Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rüstəm müəllim, ABŞ liderliyində Qərb ölkələri ilə Rusiya arasında təhlükəsizlik danışıqları iflasla yekunlaşdı. Bundan sonra proqnozunuz necədir?
- Əvvəlcədən məlum idi ki, bu danışıqlar imitasiya xarakteri daşıyacaq. Başqa sözlə, tərəflər bir-birini dinləyəcək, amma heç biri güzəştə getməyəcək. Reallıqda isə hər bir tərəf öz düşündüyünü və bildiyini edir. Məsələn, Rusiya Kubada hərbi baza yaratmaq niyyətindədir. ABŞ da Ukraynada hərbi baza qurmaq istəyindədir. Bütün bunlar onu deməyə əsas verir ki, nə ABŞ, nə də Rusiya ənənəvi siyasətinən əl çəkmək istəmir. Bu isə o deməkdir ki, aparılan danışıqlara, tərəflərin tələblərinə baxmayaraq əslində qarşıdurma daha da şiddətlənəcək.
- Proqnozunuz gərginliyin artması istiqamətindədir?
- Bəli, şübhəsiz ki, gərginlik artacaq. Tərəflər bir-biri ilə danışıb nəticə əldə edə bilmirsə və istəklərindən geri çəkilmirsə, deməli, gərginlik davam etməlidir. Çünki hər bir tərəf doğru bildiyi istiqamətdə də davam edəcək. O ayrı məsələdir ki, bu gərginliyin daha da artması heç kimə sərf etmir.
- ABŞ və NATO Rusiyanın təhlükəsizliklə bağlı tələblərini niyə ciddiyə almadı?
- Qərb bunları qəbul etmək niyyətində deyil, çünki belə bir addıma getmək onların imicini dağıdardı. Mənə elə gəlir ki, qarşıdurma güclənəcək və mümkündür ki, hərbi səviyyəyə geçsin. Hər halda Rusiya gözlənilmədən qeyri-adi tədbirlərə əl ata bilər.
- Hansı tədbirlərə?
- Sözsüz ki, mən sadəcə ehtimallarımı dilə gətirirəm. Məsələn, mümkündür ki, Rusiya Qərb tərəfindən dəstəklənən dövlətlərdən birini darmadağın edə bilər. Yəni nəsə edə bilər. Bu istiqamətdə addım ata bilər. Bunlar əslində proqnozlaşdırılmayan məsələlərdir.
- Ukraynada?
- Ukrayna ilə bağlı məsələ əslində çox mürəkkəbdir. Rusiya Ukraynanı əldən vermək istəmir, necə ki Qazaxıstanı əlindən çıxarmaq istəmədi. Keçmiş sovet sərhədləri məsələsində rusların mövqeyi birmənalıdır. Onlar arzulamırlar ki, bu sərhədlərdə başqaları peyda olsun. Ona görə də Ukraynanın şərq zonaları Rusiyanın maraq dairəsinə daxil olan ərazilərdir. Görünür, bu, Rusiya üçün ölüm-dirim məsələsidir. Əgər belədirsə, mümkündür ki, bunun uğrunda Rusiya hər hansı bir dövlətlə qarşıdurmaya və ya müharibəyə getsin. Bunlar da istisna edilməməlidir.
- Amma Rusiyaya qarşı yeni sanksiyalar məsələsi də müzakirə mövzusudur...
- 2014-cü ildən sonra faktiki Rusiyaya sanksiyalar tətbiq edilir. Görünən budur ki, sanksiyalar heç nə vermir. Ən əsası da Rusiya sanksiyalardan qorxmur, əksinə bir qədər də aqressivLəşir.
- Qərbin əlində Rusiyanı dayandırmaq üçün hansı alət və mexanizmlər var?
- Mən hesab edirəm ki, Qərbin əlində heç bir mexanizm yoxdur. Görünən budur ki, sanksiyalardan savayı heç nə bacarmır. Sanksiyalar da Rusiyanı dayandırmır. Belə bir atmosferdə proseslərin hərbi qarşıdurmaya doğru irəliləməsi də facidədir.
- 2014-cü ildə Krımın ilhaqı məsələsində Avropa ABŞ-la həmrəylik göstərmədi. Amma indi Avropa sanki Rusiyaya qarşı ABŞ-la birlikdə hərəkət edir. Buna səbəb nədir?
- Hər kəsin öz marağı var. Avropa da öz təhlükəsizlik marağı səbəbindən ABŞ-la birlikdə hərəkət edir. Bilir ki, Ukraynadan sonra təhlükə onun özü olacaq. Görünür 2014-cü ildə Avropada başqa cür düşünürlərmiş.
- Rusiyanı çıxdaş etmək mümkün deyilmi?
- Rusiya onlardan qorxmur. Əslində heç nədən qorxmur. Bəs nədən qorxur? Mənim qənaətimcə, ancaq daxili problemlərdən. Buna görə də çalışır ki, əhali ayağa qalxmasın, siyasi rejimə qarşı tələblərlə çıxış etməsin. Moskva üçün real təhlükə budur.
- İddia edildiyi kimi Moskvanın Kalinqrad, Kuba və Venesuelada nüvə başlıqları yerləşdirməsi nə dərəcədə realdır?
-Bəli, rusların buralarda hərbi baza yaratması realdır. Bu həm də ABŞ siyasətinə Rusiyanın adekvat cavabıdır. Bu mənada deyirəm ki, gərginlik olacaq. Ümumiyyətlə bizi rahat həyat gözləmir. Bir daha qeyd edirəm ki, indi ən təhlükəli hal proseslərin müharibə meydançasna keçməsidir. Müharibə olsa, düşünün ki, dünya bitdi. Bu, faciəyə səbəb olardı. Ümid edirəm ki, tərəflər belə bir məsələni ağlına gətirməyəcəklər.
- Rusiya və ABŞ arasında hərbi-diplomatik savaş gedir və Çin rahatca kənarda dayanıb prosesləri izləyir. Pekinin gözləntiləri nədir?
- Çinin marağı odur ki, Rusiya və Qərb toqquşsun. Nəticədə hər iki tərəf zəifləsin, Çin inkişaf etsin. Bundan başqa maraq ola bilməz.