Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlaması ilə çarəsiz durumda qaldığını bir daha büruzə verdi. Çünki hazırda Ermənistanda çox ciddi problemlər var. Ermənistan rəhbərliyi bu faktları etiraf etmək istəməsə də, problemlər günü-gündən artır. Bu baxımdan erməni baş nazirin Qarabağla və orada yaşayan erməni əsilli vətəndaşların taleyi ilə bağlı Azərbaycan Konstitusiyasına uyğun qərar verilə biləcəyini açıqlamasına diqqət yetirilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, hazırda Qarabağda yaşayan erməni əsilli vətəndaşlar Azərbaycan qanunlarına uyğun yaşaya bilər: “Çünki ərazi Azərbaycana məxsusdur. Məhz bu baxımdan da orada yaşayan erməni əsilli vətəndaşlar Azərbaycan ərazisində yaşadıqlarına görə, bizim ölkənin də Konstitusiyası ilə müəyyənləşmiş hüquqları qəbul etməlidir. Bundan sonra ölkəmizdə yaşayan digər azsaylı xalqların təmsilçiləri kimi yaşamaq, fəaliyyət göstərmək hüququ əldə etmək olar. Bunun əksinə olan heç bir hal qəbul olunmayacaq”.
Millət vəkili hazırkı Ermənistan hakimiyyətinin erməni lobbisinin təsirləri ilə atdığı addımlara da münasibət bildirib: “Bu bir faktdır ki, həm erməni lobbisi, həm də hərbi canilər olan Köçəryan və Sərkisyan itirdikləri ilə barışmaq istəmir. Amma güclü Azərbaycan ordusu və siyasi iradəsi qarşısında artıq bu cür yanaşmalar heç bir əhəmiyyət kəsb etmir. Eyni zamanda bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi qəbul edib. 1993-cü ildə Azərbaycan BMT-yə məhz bu ərazi bütövlüyü prinsipi ilə qəbul edilib. BMT Təhlükəsilik Şurasının bununla bağlı mühüm qərarı var. Ona görə də, II Qarabağ müharibəsi Azrəabaycan öz pozulmuş ərazi bütövlüyünü təmin etdi”.
Eldar Quliyevə görə, bu gün Cənubi Qafqazda Azərbaycanın tarixi qələbəsi fonunda yeni bir reallıq yaranıb: “Bu reallıq bölgədə sülhə, əməkdaşlığa zəmin yaradır. Ona görə də, Ermənistan iki mühüm qonşusu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır. Çünki bundan başqa indiki şəraitdə Ermənistan üçün başqa çıxış yolu yoxdur”.