26 Yanvar 2022 09:14
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Armen Sərkisyan başa düşdü ki, Azərbaycanla yaxınlaşma gedir. Bu da Ermənistanın daxili siyasətini dəyişir. Şübhə etmirəm ki, radikal qüvvələr başlarını qaldırıb, buna qarşı çıxış edəcəklər. Biz görürük ki, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq üçün axtarışlar gedir. Görünür, Armen Sərkisyan da bunun məsuliyyətini öz üstünə götürmək istəməyib. Armen Sərkisyan bilirdi ki, bu yöndə verilən qərarlar həm də onun tərəfindən təsdiq edilməli idi. Buna da imza atmaq istəmədi, qorxdu”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib. Rəsmi Bakı da bunu dəfələrlə bəyan edib. Yaxın gələcəkdə bu yöndə hansı gəlişmələr ola bilər?

- Paşinyanın bu açıqlaması müsbət qiymətləndirilə bilər, amma bir şərtlə ki, onun əlavə tələbləri olmasın. Məsələn, “status” məsələsi gündəmə gətirilməsin və ya başqa şərtlər irəli sürülməsin. Bütün bu kimi məsələlər danışıqlar nəticəsində həll olunmalıdır. Yəni Azərbaycana qarşı əlavə tələb və ya şərtlər irəli sürmək lazım deyil. Biz şərtsiz və tələbsiz sülh müqaviləsi imzalamağa hazırıq, bunu da dəfələrlə demişik. Belə olacaqsa, onda yaxın gələcəkdə sülh müqaviləsini imzalaya bilərik.

- Paşinyan Qarabağın “təkcə ermənilər yaşadığı ərazi” olmadığı fikrini yenidən təkrarlayıb. O, bundan əvvəl də belə bir açıqlama vermişdi. Sizcə, onun bu açıqlamalarında hansı mesajlar var?

- Məsələ budur ki, Ermənistan Türkiyə ilə yaxınlaşmağa çalışır. Türkiyə ilə münasibətlər yumşalır, danışıqlar gedir, hava reysləri açılır. Yəni müəyyən bir proses gedir. Ermənistan başa düşür ki, bundan sonra nəfəs almaq üçün kifayət qədər imkanlar yaranır. Əlbəttə, bu kontekstdə Azərbaycanla da münasibətlər normallaşmalıdır. Əgər Paşinyan deyirsə ki, Qarabağda təkcə ermənilər yox, azərbaycanlılar da yaşayır, bununla “yeni Amerika” kəşf etmir. Bizə minnət etmək lazım deyil, biz yaxşı bilirik ki, Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ həmişə Azərbaycanın ərazisi olub, bu gün də bu dəyişməyib. Eyni zamanda, biz orada kənardan gətirilmiş ermənilərin də yaşadığını qəbul edirik.

Əgər Paşinyan bölgədə sülh istəyirsə, o zaman “Qarabağ Ermənistandır” kimi absurd açıqlamalara son qoyulmalıdır.

- Bəs Ermənistan rəhbərliyi bu qondarma iddiasından geri çəkilə, məsələn, yeni konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxara bilərmi?

- Ermənistanın daxili siyasətində vəziyyət olduqca mürəkkəbdir. Paşinyana qarşı həm “Qarabağ klanı”nın nümayəndələri, həm də digər partiyalar çıxış edirlər. Bura daşnaklar, “Sasna Çrer” kimi radikal qruplaşmalar da daxildir. Bəlkə də Paşinyan nəsə etmək istəyərdi, amma həmin daxili qüvvələr buna imkan verməməyə çalışacaqlar.

Zənnimcə, yeni konstitusiya qəbul olunarkən, radikal qüvvələr və rəsmi dairələr arasında müəyyən güzəştlər olacaq, axtarışlar gedəcək. Paşinyan bunu mütləq nəzərə alacaq. Paşinyan başa düşür ki, illərdir Ermənistan konstitusiyasında yer alan bu absurd iddiaları birdən-birə orada çıxarsa, bu, ona zərbə vura bilər. Buna görə də, Paşinyan manevr etməyə çalışacaq ki, bu qüvvələri bir araya gətirsin və müəyyən bir güzəştli qərar qəbul etsin.

- Bəs Ermənistan Prezidenti Armen Sərkisyanın gözlənilməz istefası Paşinyanın daxildə ona qarşı olan qüvvələri neytrallaşdırmaq yönündə atdığı addımlarından biri idimi?

- Armen Sərkisyan başa düşdü ki, Azərbaycanla yaxınlaşma gedir. Bu da Ermənistanın daxili siyasətini dəyişir. Şübhə etmirəm ki, radikal qüvvələr başlarını qaldırıb, buna qarşı çıxış edəcəklər. Biz görürük ki, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq üçün axtarışlar gedir. Görünür, Armen Sərkisyan da bunun məsuliyyətini öz üstünə götürmək istəməyib. Armen Sərkisyan bilirdi ki, bu yöndə verilən qərarlar həm də onun tərəfindən təsdiq edilməli idi. Buna da imza atmaq istəmədi, qorxdu. Eyni zamanda, istefasını primitiv və reallıqdan uzaq bəhanələrlə izah etməyə çalışdı. Guya ki, onun verilən qərarlara təsiri çox azdır, təzyiq vasitələri yoxdur. Sanki ora seçiləndə konstitusiyanı oxumayıb, orada nə yazıldığını bilməyib. Yəni onun istefasının izahı üçün gətirdiyi bəhanələr çox gülüncdür.

Sadəcə olaraq, Armen Sərkisyan məsuliyyətdən qaçdı. Görünür, yeni bir obrazda siyasətə qayıtmaq istəyir.

- Paşinyan onu da bildirib ki, Ermənistan bu il Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır. Paşinyan qarşısına qoyduğu bu məqsədə çata biləcəkmi?

- Hər halda Paşinyan başa düşdü ki, bu regionda əsas oyunçu Türkiyədir. Türkiyə müharibədə bizə dəstək verdi, bizim arxamızda və yanımızda oldu – siyasi meydanda, beynəlxalq təşkilatlarda bizi müdafiə etdi. Paşinyan anlayır ki, Ermənistan düşdüyü batalıqlıqdan çıxmaq istəyirsə, Türkiyə ilə münasibətlər yaxşılaşmalıdır, gərginlik yumşalmalıdır. İstər siyasi, istər iqtisadi, istərsə də biznes baxımından Türkiyə ilə münasibətlər qurmaq Ermənistan üçün maraqlı olmalıdır. Əks halda, Ermənistan daha da boğulmuş bir duruma düşəcək.

Görünür, Paşinyan Azərbaycanla 44 günlük müharibədən sonra bu reallığı başa düşür. Paşinyan Türkiyənin bölgədə hansı nüfuzunun olduğunu gördü, indi də buna görə qırılmış əlaqələri bərpa etməyə çalışır.

- Türkiyə danışıqların Moskvada yox, İrəvan və Ankarada davam etdirilməsini təklif edib. Türkiyə Rusiyanı bu prosesdən uzaqlaşdıra biləcəkmi?

- Təbii ki, Moskvanın da bu bölgədə rolu böyükdür, Türkiyə də bunu başa düşür. Amma bu o demək deyil ki, Rusiyada burada özbaşına siyasi addımlar ata bilər və ya burada yeganə siyasi fiqurdur. Ankara da bununla göstərmək istəyir ki, Moskvanın maraqlarını nəzərə alır, amma Türkiyənin maraqları daha üstündür. Bu baxımdan da, danışıqların Ankara və İrəvanda keçirilə biləcəyini elan edir. Bunun həm də Azərbaycanın maraqlarına cavab verən addım ola biləcəyini düşünürəm.


Müəllif: Mənsur Rəğbətoğlu