“Şuşalılardan xatirə” başlıqlı layihəmizdə ikinci yazı Azərbaycan Cümhuriyyətinin işğalından sonra Türkiyəyə mühacirətə gedən və ömrünü orada başa vuran dövrün ziyalılarından Hüseyn bəy Mirzəcamalbəyov haqqındadır.
Türkiyədə Hüseyn Camal Yanar kimi tanınan bu şəxs haqqında Ədalət Tahirzadə, Vilayət Quliyev, Ömər Özcan kimi alimlər geniş bilgi veriblər. Özəlliklə Ə.Tahirzadə Moskva arxivlərində çalışaraq onun tələbəlik dövrünə aid sənədlərini və öz əl yazısı ilə yazdığı tərcümeyi-halını aşkara çıxarıb. Biz isə onun İstanbulda Qaraca Əhməddəki məzarını ziyarət etmiş, bu barədə ictimaiyyətə məlumat çatdırmışdıq. Bu dəfəki yazımızda isə özünü mühacirlər arasında “bağımsız” (müstəqil) və “bağımsız dayı” kimi təqdim edən Hüseyn bəyin dərgilərdə yer almış iki məktubundan bəhs edəcəyik. O, eyni zamanda mühacirlər arasında “Hüsü dayı”, “Azəri dayı” ləqəbləri ilə də tanınıb.
Hüseyn bəy 18 fevral 1890-cı ildə Şuşada doğulub. Əvvəlcə Şuşada təhsil alıb, ardınca Bakıya gedərək 1906-1909-cu illərdə buradakı edadi məktəbdə oxuyub. 1910-cu ildə Aleksey Don Politexnik İnstitutuna daxil olub, lakin oranı tamamlamayıb. Bir müddət İran, Türkiyə, Almaniya kimi ölkələrdə səyahətdə olub. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun iqtisad bölməsinə qəbul olunub, lakin 1915-ci ildə buradan da ayrılıb.
Cümhuriyyət illərində Hüseyn bəy Azərbaycan Parlamentinin Qanun layihələri şöbəsinin müdiri olub. 1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalzadənin təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Muzey 1919-cu il dekabrın 7-də AC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib.
Cümhuriyyətin işğalından sonra Hüseyn bəy qısa müddət pedaqoji fəaliyyətlə məşğul olsa da, 1921-ci ilin sonunda bacısı Xeyransa xanımı və onun övladlarını da götürərək Türkiyəyə gedib. Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlanənin tədqiqatı ilə məşğul olub. Eyni zamanda, siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib. Mühacirətdə çap olunan “Azərbaycan” jurnalında onun “Analara ithaf”, “Yuxusuz bir gecənin məhsulu”, “Söyləmə belə”, “Həyat çeşməsi”, “Neylərəm” kimi şeirləri dərc edilib. Qeyd edək ki, o, Azərbaycanda ikən ədəbiyyat, teatr sahələrində mühüm xidmətlər göstərib.
Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaraca Əhməd qəbiristanlığında dəfn olunub. Onun bacısı qızları Dilşad və Sürəyya Talıbxanbəylilər Türkiyədə elmi nailiyyətlər qazanıblar. Digər bacı Qəmər Talıbxanbəyli isə Amerikada incəsənət üzrə tanınmış şəxs olub.
Yanarın vəfatı münasibətilə müasiri Əbdülvahab Yurdsevər geniş məqalə dərc edib.
***
Qeyd etdik ki, Hüseyn bəy mühacirətdaxili qalmaqallardan uzaq bir həyat yaşayıb, fərqli baxışları olan liderləri daim birliyə səsləyib. Azərbaycan Milli Birliyinin Münxendə çap etdiyi “Azerbaycan” dərgisinin 1952-ci ildə çap olunan 6-7-ci qoşasayında “Bitərəf azərinin səsi” başlıqlı yazı dərc olunub. Yazıda Hüseyn Camal Yanarın İstanbuldan göndərdiyi 20 oktyabr 1952-ci il tarixli məktubu yer alıb. Camalın mühacirətdəki mövqeyi baxımından bu məktub olduqca önəmlidir.
Birinci məktub
“Bitərəf bir azərinin səsi.
Möhtərəm vətəndaşlarım,
Bu günə qədər bitərəf qalaraq bir çox səbəblərdən dolayı Vətən məsələlərində iştirak etməsəm də, əziz yurdumuz Azərbaycanın sevgi və ağrılarını bağrımda hifz etdim. Yurdumun qurtuluşu uğrunda çox ağır şərtlər daxilində fəraqətlə çalışmış və çalışan vətəndaşlarımı da təqdir etməkdən bir an ayrılmadım.
Günün siyasi olayları birlikdə göndərdiyim qəlbimin səsi olan bu kiçik yazıma səbəb olmuşdur.
Bu kiçik və naciz yazımın Azərbaycan üçün çıxarılan dərgilərdə yazılması diləyimdir.
“Azərbaycan” yazı heyətinə.
Zülm və haqsızlıq istilasına məruz qalmış, istiqlalını qeyb etmiş olan əziz yurdumuz Azərbaycanın qurtuluşu uğrunda bu günə qədər çalışmış olan və çalışanları təqdir etməmək insafdan uzaqdır. “Çalışmayan yanılmaz” atalar sözünün məfhumunca yüzdə üç-beş yanlış etməyin hər çalışanın təbii haqqı olduğunu inkar etmək də doğru deyildir. Edilən yanlışlıqlara diqqət edərək gələcəkdə onları təkrarlamamaq hər çalışanın göz önündə tutması lazım gələn bir həqiqətdir.
“Eybi görən, qeybi görməz” demişlər!
Yanlışlıqları görərək onları şəxsi qərəzə görə bir vasitə olaraq istifadə etmək də mərdlərə və kamil insanlara yaraşmaz. Harada və hansı işdə olursa-olsun, yanlışı edənin şəxsən özünə müraciətlə yanlışlıqları göstərilərək islahını istəmək ən doğru və faydalı bir yoldur.
Azərbaycanın qurtuluş və istiqlalı üçün çalışmış və çalışanlar arasında xoş niyyətli, ideallarına sadiq və fədakarlıqları ilə tanınmış olanlar az deyildir. Hər yerdə, hər zaman olduğu kimi çalışanlar arasına fəna niyyətlə, fəna fitrətli əməkdaşlar da qarışa bilər, fəqət sağlam bünyəli təşəkkül belələrini həzm edə bilməz və içərisindən atar.
Azərbaycanın qurtuluşu üçün edilən mücadilə və mücahədələr indiyə qədər bir çox dönəmlər keçirmişdir. Bundan bəhs etməyəcəyəm. Ancaq bugünkü dünya vəziyyəti mücadilə yolunda yürüyənlərə yeni-yeni sahələr açmaqda və hərəkət tərzlərini dəyişdirməyə məcbur etməkdədir. Unudulmamalıdır ki, yollar, vasitələr başqa olsa da, varılmaq istənilən mənzil eynidir. Bu surətlə qurtuluş mücadiləsinin də şəklini dəyişdirmək zamanı gəlmiş, bəlkə də keçmişdir. “Gec olsun, güc olmasın” deyərlər. Dağınıq qüvvətlə, lüzumsuz tənqidlərlə boşuna vaxt xərcləməklə bu böyük mücadiləni başarmaq qabil deyildir.
Dünya iki böyük cəbhəyə ayrılaraq iri addımlarla ölüm-dirim mücadiləsinə hazırlanmaqdadır. Azərbaycanın qurtuluşu da bu mücadilənin bir yarpağıdır. Bu mücadiləyə haqqı ilə layiq ola bilmək üçün çalışanlarımız hərəkətlərinə çox diqqət etməlidirlər. “Nə etməli?” deyə bir sual qarşısında qalan tərəfsiz bir vətəndaş sifətiylə ilk fikrimə gələn budur: Partiya və zümrələrin üstündə bir Azərbaycan İstiqlal və Qurtuluş Mücadiləsi heyətinə bu gün hər zamandan daha çox ehtiyac var. Yalnız belə bir təşəkkül dünya demokratiya cəbhəsi ilə işbirliyi edər və dünya ilə birlikdə də arzusuna nail ola bilər.
Parol: “Hamımız birimiz üçün, birimiz də hamımız üçün” olmalıdır.
Hüseyn Camal Yanar
20-10-1952
İstanbul”
Mühacirətdə qısa müddət siyasi proseslərin içərisində olduqdan sonra aktiv mücadilədə olmayan Hüseyn bəyi belə birləşdirici məktubu yazmağa nə vadar etmişdi? Hətta birləşmənin hansı şəkildə olacağına dair də düşüncələrini qeyd etməyə niyə məcbur olmuşdu?
II Dünya müharibəsindən sonra Azərbaycan siyasi mühacirəti daxilində növbəti parçalanma yaşandı. Buna səbəb müharibədən sonra Əbdürrəhman Fətəlibəylinin timsalında gənc bir liderin ortaya çıxması idi. Nəticədə Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamzadə və bir sıra legionerlər bu yeni cəbhədə yer aldılar. Rəsulzadənin Müsavat partiyası və Milli Mərkəzinin qarşısında artıq Azərbaycan Milli Birlik Məclisi kimi təşkilat dayanırdı.
Rəsulzadənin Fətəlibəyliyə qarşı yaranan mənfi münasibətinin səbəbi Azərbaycan Milli Birlik Məclisinin Visbaden Bəyannaməsini imzalamasıdır. 1951-ci ilin 2-8 noyabrında baş tutan Visbaden konfransının yekununda hazırlanan deklarasiyanı Azərbaycan adına Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamzadə, İsmayıl Əkbər imzalayıblar. Visbaden anlaşmasına müxalifətdə dayanan siyasi mühacirət ilk növbədə milli mübarizələrin “Rusiyanın iç işi” elan olunmasına etiraz edib. Belə ki, bu anlaşmada qeyri-ruslara Rusiya milləti kimi baxılır, “antibolşevik cəbhə”nin formalaşdırılmasında 1917-ci il fevral inqilabına qədərki Rusiyanın sərhədləri və siyasi-inzibati qurumu əsas götürülür. Bu isə 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyətinin yox sayılması deməkdi. Bu baxımdan mühacirlərdən Məhəmmədəmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Əhməd Cəfəroğlu, Səlim Ağasıbəyli, Fuad Əmircan, Süleyman Təkinər kimi şəxslər Visbadenə imza atılmasını sərt şəkildə tənqid ediblər. 1951-ci il dekabrın 5-də İstanbulda Azərbaycan Cümhuriyyətinin əks-inqilabla mübarizə təşkilatının sədri olmuş Nağı bəy Şeyxzamanlının başçılığı və Xəlil Boyunun katibliyində toplanan İstanbuldakı mühacir azərbaycanlılar Azərbaycan Milli Birlik Məclisi adına Visbaden Bəyannaməsinə imza atan Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamzadə və İsmayıl Əkbərin hərəkəti müzakirə edilib, hadisə sərt şəkildə qınanılıb. Yenə eyni tarixlərdə Məhəmmədəmin Rəsulzadə, Məhəmmədəli Rəsuloğlu, Məhəmmədsadıq Aran – yəni Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvləri bir məktubla Visbadenə imza atanları qınayıblar. Ceyhun bəy Hacıbəyli və Əkbər ağa Şeyxülislamzadə kimi Cümhuriyyətin simaları olan şəxslərin addımının heyrət doğurduğu ifadə edilib. 1951-ci il noyabrın 20-də isə Müsavat Partiyası eyni məzmunlu bəyanat verib.
Rəsulzadə və ətrafındakıların iddialarına qarşı Parisdə çap olunan “Azerbaycan” dərgisinin 1952-ci ilin mayında çap olunan ikinci sayında Ceyhun Hacıbəylinin, Cahangir Kazımbəyin, İsmayıl Əkbərin, Rza Tağının, Əziz Alpoudun cavab yazıları təqdim olunub, Müsavat partiyasının mövcud olmadığı bildirilib, Rəsulzadə əleyhinə fikirlər qeyd olunub. C.Kazımbəy “Bir daha Visbaden konfransı” adlı məqaləsində yazıb: “Visbaden konfransında iştirak etmiş vətənsevər şəxsiyyətlərin niyyətləri yurdlarını və millətlərini düşməndən qurtarmaqdır. Bu yolda isə onları mühacirlərin əksəriyyəti dəstəkləməktədir. Ona görə də onları xəyanətdə ittiham etməyə kimsənin haqqı yoxdur”.
Digər tərəfdən Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinə alternativ olaraq Azərbaycan Milliyyətçilər Dərnəyinin 1952-ci ildə təsis edilməsi bu qarşıdurmanı daha da alovlandırıb.
Mühacirət daxilində sərt şəkildə davam edən bu qarşıdurma özünü bitərəf elan edən Hüseyn Camalın bu məktubu yazmasına səbəb olub. Bu cür ortamda barışdırıcı mövqenin sərgiləməsi Yanarın Azərbaycana və onun qurtuluşuna olan böyük sevgisini göstərir.
İkinci məktub
Hüseyn bəyin ikinci məktubu da birləşdirici məktubdur. O, daha çox Azərbaycan Kültür Dərnəyi və onun orqanı olan “Azerbaycan” jurnalı ilə əlaqədə olsa da, alternativ dərnəyin və onun orqanı “Türk izi” jurnalının təsis edilməsinə də sevinib və hətta maddi dəstək verib. Jurnalın 1953-cü ildə çap olunan 7-ci sayında onun jurnalın təsisçisinə ünvanlanmış qısa məktubu dərc olunub:
“Qiymətli vətəndaş Çingiz bəy!
Ankarada ikən təsadüfən dərnəyimizin qurucularından Səfvət bəylə görüşdüm. Naşiri-əfkarınız olan “Türk izi”nin bir neçə nömrəsini mənə verdi.
İçindəki iman və səmimiyyət dolu yazıları sevinclə oxudum.
Xüsusən, dərginizin “öz yağında” qovrulması məni həm sevindirdi, həm də duyğulandırdı. Cənabi-Haqq sizləri “yad yağ”lara və “dəstək”lərə möhtac etməsin. (Poçta adınıza on lirə verdim)
Məhdud olan maddi imkanımdan ayıraraq göndərdiyim bu damlanı da “bağımsız Dayı”dan qəbul etməyinizi rica edir, hamınıza təkrar Cənabi-Haqdan səhhət, müvəffəqiyyət və səadət diləyirəm.
Dayınız Hüseyn Camal Yanar”.
Camalın bu məktubunda qeyd etdiyi Səfvət bəy Həsən bəy Zərdabinin oğludur. O, mühacirətdə Rəsulzadəyə əks qanadda yer alıb, “Mücahid”, “Türk izi” dərgilərində çalışıb.
Göründüyü kimi, Yanar bu məktubunda da öz müstəqilliyini qoruyub.