2022-ci ildə də milli maraqların təmin olunması, bütün işğaldan azad olunmuş ərazilərin bərpası üçün mühüm proqramlar mövcuddur. Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurd yuvalarına qayıtması, regionda sülh və əməkdaşlıq platformasını genişləndirmək Azərbaycan üçün əsas prirotetdir. Ermənistanla sülh müqaviləsinin imzalanması da gözləntilərdən biridir. Lakin bu məsələdə təbii ki, Ermənistan öz mövqeyini konkretləşdirməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun fikrincə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciətində də qeyd etdi ki, Ermənistan özünü qonşu kimi aparmalı, sülh prosesinə töhfə verməlidir. “Dövlət başçısı vuruğuladı: “Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda, İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər”. Ona görə də, aydın olur ki,noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir. Bakı bu görüşlərdə əldə edilmiş razılaşmaların 2022-ci ildə real həyatda öz əksini tapacağına ümid edir. Ermənistanın prosesə töhfə verməsinə mane olan heç bir ciddi səbəb yoxdur. Burada yalnız rassional yanaşma tələb olunur. Təbii ki, beynəlxalq miqyasda da Ermənistana təsirlər olmalıdır. Çünki kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi, sərhədlərin delimitasiya və demarkasiyası bütövlükdə bölgənin rihafına xidmət edir”.
Millət vəkilinə görə, 2022-ci ildə Azərbaycan üçün ən vacib məqamlardan biri də təbii ki, azad olunmuş torpaqların bərpasının davam etdirilməsidir: “Ötən il də geniş bərpa-quruculuq işləri aparıldı. Əslində Azərbaycan bu sahədə də uğurlu təcrübə ortaya qoyur. Belə ki, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə bərpa işləri aparılmayıb. Ermənistanın mina xəritələri ilə bağlı məsuliyyətsiz və qərəzli mövqeyi bu prosesi ləngidir. Bununla belə, Azərbaycan öz maliyyə imkanları hesabına həm bərpa, həm də minatəmizləmə işlərini aparır”.
Könül Nurullayeva hesab edir ki, II Qarabağ savaşından sonra qazandığımız diplomatik uğurların bu il və qarşıdakı illərdə davam etdirilməsi üçün yaxşı imkanlar mövcuddur: “Biz bu imkanları dəyərləndirməklə həm bölgədə, həm də beynəlxalq miqyasda mövqelərimizi möhkəmləndirmiş oluruq. Bununla paralel olaraq, Azərbaycan hərbi gücünü bundan sonra da artıracaq. Ötən il artıq ölkəmizdə yeni hərbi birləşmə - Komando Qüvvələri yaradılıb. Bu, bizim üçün olduqca vacibdir. Çünki ötən il sərhəddə çoxsaylı insidentlər baş verdi. Baş verənlər bir daha göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əlində saxlayır. 2022-ci ildə də hərbi nöqteyi-nəzərdən mövqelərimizin möhkəmləndirilməsi prosesi davam etdiriləcək. Yeni yaradılan Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdır. Bu baxımdan 2022-ci ildə əsas gözləntilər bölgədə sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində prosesin sürətlənməsi ilə bağlıdır. Azərbaycan isə bu prosesin əsas hərəkətverici qüvvəsidir”.