Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, hazırkı mərhələdə Ankara-İrəvan arasında əlaqələrin qurulması üçün atılan addımların perspektivini necə qiymətləndirmək olar?
- İndiki mərhələdəki proseslərin 2009-cu ildəki məsələlərlə müqayisəsi doğru olmaz. 2009-cu ildə Türkiyədə fərqli bir hakimiyyət vardı. Eyni zamanda işğalçı statusunda olan Ermənistan mövcud idi. İndi bu iki hal dəyişib. Artıq yeni bir situasiyadır. Ermənistan müharibədəki məğlubiyyətindən sonra başqa alternativi olmadığı üçün Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır. Məqsəd də odur ki, ən azı Ermənistanı iqtisadi sıxıtılardan qurtarmaq mümkün olsun.
- Bu istiqamətdə Ermənistan hakimiyyətinin sona kimi iradə göstərəcəyi nə dərəcədə inandırıcıdır?
- Sözsüz ki, bu, iradə məsələsidir. Ermənistan hakimiyyəti tərəfindən də belə bir addım atılır. Erməni cəmiyyətində də buna münasibətdə kifayət qədər tərəddüdlər var. Əvvələr bu məsələyə birmənalı şəkildə mənfi münasibət bəsləyən erməni cəmiyyətinin çoxluğu indi artıq reallıq duyğusu ilə problemə yanaşmaq meylindədir. Ona görə də, bu prosesin baş tutmama ehtimalı olduqca azdır. İndiki vəziyyətdə daha açıq maraqları ortaya qoyaraq qarşılıqlı müzakirə aparmaq olar.
- Ermənistanın mövcud qanunvericiliyində, Konstitusiyasında Türkiyəyə qarşı iddialar fonunda bu müzakirələrin səmimi müstəvidə davamı da suallar yaradır...
- Bəli, Ermənistan Konstitusiyasında olan müəyyən məsələlər Türkiyə üçün narazılıq yaradan hallardır. Çünki hansısa cırdtan bir ölkə qardaş Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Amma qardaş Türkiyə bu prosesləri tədricən ortadan qaldırmağı hədəfləyib. İlkin mərhələdə münasibətlərin qurulması artıq Ermənistanın Türkiyə bazarına inteqrasiya olunması, münasibətlərin dərinləşməsi, cəmiyyət üçün də bu dəyişikliyin edilməsini bir az da məcburi hala gətirəcək. Çünki bu düşmənçilik kursundan imtina edilməlidir. Lakin hələ də, erməni cəmiyyətində xəstə “ziyalı”, “siyasətçi” qrupları var ki, onlar üçün əbədi düşmənçilik mövcuddur. Onlar da, sözsüz ki, bu düşmənçilikdən uzaqlaşmayacaqlar. Amma kütlənin böyük çoxluğu bu düşmənçiliyinin davam etməsində də maraqlı olmayacaq. Çünki indiki mərhələdə bu əlaqələrin genişlənməsi onların iqtisadi maraqlar baxımından hansısa bir şəkildə düşmən obrazı yaratmağa sövq etdirməyəcək. Bu baxımdan yeni bir situasiya yaranıb. İddiaların da ortadan qalxmasını tələb edən real bir yola Ermənistan dəvət ediləcək. İndidən bu proqnozları vermək də artıq mümkündür.
- Erməni lobbisi qardaş Türkiyəyə qarşı saxta soyqırım iddialarını tirajlamağa çalışdığı bir mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda sərbəst iştirakı nə dərəcədə gözləniləndir?
- Bu da müəyyən dərəcədə düşündürücüdür. Amma Ermənistan əvvəlki kimi bölgədə rola malik deyil. Yəni, o əvvəlki kimi geniş “imkanlara” malik bir dövlət deyil. Nə qədər açıq şəkildə himayə edilsə də, konkret yaranmış yeni reallıqda xüsusi ilə də torpaqların işğaldan azad olunması fonunda eyni siyasəti yürütmək imkanları da artıq məhduddur. Bu baxımdan Ermənistanın bu situasiyada irəliyə doğru baxmasından başqa yol qalmır. Saxta soyqırım məsələsinə də tarixi hadisə kimi münasibət formalaşacaq. Çünki bunu siyasi vasitə kimi davam etdirmək düşmənçilik deməkdir. Düşmənçiliyin də nəticələri hər halda Ermənistanın özü üçün də çox faciəvi ola bilər. Bu baxımdan saxta soyqırım siyasətində də mütləq dəyişikliklər edilməlidir. Əks halda bunu hansı bir şəkildə davam etdirmək Ermənistan üçün çox acınacaqlı nəticələr verə bilər. Ermənistan da məhz bu reallığı nəzərə almaqdadır.