İşğal dövründə də Ermənistan Azərbaycanla aparılan danışıqları pozub. 44 günlük müharibədən sonra da Ermənistan tərəfi imzaladığı kapituliyasiya aktında nəzərdə tutulmuş müddəaların icrasını müxtəlif bəhanələrlə yubatmağa cəhd edir. Bu erməni xislətinin göstəricisidir. Onlar hansısa vasitələrdən yararlanmaqla sərhədlərin dəqiqləşməsi və sülh sazişinin imzalanması prosesini qeyri-müəyyən vaxta yubatmağa çalışır. Ermənistana havadarlıq edən kənar qüvvələr də burada pozucu mövqe tutur. Bu mənada Ermənistan daxilində baş verən siyasi çaxnaşmaları da xüsusi ilə qeyd etmək lazımdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun fikrincə, Ermənistan prezidentinin belə bir şəraitdə istefa verməsi bir çox qaranlıq məqamları aşkara çıxardı:
“Hazırda Ermənistanda gərgin ictimai-siyasi mühit formalaşıb. Revanşistlər və digər qütblərin təmsilçiləri arasında gərgin mübarizə gedir. Hazırkı qanunvericiliklə isə Ermənistan prezidentinin daxili və xarici proseslərə müdaxilə imkanları yoxdur. Bu vəzifə sanki formal xarakter daşıyır. Post-müharibə dövrünün reallıqları Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq imkanlarının olmaması daxili gərginliyi bir qədər də artırıb”.
Millət vəkili hesab edir ki, erməni tərəfi Azərbaycanla olan məsələləri nə qədər uzatmağa çalışsa da bunun nəticələrini qəbul etməyə məcburdur:
“Nəhayət Ermənistan qonşuluq siyasətinin prinsiplərini qəbul etməlidir. Bu bölgədə əlaqələrin inkişafı Ermənistanın özü üçün də faydalıdır. Bunun əksinə olacaq bütün addımlar Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Ermənistanın düşdüyü ağır durumdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa edib, beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləməkdir”.