15 Yanvar 2022 12:06
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ölkədə və regionda baş verən proseslərlə bağlı geniş və əhatəli fikirlərini bildirib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlər, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair suallarını ətraflı şəkildə cavablandırıb. Müsahibədə post-müharibə dövründə baş verən proseslərə də xüsusi diqqət yetirilir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırda Ermənistanda revanşist meyillər hələ də var:

“Dövlət başçısının dediyi kimi, bu meyllər təkcə keçmiş hakimiyyət təmsilçiləri tərəfindən deyil, eyni zamanda, indiki iqtidar nümayəndələri tərəfindən də özünü büruzə verir. Çünki 44 günlük Vətən müharibəsindən sonrakı dövr ərzində biz dövlət sərhəddində ermənilərin hərbi təxribatlar törətdiyinin şahidi oluruq. Məlumdur ki, Ermənistan hakimiyyəti və cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Bu məğlubiyyət onlara çox güclü psixoloji zərbə vurub. Onların ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Bu səbəbdən də revanşist meyllər bütövlükdə Ermənistan cəmiyyətində mövcuddur”.

Millət vəkilinin sözlərinə görə, son vaxtlar Paşinyan tərəfindən kommunikasiyaların açılması ilə bağlı müsbət fikirlər səslənsə də, bu, erməni tərəfinin Azərbaycanla münasibətləri normallaşdırmaq anlamına gəlməməlidir: “Çünki kommunikasiyaların açılması Ermənistanın maraqlarına uyğundur. Digər tərəfdən bu açıqlamalar qarşı tərəfin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyindən yaranmır. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibsinin başlanmasının səbəbkarı Ermənistanın indiki rəhbərliyidir. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər”.

Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması da nəticəsiz oldu:

“Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq vurğulayıb: "Mən müsahibələrimin birində dedim ki, Ermənistan istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir”.

Deputat hesab edir ki, Azərbaycan BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır:

“Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Prezident ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı da fikirlərini bölüşüb. Dövlət başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Onlar bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını özləri fikirləşməlidirlər. Bütövlükdə, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir”.


Müəllif: Tapdıq Qurbanlı