20 Yanvar 2022 12:11
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, 20 Yanvar hadisələri və bu qanlı tarixi günə gedən yolu necə xarakterizə etmək olar?

- 20 Yanvar tarixi Azərbaycan xalqının Milli Azadlıq mübarizəsinin kuliminasiya nöqtəsi idi. Azərbaycanda xalq hərəkatı bundan da öncə başlamışdı. 1980-ci illərin ortalarından Mixail Qorbaçovun SSRİ-i rəhbərliyinə gəlməsindən sonra həm Baltikyanı ölkələrdə, həm də digər sovet imperiyasına daxil olan respublikalarda xalq etirazları baş verirdi. Azərbaycanda xalq hərəkatı öz xarakterik xüsusiyyətlərinə görə fərqlənirdi. Burada iki mühüm amili qeyd etmək olar.

Sovet imperiyasına daxil olan ölkələrdən Azərbaycanda vəziyyət bir qədər fərqli idi. 1987-ci ilin sonunda ulu öndər Heydər Əliyev Sovet İttifaqı sovet kommunist partiyasının mərkəzi komitəsinin siyasi bürosundan istefa verdi. Azərbaycan xalqı üçün çətin günlər məhz bundan sonra başladı.

1987-ci ilin oktyabrında ümummilli lider Heydər Əliyev siyasi bürodan ayrıldıqdan sonra 1988-ci ilin fevralında artıq ermənilər Qarabağda mitinqlər keçirirdi. Bu mitinqlərdə də Qarabağda separatizm açıq şəkildə özünü göstərirdi. Ermənistan hakimiyyətinin və xaricdən olan lobbi təşkilatlarının dəstəyi ilə Qarabağda separatçıların mitinqləri geniş vüsət almışdı. Mitinqlərdə əsas şüarları Azərbaycandan ayrılmaq və Ermənistana birləşmək kimi separatçı çağırışlar səslənirdi. Halbuki tarixdən də məlumdur ki, ermənilər bu ərazilərə Gülüstan və Türkmənçay müqavilələrindən sonra köçürülüb.

Ermənistan dövlətinin özü tarixi Azərbaycan torpaqlarında İrəvan xanlığının ərazisində yaradılıb. Bu rus çarlığının mənfur siyasətinin nəticəsi idi. Məqsəd Cənubi Qafqazda müsəlman türk toplumunu bölmək və öz maraqlarını reallaşdırmaq üçün oyuncaq Ermənistan dövləti yaratmaq olub.

Digər tərəfdən rus çarlığı bu bölgədə öz hegemonluğunu təmin etmək üçün bu addım atıb. 1840-ci ildə isə alban kilsələri ermənilərə verildi və bu kilsələrin qriqoryanlaşdırılmasına başlanıldı.

- SSRİ-də xalqların açıq etiraza başlamasına hansı amillər səbəb olurdu?

- XX əsrin 80-ci illərində isə sovet rəhbərliyinə Mixail Qorbaçovun gəlməsi ilə bu hadisələr bir qədər fərqli istiqamətdə cərəyan etdi. Buna qədər də SSRİ daxilində azərbaycanlıların, müxtəlif dövrlərdə deportasiyası həyata keçirilib. 1915-1918-ci illərdə, 1948-1953 -cü illərdə, nəhayət, 1988-ci ildə azərbaycanlı əhali tarixi ata-baba yurdlarından Ermənistan ərazisindəki evlərindən deportasiya edilib. Bununla da Ermənistan mono-etnik bir dövlətə çevrilib.

1988-ci ilin mart -aprel ayından etibarən azərbaycanlıların indiki Ermənistan ərazisindəki yurd-yuvalarından yük qatarları ilə ayaqyalın, başıaçıq Azərbaycana qovuldu. O vaxt həmin insanlar burada çox böyük diqqət və qayğı ilə qarşılandı. Onların bir hissəsi Bakıda, digər hissəsi isə ölkəmizin bölgələrində yerləşdirildi. Bu məsələdə də o vaxtki rəhbərlik yanlış qərarlar qəbul etdi. Həmin insanların Qarabağa yerləşdirilməsi oradan etnik tərkibin azərbaycanlıların üstünlük yaratmasına və məskunlaşmaya böyük təkan ola bilərdi.

O vaxt ölkəyə rəhəblik edən Kamran Bağırov qorxub belə bir qərar vermədi. O insanlar Bakıda və digər bölgələrdə yerləşdirildi. Həmin dövrdə ermənilər Qarabağda daha aktiv formada aksiyalar təşkil edirdi. Ermənilərin məhz o dövrdə bir qədər də fəallaşması ulu öndər Heydər Əliyevin siyasi bürodan uzaqlaşması ilə bağlı idi.

Heydər Əliyevə qədər ermənilər belə bir cəsarət edə bilmirdilər. Eyni zamanda onun iradəsi ilə bu cür halların qarşısı alınırdı. SSRİ- rəhbərliyinin Azərbaycana təyin etdiyi ölkə başçılarının da bu məsələlərdə “fəaliyyəti” az deyildi. Çox təəsüflər olsun ki, illərlə Azərbaycanda yaşamayan, o hadisələri görməyən Əbdürrəhman Vəzirov ölkəyə rəhbər təyin edildi. Bu yaxınlarda o dünyasını dəyişdi. Ona heç Allah rəhmət etsin də demirəm. Çünki bu məsələlərdə onun günahları çox idi. Hansısa formada Bakıdakı qırğınların qarşısını ala bilərdi.

Sovet ordusunun Bakıya gələcəyini o bilirdi. 1988-ci ildə o, Bakıya gələndə şəhərdə mitinqlər keçirilirdi. O özü də mitinqlərə qoşulmaq üçün indiki Azadlıq meydanına getdi. Orada müəyyən çağırışlar etdi ki, “hər şey yaxşı olacaq”. Amma yalandan verilən vədlərin heç birinə əməl olunmadı.

1988-ci ildə Ermənistanın Spitak bölgəsində zəlzələ baş verdi. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri də Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrup təyyarə qəzasına düşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak oldu.

Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbləri bu günədək aydınlaşdırılmayıb. Sonradan məlum oldu ki, ermənilər bilə-bilə Azərbaycandan gələn təyyarəyə yer verməmişdi. Sual olunur ki, ittifaq dövlətlərindən ilk olaraq Azərbaycanın Ermənistana yardım göstəməsi nə ilə bağlı idi?

- Azadlıq meydanında olan mitinqlərin əsas hədəfi Topxana meşəsinin talan edilməsinə, Qarabağ separatçılarına etiraz idi. Başqa hansı tələblər səslənirdi?

- Təbii, o çağırışların hamısı Azadlıq meydanında səslənirdi. Amma o dövrdə SSRİ-nin çökməsi labüd idi. Ona görə də, Azadlıq şüarları SSRİ-nin bir çox respublikalarında eşidilirdi. Bütün sovet respublikalarında bu hərətkatlar baş qaldırmışdı. Qarabağdakı separatizmə qarşı açıq şüarlar səslənirdi. Ermənistandan Qarabağa yardımlar edilirdi. Hətta xaricdən muzdlular da gətirilmişdi. Orada olan sovet hərbçiləri ilə ermənilər hər bir formada əlaqə yaratmışdılar.

Ermənilər bu vəziyyətdən ruhlanaraq Azərbaycan ərazisində müxtəlif təxribatlar, terror hadisələri törətməyə başladılar. Sumqayıt hadisələrini də ermənilər özləri təşkil etmişdilər. Bu hadisələrin əsas təşkilatçısı Eduard Qriqoryan idi. Sonradan məlum oldu ki, “Krunk” cəmiyyətinə kömək etməyən erməniləri özləri cəzalandırmaq məqsədi ilə öldürüblər və adını da qoyublar ki, azərbaycanlılar terror edib. Ermənilər Bakıda metroda da terror hadisəsi törətdilər. Bütün bunlar Azərbaycanda insanların milli hissiyatının oyanmasına, açıq etirazlara səbəb olurdu.

Nəticədə Azərbaycanda böyük xalq kütləsinin hərəkatı geniş vüsət aldı. O vaxt Bakıdakı bu hərəkatı yatırmaq üçün Vəzirov sovet ordusunu dəvət etmişdi. Bakıya çağrılmış sovet ordusunun tərkibində xüsusi təyinatlılar əsas yer tuturdu. 1990-ci ilin 19-dan 20-ə keçən gecə Bakıda 132 dinc sakin amansızcasına qətlə yetirildi. Özünü Xalq Cəbhəsinin üzvləri adlandırlanlardan birinin də burnu qanamadı. Halbuki həmin vaxt biz hamımız artıq bilirdik ki, bu gün-sabah sovet ordusu Bakıya daxil olacaq.

Xalq Cəbhəsinin təmsilçiləri isə yalan informasiyalar yaymaqla məşğul olurdular. Deyirdilər, narahat olmayın, hər şey yaxşı olacaq, Türkiyə bizə köməyə gələcək. Eyni zamanda Bakıda belə bir tərzdə qırğının olacağını heç kəs gözləmirdi.

1990-cı ilin 20 yanvarı gecə saat 00:00-dan sonra insanlara qarşı amansız divan tutmaq tarixdə misli görünməmiş hadisə idi. İnsanların adi həyat tərzində yaşadığı bir vaxtda onları gülləbaran etmək tarixi cinayətdir. Evinin balkonuna çıxanları belə atəşə tutub öldürmüşdülər.

Sumqayıt yolunda üç alimimizi tankın tırtılları altında altında şəhid etdilər. Azyaşlılara, gənclərə belə aman verməmişdilər. Həmin gecə bəlkə yüzlərlə maşın tankların tırtılları altında qaldı. İndiki "Koroğlu" metrosu həndəvərində çox sayda dinc adamları sovet ordusunun cəlladları amansızcasına gülləbaran etmişdi.

- 20 Yanvar gecəsindən sonra Bakıda hadisələr necə cərəyan etməyə başladı?

- Həmin vaxt Bakıya komendant təyin etmişdilər. Dedilər, o, Ziya Bünyadovun ögey oğlu Valeri Bünyadovdur. Digər bölgələrdə də hadisələr olduğu üçün komendant rejimləri təyin edilmişdi. 1990-cı ilin 20 yanvar gecəsinin səhəri ulu öndər Heydər Əliyev oğlu cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu qanlı hadisəyə öz etirazını bildirdi.

Rusiyadan yaşayan azərbaycanlılar və nümayəndəliklərin fəalları da ora toplaşmışdılar. Ulu öndər Heydər Əliyev Mixail Qorbaçov hakimiyyətinin öz vətəndaşına düşmən kəsildiyini keçirdiyi mətubat konfransında elan etdi və bu cür hallara etiraz əalməti olaraq kommunist partiyasından istefa verdiyini açıqladı. Vurğuladı ki, biz illərlə bu partiyaya xidmət etmişik, dövlət qurmuşuq. Lakin Mixail Qorbaçov şovinizmə, separatizmə açıq dəstək verir.

İki gün sonra mən ulu öndərin oradakı çıxışının yazıldığı kaseti aldım. O vaxt nümayəndəlikdən xahiş etmişdim, onlar da kaseti mənə çatdırdılar. O kaseti evdə sakitcə diqqətlə izlədim. Ulu öndər Heydər Əliyevin nümayəndələyinin binasına daxil olmasından başlayaraq yola düşüb maşına minib gedənə qədər çəkilmiş kadrlarını izlədim. Bu təbii ki, hamımıza böyük təsir etmişdi. Onu böyük təhlükələr gözləməsinə bamayaraq belə bir tarixi addım atmışdı.

Cənab İlham Əliyev də o dövr üçün bu addımı ilə böyük bir cəsarət nümunəsi ortaya qoymuşdu. Bundan sonra insanlarda inam daha da yüksəldi. Bakıda isə xalqımız şəhidlərini sona mənzilə yola salanda böyük bir izdihamı yaşanırdı. 132 şəhidin dəfni o dövr Bakıda böyük izdihamla yaddaşlara həkk olundu.

Yanvarın 23-də şəhidlər dəfni yekunlaşdı. Bütün Qafqazın şeyx Allahşükür Paşazadə başda olmaqla dəfn komissiyası bu işləri icra edirdi. Bakıda hər yer qərənfillərə bürünmüşdü. İnsanlar göz yaşları ilə şəhidləri son mənzilə yola salırdı.

- Bakıda baş verənlər Moskvada necə izlənirdi?

- O dövrdə Moskvada yoldaşlar vardı. Onların vasitəsi ilə hadisələrdən xəbər tuturduq. Bizə də onlar bildirdilər ki, ulu öndər Heydər Əliyev Moskva nümayəndəliyinə gəlib. Həmin o çəkilişin kasetin də təyyarə ilə gizlin yolla gətirilməsinə nail olduq.

Bakıda artıq insanlar bilirdi ki, Heydər Əliyev Moskvada bu qırğınlara öz etirazını bildirib. Televizilayalar işləmirdi. Ancaq radio ilə xəbər almaq olurdu. İnsanların qarşısında xalq şairi Bəxtiyar Vahabzadə, Həsən Həsənov çıxış edib əsl həqiqətlərin çatdırılmasına çalışırdılar. Amma hadisələrin hansı istiqamətdə cərəyan etməsinə baxmayaraq Moskvada ulu öndər Heydər Əliyevə qarşı böyük təzyiqlər vardı. Bir müddət sonar Heydər Əliyev Bakıya gəldi və ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Hakimiyyətdə olan qüvvələr onun Bakıda qalmasına da imkan vermədilər.

Bundan sonra ulu öndər Naxçıvana getməli oldu. Sözsüz ki, Vəzirovun yerinə qeyrətli, namuslu, qorxmadan addım atan bir lider olsaydı, Bakıda bu qırğınlar olmayacaqdı. Eyni zamanda Azərbaycan torpaqlarının da Ermənistan tərəfindən işğalına imkan yaradılamayacaqdı.

- Bakıda qırğın gecəsi ilə bağlı hansı xəbərləri alırdınız?

- Bunu əvvəlcədən az qala hamı bilirdi. Viktor Polyoniçko da demişdi ki, sovet ordusu Bakıya girəcək. Amma bilinmirdi ki, sovet ordusu hansı gün gələcək. İnsanlar silahsız da olsa Bakının bəzi girişlərində maşınlırdan və yaxud başqa vasitələrlə barrikadalar qurmuşdular. Amma bu silahsız insan qrupları idi.

Sovet tankları gəlib onların hamsını yerlə-bir etdi. Şəhərdə bir şaiyə yayılmışdı ki, güya türklər bizə köməyə gələcək. Amma bunlar yalan informasiyalar idi.

- 20 Yanvar səhərisi Bakıdakı vəziyyəti necə xatırlayırsınız?

- 1990-cı ilin 20 Yanvarın səhərisi gün mən maşınla "Azərittafaq"dakı işimə getdim. Şəhərin əsas ərzaq təchizatını biz təmin edirdik. İşə gələrkən yolda çox böyük dəhşətin yaşandığının şahidi oldum. Doğrusu bizi saxlamadılar. Sonradan sürücü mənə zəng etdi ki, bəs bizim maşınımızı əlimizdən alıblar.

Nəsimi rayonu üzrə komendant polkovnik Lebedlə danışdım. Ona izah etdim ki, biz şəhərin ərzaq təchizatı ilə məşğuluq, siz mənim maşınımı niyə almısınız? Telefonla eşitdim ki, ətrafdakılara deyir, axı, sizə tapşırmışıq, dövlət maşınlarına toxunmayın. Bizim maşını buraxdılar. Səbəbini bilməsək də, o vaxt çox maşınları saxlayıb aparırdılar.

- Dəfn komissiyasının işi ilə bağlı nə demək olar?

- O vaxt bu məsələ ilə bağlı müzakirələr oldu. Qafqazın şeyxi Allahşükür Paşazadənin rəhbərliyi ilə dəfn komissiyası yaradıldı. Şəhidlər Azadlıq meydanından son mənzilə yola salındı. Bakıda 40 gün yas oldu. Ərzaq dükanlarından, çörək sexlərindən başqa heç bir yer işləmirdi. Bakı qırğınından sonra da insanların mübarizə əzmi sönməmişdi.

Demək olar ki, insanların 90 faizi partiya biletini cırıb atmışdı. Xalq sovet hakimiyyətinə açıq etirazını bildirirdi. 1990-cı ildən başlayaraq Azərbaycan xalqına olan qanlı qətliamlar sonrakı illərdə ermənilərin əli ilə həyata keçirilməyə başladı.

- Bu gün qalib Azərbaycan xalqı güclü dövlətimizin timsalında öz müstəqiliyinin ən qüdrətli dövrünü yaşayır...

- 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlətimizin parçalanmaq, yox olması təhlükəsinin qarşısı qətiyyətlə alındı. Milli dövlətçilik əsaslarımız bərpa edildi. Ölkə Konstitusiyası qəbul edildi. İqtisadi əsaslarımız formalaşdırıldı. Əsrin müqaviləsi imzalandı. Bütün bu prinsipial addımlarla güclü Azərbaycanın gələcəyi naminə qərarlar verildi.

Prezident İlham Əliyevin rəhbərliyi müasir Azərbaycan dövləti bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz düşmənə 44 gündə sarsıdıcı zərbə vurmaqla 30 ilə yaxın pozulmuş ərazi bütövlüyümüzü təmin etdi.

Azad Qarabağda böyük quruculuq və abadlıq işləri gedir. 30 ilə yaxın öz yurdlarından didərgin düşmüş soydaşlarımızın çox qısa zamanda dogma torpaqlarına, ev-eşiklərinə qayıdışı təmin ediləcək. 2022-ci il Azərbaycan tarixində Böyük Qayıdış ili olacaq. Tarixi torpaqlarımızda vətəndaşlarımız əbədi yaşayacaq.

Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Azərbaycan dövləti tarixdə olmadığı qədər bu gün özünün güclü və ərazi bütövlüyü şəraitində yeni bir mərhələsini yaşayır. Bundan sonra da dövlətimiz daha da güclənərəc. Xalqımız rifahına və gələcək təminatına böyük ümidlər var.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər