17 Yanvar 2022 12:53
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Post-münaqişə dövrü ilə bağlı Azərbaycanın konkret hədəfləri və proqramı mövcuddur. Ölkəmiz Cənubi Qafqazda inkişafa, əməkdaşlığa, qarşılıqlı əlaqələrin geniş spektorda inkişafına əngəl yaradan maneəni, Dağlıq Qarabağ problemini həll edib. BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan özünün suveren ərazisində tam hüquqlu addım ataraq torpaqlarının bütövlüyünə nail olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, indi bölgədə yaranan yeni reallıq sülhə, təhlükəsizliyə istiqamətlənib: “Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi tezislər məhz bu reallığın açıq ifadəsi idi. Ölkə başçısı həm müharibə, həm də post-müharibə dövrü ilə bağlı tam aydın bir strateji xəttin formalaşmasına diqqət çəkdi. Vurğulandı ki, bu gün Cənubi Qafqazda sülh üçün mühüm imkanlar formalaşıb. Azərbaycanın yaratdığı yeni situasiya bölgə xalqlarının inkişafını, əlaqələrin formalaşmasını, bunun fonunda yaranacaq siyasi, iqtisadi reallıqları özündə ehtiva edir”.

Millət vəkili hesab edir ki, 2020-ci ilin 10 noyabrında Azərbaycanın əldə etdiyi tarixi qələbə ölkəmizin siyasi, diplomatik müstəvidə daha təsiredici bir mövqeyə yüksəlməsinə imkan yaradıb: “Bu gün Azərbaycanın həm BMT müstəvisində, həm də Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslərə beynəlxalq dəstək mövcuddur. Sözsüz ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasını istəyir. Amma qarşı tərəfin bu məsələdə nə dərəcədə səmimi davranacağı ilə bağlı konkret proqnoz yoxdur”.

Cavid Osmanova görə, Ermənistan bir dövlət kimi öz daxili və xarici siyasətini ancaq baş verən və verəcək proseslər üzərində müəyyənləşdirir: “Bu isə strateji baxımdan hədəfsizliyi və qeyri-müəyyənliyi formalaşdıran bir haldır. Məhz bu səbəbdən də Ermənistanın sülhə nə dərəcədə adekvat olacağı və Azərbaycanın uzun müddət qarşı tərəfi bu məsələdə sona qədər izləmək imkanları da mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı