13 Yanvar 2022 18:14
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Kəlbəcər istiqamətində erməni təxribatının ardıcıl xarakter alması nədən qaynaqlanır?

- Bu, Ermənistan tərəfindən bizə qarşı növbəti bir təxribatdır. Ona görə də, bundan sonra baş verəcək bütün hadisələrdə siyasi, hərbi məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. İki dövlət sərhədində yenidən bu cür hərbi təxribatlar ilk dəfə olan bir hal da deyil. Erməni tərəfi dəfələrə belə hərbi təxribatlar törədib. Bu cür avantüralarını təəssüf ki, yenə də davam etdirir. Görünür, onlar növbəti dəfə sərt cəza tədbirlərinin olmasını arzulayır. Amma bütün bu təxribatlara qarşı Azərbaycan tərəfindən daha sərt şəkildə cavab verilib. Bundan sonra da bu belə olacaq. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatları var. Hazırda bütün sərhəd xətti boyu vəziyyətə Azərbaycan ordusu tam nəzarət edir. Bundan sonra Ermənistan tərəfindən ediləcək bütün təxribatlara on qat artıq cavab veriləcək. Ermənistan tərəfinin ağlı başına gələnə kimi onunla ancaq bu cür davranmaq lazımdır.

- Belə təxribatlar sülh ab-havasına necə edəcək?

- Azərbaycan və Türkiyə bu gün Ermənistana sülh əli uzadır. Təklif edilir ki, delimitasiya və demarkasiya məsələləri həll edilməlidir. Erməni tərəfi sözdə bunları qəbul etsə də real əməldə başqa addımlar atır. Ona görə də, qarşı tərəflə elə öz dilində danışmaqdan başqa yol qalmır.

- Ermənistan Qazıxıstana KTMT-nın cəlb edilməsini özü üçün hansı halda presedent hesab edə bilər?

- Burada tamamilə fərqli situasiyalar mövcuddur. Qazaxıstandakı hadisələrlə paralellik aparmaq düzgün deyil. O, tamam başqa bir vəziyyətdir. Əgər söhbət 44 günlük müharibədən gedirsə, bu döyüşlər Azərbaycan ərazisində gedib. Ölkəmiz öz torpaqlarını erməni işğalçılarından azad edib. Bunu KTMT-da hər kəs gözəl bilir. Ona görə də, Ermənistan elə bir xəyala düşməsin ki, nə vaxtsa, bu təşkilat bölgəyə gələ bilər. KTMT heç vaxt bu ərazilərə gəlməyəcək. Onun bura gəlməsi üçün heç bir əsas yoxdur. Burada olan vəziyyəti Rusiyada, təşkilatın digər üzv ölkələrində də yaxşı bilirlər. Ermənistanın hər zaman istəyi olub ki, KTMT-ni buraya cəlb etsin. Amma cavab verilib ki, ərazilər Azərbaycana məxsusdur. Qarabağın Azərbaycan ərazisi olduğunu BMT və beynəlxalq hüquq bir daha təsdiqləyib.

- Nəticəni bilə-bilə erməni tərəfini təxribata vadar edən amillər hansılardır?

- Kəlbəcər strateji cəhətdən üstün olduğu üçün erməni tərəfi bu bölgədə üstünlük qazanmağa cəhd edir. Qarşı tərəf düşünür ki, o ərazilər onlarda olsa üstünlük qazana bilərlər. Amma Azərbaycan Ordusunun gücü qarşısında onların bütün cəhdləri uğursuz olur. Bu gün Ermənistanda revanşist qüvvələr mövcuddur. Təxribatları da hansı qüvvələrin törətdiyindən asılı olamayaraq buna cavabden olan Ermənistanın hərbi, siyasi rəhbərliyidir. Azərbaycan üçün bu cür təxribatları törədənlərin heç bir fərqi yoxdur. Biz öz mövqelərimizdəyik və heç bir güc Azərbaycana bu məsələlərdə təsir edə bilməz.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər