qorxurlar ki, Laçın dəhlizi Azərbaycan ordusunun nəzarətinə keçsə, o zaman Rusiya sülhməramlı adıyla Qarabağda qala bilməyəcək.
Rusiyanı narahat edən beynəlxalq hüquqdur. Rusiya qorxur ki, BMT ona sanksiya tətbiq edəcək. BMT də ABŞ-ın nəzarəti altındadır. Rusiya sülhməramlılarının orada mandatı yoxdur. Mandatı olmadıqlarına görə də, avtomatik olaraq işğalçı statusuna keçirlər. Rusiyanı da qorxudan budur. Akar da bunu çox gözəl bilir. Buna görə də, Laçın dəhlizini gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılmasını bir şərt kimi Rusiyanın qabağına qoyur. Bu düşünülmüş, ağıllı və uzaqgörən siyasətdir.