Professor Qabil Hüseynli Teleqraf.com-un suallarına cavab verib.
Müsahibəni təqdim edirik:
- Qabil bəy, yanvarın 2-dən Qazaxıstanda etiraz aksiyaları başlayıb və bu, hökumətin istefası, Nursultan Nazarbayevin hakimiyyətdən getməsi, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının ölkəyə gəlməsi ilə nəticələnib. Aydındır ki, aksiya və mitinqlər olayın görünən tərəfidir, bəs arxa səhnədə nələr baş verir?
- Bəziləri iddia edir ki, Qazaxıstanda demokratiya uğrunda mübarizə aparılır, hansısa rəngli inqilabın forması həyata keçirilir. Mən bunlarla razılaşmıram. Qazaxıstanda xarici xidmət orqanlarının alətinə çevrilən müəyyən klanlar hakimiyyət uğrunda mübarizəyə başlayıb. Xarici dövlətin agentura şəbəkəsi orada möhkəm və uzun müddətdir ki, fəaliyyət göstərən qüvvələrdən ibarətdir. Alma-Ata, Aktau və digər yerlərdə aksiyalar lokal formada başladı. Bunu həyata keçirən tayfa və qəbilələrin nümayəndələri sözsüz ki, xarici dövlətin xüsusi şəbəkələşmiş qüvvələridir, onlardan hər cür maliyyə və mənəvi dəstək alırlar. Onların məqsədi bu gün inkişaf səviyyəsinə görə, post-sovet məkanında ən irəlidə olan, elə əhalinin maddi rifah halına görə də, MDB-də öndə gələn Qazaxıstanı zəiflətmək və hətta imkan olsa, onu parçalamaq kimi bəd niyyətli hədəflər güdürlər. Bu gün nifrət və qəzəbin ən çox çevrildiyi şəxs Nursultan Nazarbayevdir. Halbuki Nazarbayev Kunaevdən sonra müasir Qazaxıstanın qurucusu oldu. Qazaxıstanın ərazisinin böyüklüyü bir çoxları üçün ciddi həyacan yaradırdı. Əsas da şimal qonşusunun.
- Müşahidələr göstərir ki, orada aksiyalar sosial tələblərlə başlayıb və sonradan siyasi tələblər irəli sürülüb. Əgər etirazçıların lideri yoxdursa, bu halda sosial tələblər hansı səbəbdən siyasi tələblərə çevrilib?
- Belə görünür ki, yuxarıda qeyd etdiyim qüvvələr çoxdan bunun üçün hazırlaşırmış. Xarici ölkənin hərtərəfli dəstəyi olmadan Qazaxıstanda etirazlar bu şəkildə baş verə bilməzdi. Sadəcə olaraq sıxılmış maye qazın qiymətinin artırılması bəhanə oldu, onların xaricdəki qəyyumları “başla” siqnalını verdikdən sonra aksiyalar Alma-Ata və Aktauda başladı.
Deyərdim ki, Nursultan Nazarbayev həmin xarici dövlətin hədəfində duran əsas şəxsdir. Ölkədə rus dili əvvəllər rəsmi dövlət statusunda idi. Nazarbayev bu statusun ləğv edilməsinin əsas təşəbbüskarlarından biri oldu və bu prosesi həyata keçirdi. Ölkədə latın qrafikasına keçilməsini həyata keçirdi. Habelə uzun müddətdir ki, Nazarbayev Türk Dövlətləri Birliyinin yaradılmasının ideya carçısı olub. Onun təşəbbüsü ilə İstanbulda Türkdilli Dövlətlərin Təşkilatı yaradıldı.
- Demək istəyirsiniz ki, “Qazanı qaynadanların” əsas hədəfi Nazarbayevin real hakimiyyətini məhdudlaşdırmaq və bundan sonra əsas istəklərini həyata keçirmək olub?
- Mənim zənnimcə, bu qüvvələrin uzağagedən niyyətləri var. Qazaxıstanı zəif salmaq, parçalamaq, ölkənin qərbyönümlü xarici siyasətini önləmək, Qazaxıstanın türkdilli dövlətlərin birləşdirilməsi sahəsində təşəbbüslərini boğmaq və s. Məsələn, İstanbulda keçirilən türkdilli dövlətlərin toplantısında Türkmənistanın iştirakı Nazarbayevin təşəbbüsü əsasında baş vermişdi. Nazarbayev türk dünyasının böyük ictimai-siyasi xadimidir və xarici qüvvələr onu siyasi səhnədən çıxdaş etmək hədəfini çoxdan qoyublar, indi bunu həyata keçirirlər. Onların öz məqsədlərinə çata biləcəyinə mən inanmıram.
- Bundan sonrakı Qazaxıstan fərqli olacaq?
- Qazaxıstan ən inkişaf edən post-sovet ölkəsidir. Bu ölkədə hər il ümumdaxili məhsul 4 və ya 6 faiz artır və dinamik inkişaf yolunda irəliləyir. Qazaxıstanın geniş ərazisi, xam torpaqları, sənaye potensialı onun sürətlə inkişaf etməsinə və qabaqcıl ölkələrin siyahısına çıxmasına şərait yarada bilər. Bu ölkə maddi təminat, həyat şəraitinin səviyyəsi və sosial proqramların əhəmiyyətinə görə, Avropa standartlarına çatmaq hədəfi qoymuşdu və bunu açıq şəkildə elan etməkdən çəkinmirdi. Nazarbayev türk dövlətləri ilə yaxın əlaqə yaradan, dostluq münasibətləri quran siyasətçi, yeri gəldikdə Azərbaycanın haqq işinə siyasi-diplomatik dəstək verən şəxslərdən biri idi. Mən xatırlayıram, o zaman Ulu öndər Heydər Əliyevlə birlikdə Çinə səfər edirdik. Nazarbayevin təkidi ilə həm Pekinə gedəndə, həm də qayıdanda Alma-Atada dayanmalı olduq. Heydər Əliyevi Nazarbayev təyyarənin pilləkənində qarşıladı, onun şərəfinə böyük ziyafət verdi və hamının gözü önündə elan etdi ki, Heydər Əliyev mənim ağsaqqalımdır. Nazarbayev sonrakı dövrdə də Azərbaycanla dostluq əlaqələrini qoruyub saxladı. Bəli, Nazarbayev böyük türkçü idi. Mən demirəm ki, Qazaxıstanda korrupsiya, problemlər yox idi. Bəli, bu da var idi, amma ona qarşı real mübarizə də aparılırdı.
Hesab edirəm ki, Nazarbayev tərəfindən Qazaxıstanın möhkəm bünövrəsi qoyulub. Bu bünövrə üzərində dövləti inkişaf etdirmək lazımdır. Zənnimcə, islahatlara ehtiyac da duyulacaq. Ölkədə tayfa-klan münasibətləri qaldığı üçün yeni hökumətdə onların nümayəndələrinin təmsil olunması da rəhbər tutulacaq. Üstəlik də Qazaxıstan bundan sonra daxili və xarici siyasətdə daha ölçü siyasət aparmalı olacaq. Rusiya ilə ölçülü-biçili siyasət bunun ortasında olacaq. Qonşu ölkələrlə normal münasibətlər var və qaydasındadır. Qərbyönümlü siyasətin yürüdülməsində həssaslıq səviyyəsini qorumaq lazım gələcək. Çünki bu kimlərinsə qıcığına və acıq mənbəyinə çevrilir.
- Demək istəyirsiniz ki, Qazaxıstan siyasətinin oriyentasiya dəsyişikliyə məruz qalmayacaq?
- Ciddi dəyişiklik olmayacaq. Mümkündür ki, rus dilinin statusuna yenidən baxıla bilər, qərbyönümlü siyasət çərçivəsində elan olunurdu ki, NATO-nun bazaları Qazaxıstanda da yaradıla bilər. Bunu şəxsən Nazarbayev elan etmişdi. Məncə, indi əks bəyanatların verilməsi düşərli sayılardı. Həmçinin qərbyönümlü siyasət məsələsində maksimum ehtiyatlı olmaq lazım gələcək. Açıq etiraf etmək lazımdır ki, ölkənin şimalından qeyri-rəsmi olaraq Qazaxıstana ərazi iddiaları irəli sürülürdü. Məncə, qazax xalqı içərisində də ciddi siyasi iş aparmaq, onları ayıltmaq lazımdır. Xüsusilə, müəyyən tayfa-qəbilə nümayəndələrini. Çünki hədəfdə həm də Qazaxıstanın ərazi bütövlüyü məsələsi var.
- Sizcə, Qazaxıstan tam olaraq Rusiyanın nəzarətinə keçəcəkmi?
- Mən tam keçəcəyini gözləmirəm. Belarus slavyan xalqları çərçivəsində və üstəlik pressinqlər sayəsində buna getməli oldu. Qazaxıstan Rusiya ilə ölçülü-biçili siyasət aparıb, Avrasiya əslində Nazarbayevin ideyası idi. Əslində Qazaxıstan heç zaman birdən-birə Rusiyanın orbitindən çıxmağı planlaşdırmayan ölkə olub. Bu ənənəvi siyasətini də davam etdiriləcək. Qazaxıstanın parçalanması və ya yarım süveren asılı vəziyyətə çevrilməsi asan olmayacaq. Şəxsən mən, bunu gözləmirəm.
- Nazarbayevin taleyi necə olacaq?
- Əlbəttə, “qaza” gətirilən kütlənin çox tələbləri ola bilər. Amma Nazarbayev bu ölkənin ilk qurucusu və prezidentidir. İnanmıram ki, Nazarbayevə qarşı xoşagəlməz iddialar səsləndirilsin. Nazarbeyev hakimiyyətdən uzaqlaşdırıldı və Qazaxıstan siyasətinə təsiri minimuma endirildi. Məncə, bununla da qazax xalqı sakitləşməlidir. Bəli, kənardan müxtəlif təlqinlər ola bilər. Onun məhkəməyə cəlb edilməsi və s. Belə tələblər ortaya çıxarsa, bunlar rədd ediləcək. Hazırda qaraguruhun çıxışı və kütlə etirazları səngimək üzrədir. Tezliklə hər şey yoluna qoyulacaq. Ancaq etiraf etmək lazımdır ki, bu istiqamətdə tədbirləri çox ustalıqla hazırlayıblar. Xüsusi gənclərdən ibarət qara kütlə üç gündür ki, ayaqüstə durursa və tələblər irəli sürülürsə, bunun hansısa mərkəzlərdən idarə olunduğunu demək lazımdır. Qazaxıstana qarşı olan hər hansı təcavüz Türk dünyasına, Orta Asiyaya yönələn təhdiddir. Məncə, hazırda Türkiyə tərəfi Qazaxıstan dövlətindəki ayaqlanmanın sakitləşməsi üçün işləyir. Hər halda türk dövlətləri də türk dünyasının ən avanqard dövlətlərindən olan Qazaxıstanın zəifləməsi və yaxud tutduğu əsas siyasi xətdən uzaqlaşdırılmasına imkan verilməməlidir.