Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Ermənistanın proseslərin arxasınca sürünən siyasət yürütməsinin perspektivini necə şərh etmək olar?
- Bütün oturuşmayan, təsdiq və stabil, sabit olmayan dövlətlər proseslərin gedişinə görə qərar verirlər. Ermənistan bu cür ölkələr sırasında öndə gedir. Onlar prosesi görür və həmin günlə bağlı qərar verir. Amma bununla dövlətin inkişafına nail olmaq olmaz. Çünki Ermənistanda bu gün bir qərar qəbul olunsa da, səhər ondan imtina edə bilərlər. Bu, həmişə belə olub. Ona görə də bu cür dövlətin stabil siyasətinin olması qeyri-mümkündür. Belə dövlətə kimsənin inanması və hansısa bir sərmayənin yatırılması da mümkün görünmür. Sərmayəçilər 10-15 il sonra nə olacağını ən azından proqnozlaşdırmaq istəyir. Onlarla əməkdaşlıq istəyən ölkə də əlaqə yaratdığı dövlətin nə qədər sabit və davamlı olduğunda maraqlıdır. Ermənistanda isə bu yoxdur.
- Bu halın sərhəd və əlaqələrin normal münasibətlər üzərində formalaşmasına təsiri nə dərəcədə böyükdür?
- Ermənistanda hələ də Qarabağla bağlı hansısa bir hadisənin baş verməsini gözləyirlər. Yenidən revaşizmə köklənmək istəkləri var. Ona görə də, Qarabağla bağlı konkret bir fikir irəli sürə bilmirlər. Bu da Ermənistanla Azərbaycan arasında olan proseslərin yekunlaşmasına imkan vermir. Regionda reallaşması mümkün olan layihələr də bununla gecikmiş olur. Sözsüz ki, bu layihələr icra olunacaq. Çünki bu layihələrin Ermənistanın timsalında reallaşmasını pozmaq cəhdləri mənasızdır.
- Azərbaycan tərəfi Ermənistanın bu qeyri-müəyyən davranışlarına qarşı hansı adekvat yol tuta bilər?
- Azərbaycan xarici siyasətində balanslı bir yol seçib. Ölkəmiz hər zaman bu yolu əsas götürüb. Bu günə qədər də balanslaşdırılmış siyasətlə heç də pis nəticələr hasil olmayıb. Amma bununla müqayisəsi qüsurlu olsa belə Ermənistanın xarici siyasətində davamiyyət yoxdur. Bu da Qarabağla bağlı məsələlərin həllində maneə yaradır.
- Türkiyə ilə Ermənistan arasında ilk görüş baş tutdu. Əlaqələrin bərpası ilə bağlı gözləntilər nədən ibarətdir?
- Birmənalı olaraq nəzərə almaq və inanmaq lazımdır ki, Ermənistan Azərbaycanla problemlərini həll etməyənə qədər Türkiyə ilə də həll edə bilməz. Türkiyə ilə gedən danışıqların qayəsində dayanan məsələ Azərbaycanla olan problemlərin həlli və bundan sonra ardıcıllığın təmin olunmasıdır. Yəni Türkiyənin əsas şərti Azərbaycanın bu günə qədər irəli sürdüyü haqlı tələblərin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Bu baxımdan Türkiyə ilə Azərbaycan bu məsələlərdə sinxron hərəkət edir. Hörmətli Rəcəb Tayyib Ərdoğan və Mövlud Çavuşoğlu da bir neçə dəfə qeyd ediblər ki, Ermənistanla Türkiyə arasındakı münasibətlərin yaxşılaşması Azərbaycanla Ermənistan arasındakı proseslərdən asılıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalı, ərazi iddiaları, qondarma soyqırım iddialarından imtina etməlidir. Ermənistan bu iddialarından əl çəkmirsə, təbbi ki, onun Türkiyə ilə münasibətləri də yaxşılaşa bilməz. Çünki Türkiyə Azərbaycanın maraqlarını bu məsələdə sona kimi qoruyur və qoruyacaq. Bu baxımdan iki qardaş ölkənin həm regional, həm də beynəlxalq səviyyədə maraqları tam olaraq üst-üstə düşür.