10 Yanvar 2022 19:14
2 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk Dövlətləri Təşkilatı yaranıbsa, onun hərbi bazasını da yaratmaq lazımdır, bunu gecikdirmək olmaz”

Teleqraf.com Qazaxıstanda yaşanan olaylarla bağlı Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovla söhbətləşib.

Onunla müsahibəni təqdim edirik:

- Vahid müəllim, Qazaxıstanda baş verən hadisələr indi dünyanın hər yerində ciddi müzakirə mövzusuna çevrilib. Siz, yaşananları necə qiymətləndirirsiniz?

- Əvvəla qazax xalqı bizə daima yaxın olub. 1990-cı ilin 20 yanvarında Oljas Süleymanov bizi açıq müdafiə edib. Faktiki Qazaxıstanda baş verənlər 20 yanvarın təkrarlanmasıdır. Məni düşündürən odur ki, niyə Qaqzaxıstan Prezidenti Tokayev Rusiya liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) hərbçilərini ölkəyə dəvət edib. Əsas məsələ budur. Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu quruma müraciət edə və türk dövlətləri də toplaşıb Qazaxıstana köməklik göstərə bilərdi. Amma niyə Rusiyanı dəvət etdi? Ümumiyyətlə ölkədə mitinq varsa, insanlar küçələrə çıxıbsa, niyə kənardan müdaxilə olmalıdır? Sən millətini niyə qırırsan, onu qırmaq üçün xarici qüvvələri ölkəyə çağırmısan da. Hesab edirəm ki, Tokayev bu prosesdə ciddi səhvə yol verib, ümumiyyətlə belə addım atmamalı, çalışmalıyıdı ki, danışıqlar yolu ilə xalqı və milləti ilə problemi yoluna qoysun. İndi deyirlər ki, terrorçular belə gəldi, elə getdi...

- Bu da əslində maraqlı məqamdır. Qazaxıstan rəhbərliyi məhz terrorçu və qanunsuz silahlı dəstələri əsas gətirərək KTMT-yə müraciət etdiyini ifadə edir...

- Bu terrorçular, qanunsuz silahlı adamlar elə bir gündə gəlib Qazaxıstanda yerləşdi? Bəs bu terrorçuların gəlməsi, yerləşməsi, silah-sursat əldə etməsi üçün günlərlə vaxt lazım deyilmi? Bu, birdən-birə haradan ortaya çıxdı? Fikrimcə, bunların hamısı hadisələrə don geyindirməkdir.

- Sizcə, bu prosesdə əsas məqsəd, son hədəf nə olub?

- Hesab edirəm ki, əsas məqsəd Qazaxıstana Rusiya ordusunun girməsi idi. Qənaətimcə, Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının toplantısında müəyyən peroblemlər yaşanıb. Hansısa məsələlərlə bağlı qapılar arxasında müzakirə gedib. Mümkündür ki, orada Nazarbayev, Tokayev və Putin arasında müəyyən fikir ayrılıqları olub və nəticədə indiki vəziyyət yaranıb.

Nazarbayev görkəmli dövlət xadimidir, daima Azərbaycanın haqq işini müdafiə edib, Azərbaycan-Ermənistan münasibətlərində daima erməniləri doğru yola dəvət edib, tənqid edib və s. Yəni bizi müdafiə edib. Həm də Nazarbayev dünənki rəhbər deyil axı, uzun illər işləmiş nüfuzlu və təcrübəli fiqurdur. Ola bilər ki, onu prosesdən kənarlaşdırıblar, dəqiq deyə bilmərəm. Fikrimcə, zamanla bu məsələlərin hamısı açılacaq. Sadəcə Prezident Tokayevin ölkəyə əcnəbi ordu dəvət etməsini anlaya və bunu qəbul edə bilmirəm. Bu xəyanətdir. Mən hesab edirəm ki, qazax xalqı bunun cavabını verəcək, sadəcə geci-tezi var.

- Belə proqnozlar irəli sürülür ki, Qazaxıstanda baş verən bu hadisələr onun qonşusu olan Qırğızıstanda, Özbəkistanda və digərlərində yaşana bilər. Ehtimallarınız nədir?

- Mən bunu gözləmirəm və inanmıram. Düşünürəm ki, ABŞ, Avropa Birliyi və digər qurumlar bu məsələyə dair ortaya mövqe qoyacaqlar. Eyni zamanda bu hadisələrin araşdırılması gedəcək. Tokayevin məhz niyə Qazaxıstana rusları dəvət etməsi məsələsi yəqin ki, çoxları tərəfindən araşdırılacaq.

İkincisi də, hər bir dövlət öz müstəqilliyini qorumalıdır. Daha doğrusu hər bir millət müstəqilliyini müdafiə etməli, qorumalıdır. Müstəqillik uğrunda mübarizə aparmaq lazımdır. Yox, əgər sən kənar qüvvəni dəvət edib, deyirsən ki, gəl, müstəqilliyimi sizə verirəm, bu artıq başqa söhbətdir. İndi baxaq, görək ki, rus ordusu qısa müddətdə ordan çıxacaq, yoxsa qalacaq. Bu da vacib və düşünüləsi məsələdir. Bu gün Prezident Putin elan etdi ki, Prezident Tokayev nə zaman desə, Qazaxıstandan çıxacaqlar. Mən ehtimal edirəm ki, ruslar uzun müddət orada qala bilməz. Orta Asiya ölkələrində belə halın yaşanmasını görmürəm.

Yeri gəlmişkən, Azərbaycan üçün də belə bir təhlükə gözləmirəm. Nəzərə almaq lazımdır ki, dövlət başçısı kifayət qədər cəsur insandır, siyasi liderdir, təcrübəlidir və Azərbaycan müstəqilliyini ön plana çıxaran və onu möhkəmləndirən şəxsiyyətdir. Üstəlik xalqımızla dövlətimiz həmrəydir. Daxilimizdə problemlər olanda da, çalışır ki, bunu daxildə özümüz həll edək. Mən Azərbaycanın müstəqilliyinin əbədi olmasının tərəfdarıyam. Bunun uğrunda da mübarizə aparacağam və millətimizi də buna çağırıram. Azərbaycan dövlət başçısı da müstəqilliyimizi son ana qədər qoruyacaq. Gənclərimiz də artıq yetişib, hamısı müstəqilliyimizi istəyən və qorumağa hazırdırlar. Biz 44 günlük müharibədə bunun şahidi olduq. Siyasi partiyalar, xalqımız dövlət başçısı ilə həmrəydir. Odur ki, problem gözləmirəm. Əlbəttə, Qazaxıstanda bu olaylardan öncə, “beşinci kolon”un fəallığı olub. Hesab edirəm ki, bizdə də əgər belə “kolon” varsa, onlarla əlaqədar ölçü götürülməlidir. Bu zaman kimin harada işlədiyi və işləmədiyi əhəmiyyət kəsb edə bilməz. Ancaq digər dövlətlər də oturub özünü düşünməlidir.

Həmçinin Türk Dövlətləri Təşkilatı yaranıbsa, onun hərbi bazasını da yaratmaq lazımdır. Məncə, bunu gecikdirmək olmaz. Niyə Rusiya KTMT yarada bilir, türk dövlətləri yara bilmir? Məncə, yaratmalıdır.

- Bəzən Qazaxıstandakı proseslər fonunda Türk Dövlətləri Təşkilatını anında reaksiya verməməsinə görə tənqid edirlər, fəaliyyətsizlik məsələsini qabardırlar. Sizcə, niyə bu qurum Qazaxıstandakı hadisələr məsələsində öncədən səbrli davranışı ilə seçildi, bu, ehtiyatlılıqdanmı doğurdu?

- Qazaxıstan prezidenti götürüb Rusiyaya müraciət edirsə, Türk Dövlətlər Təşkilatı nə edə bilər? Axı Tokayev Türkiyəyə deyil, o tərəfə müraciət edib. Bu halda Türk Dövlətlər Təşkilatı özündən ora silahlı qüvvə göndərə bilməz. Qayda-qanun var, bunun üçün müraciət edilməlidir. Üstəlik də müraciətin də əsası olmalıdır. Əgər sənə kənar dövlətdən hər hansı bir müdaxilə varsa, üzərinə gəlirlərsə, bu halda anlaşılandır. Amma sənin daxilində hansısa problem yaranıbsa, bunu özün həll etməlisən. Sən niyə əcnəbi ordu çağırırsan?

- Demək istəyirsiniz ki, Qazaxıstandakı hadisələr süni şəkildə yaradılıb?

- Bəli, mən belə başa düşürəm. Çünki qazax xaqlqı kifayət qədər vuruşan, öz dövlətini və müstəqilliyini sevən xalqdır. Əlbəttə, mən istəyirəm ki, gərginlik, qarşıdurma, insan itkisi olmasın. Amma məncə, qazax xalqı öz süverenliyini və müstəqilliyini heç kimə vermək haqqında fikirləşmir.

- Bəzən iddi edirlər ki, bütün bu oyunlar arxasında SSRİ-yə bənzər hansısa dövlətlər ittifaqını qurmaq niyyətləri dayanır. Sizcə, belə iddialar nə dərəcədə əsaslı ola bilər?

-Bu, Rusiyanın arzusudur. Müəyyən siyasətçilər, deputatlar, eləcə də Jirinovski tərəfindən səsləndirilib. Amma bu mümkün olan şey deyil. Dünyada buna razı ola bilməz.

İkincisi, hər bir müstəqil dövlət özünün siyasətini aparmalı, öz ordusunu qurmalı, dost və düşmənini tanımalıdır. Azərbaycan niyə Türkiyə ilə müttəfiqlik, dostluq qurub? Çünki dost, qardaş ölkədir, Heç vaxt bizi arxadan vuran deyil. Odur ki, Orta Asiya ölkələri də düşünməlidir. Qazaxıstan özü kifayət qədər güclüdür, ərazisi böyükdür, təbi minerallarla zəngindir. Uranı, nefti, qazı var. Amma bu hadisə nədən birdən-birə baş verdi? Mən ehtimal edirəm ki, bu planlaşdırılan missiya idi. Ola bilsin ki, bununla həm də digər respublikalar qorxudurlar ki, onlarda da belə hal baş verə bilər, bir yerdə olsaq daha yaxşı ola bilər və s. Amma müstəqillik tam başqa məvhumdur. Müstəqillik, xalqın öz simasıdır. Birdə məni narahat edən məqam odur ki, bəyəm Qazaxıstanda ziyalılar yoxdur? Onlar hanı, sanki gizləniblər. Oxuduğum odur ki, ağsaqqallar toplanıb prezidenti tənqid ediblər, xüsusilə, onun xarici ordunu ölkəyə çağırmasına barışmaz münasibət bildiriblər. Məncə də, düz ediblər.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər