Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, ötən il Azərbaycanla Ermənistan arasında sülh əldə edilmədi. Bu il sülhün əldə olunacağına inam nə dərəcədə böyükdür?
- İndiki mərhələdə cərəyan edən proselərin bir məntiqi sonluğu olmalıdır. Yəni, 2020-ci il noyabr ayının 10-da üçtərəfli bəyanat imzalandı. Üçtərəfli bəyanatın imzalanmasının ümumilikdə nəticəsi ondan ibarət olmalı idi ki, münaqişənin bütün elementləri aradan qalxsın. Azərbaycan münaqişəni öz ərazilərini işğaldan azad etməklə aradan qaldırdı. Amma buna baxmayaraq hələ də bəzi elementlər qalmaqdadır. Ona görə də Ermənistan yekun sülh sazişi imzalamaqla nümayiş etdirməlidir ki, Azərbaycana qarşı ərazi iddiası yoxdur. Hələlik Ermənistan belə bir davranış sərgiləmir. Azərbaycan ərazisində erməni əsilli insanlar yenə də yaşayır. O ermənilər Azərbaycanın qanunları çərçivəsində öz mövcudluqlarını davam etdirə bilərlər. Bu baxımdan da yekun sülh sazişinin imzalanması ona dəlalət edəcək ki, münaqişənin bütün elementləri aradan qalxmış olacaq.
- Ermənistanın sülhdən yayınmaq ehtimallarını necə dəyərləndirmək olar?
- Ermənistanın yükun sülh sazişindən yayınmaq imkanları əhəmiyyətli dərəcədə daralıb. Bu proses sürətlə davam etməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın davranışlarında da bu görünməkdədir. Eyni zamanda yekun sülhün imzalanmasında təsirli iki tərəf Türkiyə, Rusiya amili də var. Rusiya üçtərəfli bəyanatın imzalanmasında əsas rola malik ölkədir. Azərbaycanla Ermənistanla olan münasibətlərin xarakterinin müəyyən olunması, məsuliyyəti də birbaşa Rusiyaya aiddir. Yəni, Rusiyanın birbaşa səyləri ilə birgə bəyanat imzalanıb. Bununla da Rusiya təbii olaraq vasitəçilik missiyasını öz üzərinə götürmüş olub. Burada Rusiyanın dövlət olaraq siyasi siması məsələsi müzakirə predmetidir. Çünki Rusiya bu prosesi sona çatdırmaqla uğurlu bir vasitəçilik missiyasını həyata keçirmiş olacaq. Bu da Rusiyanın beynəlxalq pozitiv imicini formalaşdıra bilər. Ona görə də prosesdə Rusiya maraqlı tərəfdir.
- Türkiyə amili burada nə dərəcədə təsirli gücə malikdir?
- Burada qardaş Türkiyə Azərbaycanın ədalətli mövqeyini, maraqlarını bütün hallarda dəstək nümayiş etdirir. Türkiyə həmçinin yekun sülh sazişinin bağlanmasını açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə də öz təsirlərini etməkdədir. Hazırda isə Ermənistan yaranmış vəziyyətin girovluğundadır. Artıq bu ölkənin baş naziri proseslərə təsir edə bilmir. Proseslər Ermənistan rəhbərliyini idarə etməkdədir. Paşinyan bir müddət öncə Azərbaycan həqiqətləri ilə özünün addımlarına bəraət qazandırmağa çalışırdı. Qarabağın Azərbaycandan kənarda mövcudluğunun qeyri-mümkünlüyü Paşinyan tərəfindən açıq şəkildə vurğulanıb. O həmçinin sələflərinin belə bir vəziyyətin yaranmasında məsuliyyətini də önə çəkib. 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün dünyaya qəbul etdirmək istədiyi həqiqətləri bu gün Paşinyan öz addımları ilə bəraət qazandırmağa çalışır.
- Yekun sülh əldə olunmasa, Cənubi Qafqazda proseslərin hansı axarda baş vermə ehtimalı var?
- Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmasa, Cənubi Qafqazda ümumi hərbi siyasi vəziyyətdə qeyri-müəyyənlik qalacaq. Bu hal isə nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab vermir. Rusiya da heç bu halın olmasında maraqlı deyil. Bu gün Azərbaycan, Türkiyə, Rusiya platforması kifayət qədər təsirlidir. Bunun özü də yekun sülh sazişinin mütləq şəkildə imzalanacağına inamı möhkəmləndirir. Azərbaycanın gücü, iradəsi də bu amili mütləq edəcək.
- Bəs Laçın və Zəngəzur dəhlizləri ilə bağlı məsələ?
- Bu iki dəhliz üzrə analogiyanın aparılması Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı vurğuladı ki, əgər Zəngəzur dəhlizində nəzarət buraxılış mənətəqələri olacaqsa, o zaman Laçın dəhlizində də eyni vəziyyət tətbiq ediləcək. Bununla ölkə başçısı bir daha xatırlatdı ki, Laçın dəhlizindəki vəziyyətə Azərbaycan nəzarət edir. Ölkəmiz bu dəhlizlə bağlı qərar vermək hüquqlarına malikdir. Əgər Azərbaycanın ərazilərindən Laçın dəhlizini keçərək ölkəmizdə yaşayan ermənilərlə Ermənistan arasında kommunikasiya təmin edilirsə, Naxçıvanla da eyni kommunikasiya kanalları olmalıdır. Burada analogiya aparmaq üçün ciddi əsaslar var. Bu baxımdan Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarın buna diqqət yetirməsi Laçın dəhlizi layihəsinin həyata keçirilməsi qarşısında hər hansı bir maneə olmayacağını bir daha təsdiq etmiş olur. Ölkə Prezidenti də bir neçə ay öncə vurğuladı ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.
- Sərhədlərlə bağlı məsələlərin müzakirəsində istinad nöqtəsi hansı prinsiplərdir?
- Azərbaycan SSRİ-nin süqutundan sonra həmin dövrün sərhədləri ilə BMT-yə üzv qəbul edilib. Dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, qəbul edib. Ona görə də bu gün Azərbaycan öz ərazisindən Ermənistana ölkəmizdə yaşayan azsaylı ermənilərlə əlaqənin saxlanmasına imkan verirsə, Ermənistan də analoji addımı atmalıdır. Bu paralelliyin aparılması məntiqi məhz buna söykənir.
- Türkiyə-Ermənistan əlaqələrinin formalaşması üçüm atılan addımların perspektivini necə görürsünüz?
- Ermənistan nəhayət reallığı görməlidir. Çünki o belə bir məcburiyyət qarşısındadır. Bu baxımdan Türkiyə də Ermənistanla əlaqələrin normallaşdırılmasında maraqlıdır. Əlaqələr üçün xüsusi nümayəndənin təyin olunması bunun göstəricisidir. 2009-ci ildə Surix protokolları imzalanmışdı. Həmin dövrdə Ermənistan-Türkiyə münasibətlərinin sanki çox yaxında normallaşacağı təəssüratı yaranmışdı. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında dünyanın kifayət qədər təsirli ölkələrinin də maraqları mövcuddur. Eyni zamanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilk növbədə bu iki ölkə arasında birbaşa kommunikasiyaların yaranmasını şərtləndirir. Ona görə də münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımlar ətrafında aparılan müzakirələrin başlanması elə kommunikasiyaların yaranmasına dəlalət edir. Belə olan halda Türkiyənin Ermənistanı destruktiv addımlardan çəkindirmək imkanları daha böyük olacaq. Çünki Türkiyə kifayət qədər siyasi, iqtisadi, hərbi gücə malikdir. Sözsüz ki, Ermənistan da bunu aydın dərk edir. Bu konteksdə münasibətlərin normallaşdırılması bütövlükdə Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə verə bilər.