Azərbaycan istər Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonrakı dövrdə bölgədə daimi sülhün olması üçün mühüm səylər göstərib. II Qarabağ müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Cənubi Qafqazda sülhə, təhlükəsizliyə real təhlükə aradan qalxıb. Artıq “Qarabağ münaqişəsi” termini mövcud deyil. Azərbaycanın haqlı mübarizəsi və əldə edilən tarixi qələbə fonunda yeni situasiya formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun fikrincə, 2021-ci ildə Azərbaycanla Ermənistan arasında bir sıra məsələlərdə əldə edilən nəticələr var: “Bu razılaşmalara sona qədər sadiqlik sülhü, təhlükəsizliyi təmin edə bilər. Əsas şərt tərəflərin bu prinsiplərə sadiqliyi və öhdəlikləri icra etməsidir. Azərbaycan tərəfi istər 10 noyabr 2020-ci il üçtərəfli bəyanata, istərsə də ondan sonra keçirilən üç mühüm görüşdə əldə edilən razılaşmalara hər zaman riayət edib”.
Millət vəkili hesab edir ki, ötən ilin sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın “status” və orada yaşayan erməni əsilli insanların taleyi ilə bağlı Azərbaycan Konstitusiyasına uyğun qərarların verilməsinin mümkünlüyünü dilə gətirməsi reallıqdan yaranan etiraf idi: “Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda Qarabağla bir ərazi vahidi kimi daxil olub. Dünyada ən güclü təsiredici gücə malik olan BMT Təhülükəsizlik Şurası Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb”.
Ceyhun Məmmədova görə, sadəcə olaraq 30 ilə yaxın mövcud olan işğal faktı və onlara olan bir sıra dəstək fonunda ermənilər ədalətin bərpa ediləcəyinə inamırdılar: “2020-ci ildəki 44 günlük müharibə və onun yaratdığı tarixi reallıq fonunda Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Məhz bu tarixi gerçəklik qarşı tərəfi məcbur edir ki, o Azərbaycanın şərtlərinə riayət etsin. Müharibənin qalibi və tarixi ədaləti bərpa edən Azərbaycan olduğu üçün proseslər də ölkəmizin diqtəsi fonunda gedir”.