18 Yanvar 2022 14:32
4 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyaların yaradılması prosesinin ləngiməsinə səbəb nədir?

- Bu məsələ də Ermənistan tərəfindən yubadılır. İki gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı keçirdi və orada açıqladı ki, Ermənistan tərəfinin fikirlərini biz Azərbaycana çatdırırıq. Burada delimitasiya məsələləri də qoyulub. Bildirildi ki, Ermənistan buna razılıq verən kimi proses başlayacaq. İndi proseslərin hansı səviyyədə olduğunu hələ açıqlamaq olmur. Ermənistanın da hansı məlumatları təqdim etdiyindən xəbər yoxdur. Amma bilinən odur ki, bu məsələ artıq erməni tərəfindən asılıdır. Azərbaycan tərəfindən burada heç bir problem yoxdur.

- Qarşı tərəf bu prosesi uzatmaqla nə qazanmaq istəyir?

- Hələ heç kim bilmir ki, Ermənistan nəyə arxayındır və niyə bu məsələləri uzadır? Artıq bununla bağlı qərar verilib. Burada prosesi uzatmağın heç bir mənası yoxdur. Nə qədər bu məsələ öz həllini daha tez tapsa, bu, Ermənistan üçün faydalı olacaq.

- Ermənistan özünü bu məsələdə nə dərəcədə uduzmuş hesab edir?

- Dövlətlərin sərhədləri müəyyənləşməli, delimitasiya və demarkasiya prosesi başa çatmalıdır. Hər bir dövlətin ərazi bütövlüyünün tanınması başlıca şərtdir. Amma başa düşmək olmur ki, Ermənistan üçün burada ziyanlı hansı məsələ var? Əksinə Ermənistan buradan uduşlu çıxa bilər. Çünki delimitasiya və demarkasiya məsələrinin həlli digər proseslərin də ardıcıl həllinə təkan verəcək. Bununla nəzərdə tutulmuş nəqliyyat kommunikasiyaların bərpası mümkünləşəcək. Bundan da Ermənistan mümkün qədər faydalanacaq.

- Prosesin uzanmasının Azərbaycana təsiri nə dərəcədədir?

- Azərbaycan çalışır ki, Ermənistanla dəqiq sərhəd məsələləri həll edilsin. Bu, Azərbaycanın marağında olan mühüm məsələdir. Dəqiq konkret sərhədlərin olması hər bir dövlət üçün vacib amildir. Qiymətləndirmə odur ki, sərhədlər müəyyənləşməlidir. Sərhədləri müəyyən edən xəritələr də Rusiyanın Müdafiə Nazirliyinin baş qərargahındadır. Amma görünən odur ki, burada erməni tərəfini narazı salacaq müəyyən nüanslar var. Prosesin uzanmasının səbələri də bununla bağlıdır. Görünür, bu hallar Ermənistana sərf etmir. Amma onların nə istəməsindən asılı olmayaraq Zəngəzur 1920-ci illərdə Ermənistana güzəştə gedilib. 1929-cu ildə Zəngəzur istiqamətində qalan ərazilər də Ermənistana təhvil verilib. Bu tarixi faktlar ortaya çıxacaq. Erməni tərəfi də görünür, bundan ehtiyyat edir. Onlar Zəngəzurun adı gələndə belə bundan qorxuya düşür, narahatlıq yaşayır. Amma bu, ərazinin tarixi adıdır. Bununla bağlı dövlət başçısı da mühüm açıqlamalar verib. Erməni tərəfi sərhədlərin dəqiqləşməsi ilə bağlı real xəritələr ortaya çıxacağı təqdirdə çox məsələlərin açıqlanacağından edərək, hələki pozuculuq edir. Amma bu da uzun çəkə bilməz. Əvvəl-axır bu həll olunacaq.


Müəllif: Tapdıq Qurbanlı