26 Yanvar 2022 13:05
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT-nin Qazaxstana girməsi bu iki ermənini – Paşinyan və Lavrovu Soçi görüşündə Rusiya Prezidenti Putinin iştirakı ilə əldə edilmiş razılaşmaları yenidən “təftiş” etməyə ruhlandırıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana verdiyi təkliflərə diqqət çəkib:

“Nikol Paşınyan son mətbuat konfransında Soçi və Brüssel görüşlərində əldə edilmiş anlaşma və bəyanatlara qarşı çıxır və “yeni təklif” irəli sürür. “Təklif”i də budur ki, Ermənistan və Azərbaycan arasında sərhədlərlə bağlı danışıqların başlaması və birgə komissiyanın formalaşması üçün qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi vacibdir. Halbuki nə Soçi, nə də Brüssel görüşlərində bu “təklif”ə kiçik bir eyham olub. Biz onsuz da Ermənistanın bütün proses boyu sabotajlarını həmişə görmüşük, indi də buna təəccüblənmirik. Amma bu “təklif” ilk dəfə yanvarın 14 də Rusiya Xarici işlər naziri Lavrov tərəfindən verilmişdi.

Lavrov Ermənistan tərəfinin sərhəd danışıqlarının başlaması üçün “bəzi təkliflər”inin olduğunu və Rusiyanın bunları Azərbaycana təqdim etdiyini bildirmişdi. Bəllidir ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanması üçün hansısa ilkin “şərt” və “təklif”i qəbul etmirik. Elə Lavrova verilən cavabda bildirdik ki, danışıqlar ilkin şərtlər irəli sürülmədən başlamalıdır”.

Yeganə Hacıyeva rusiyalı nazirin “təkliflər”inin Azərbaycan üçün qəbuledilməz olduğunu bildirib:

“Lavrovun “təklifi”indən o aydın olur ki, Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün strateji mövqelərdən geri çəkilməsini faktiki olaraq şərt kimi irəli sürür. Keçən ilin yayından Azərbaycan ordusu Laçın və Kəlbəcər istiqamətində sovet dövrü sərhəd xəttinə uyğun bütün strateji mövqelərdə möhkəmlənib. Laçın rayonundakı Qaragöl ətrafındakı bütün hakim yüksəkliklərdə, Kəlbəcərin Alagöllər istiqamətindəki strateji mövqelərdə möhkəmlənmişik.

Keçən ilin noyabrın 17-də erməni ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Şərqi Göyçə silsiləsi boyu və onlara bitişik strateji yüksəkliklərdə mövqelərini möhkəmləndirdi. Eyni proses Zəngilan, Qubadlı istiqamətindəki bütün strateji yüksəkliklərdə də aparılıb və Ermənistanın bütün istiqamətlərdə bütün hərəkət qabiliyyətini məhdudlaşdırmışıq. Ermənistan ordusunun dəfələrlə təxribat törədərək əlverişli mövqelər tutmaq cəhdləri iflasa uğrayıb, itkilər verib, hərbçiləri əsir alınıb və s.

Əslində Lavrovun bu “təkliflər”i səsləndirdiyi tarixin özü də bu mərama aydınlıq gətirir. KTMT-nin Qazaxstana girməsi bu iki ermənini Soçi görüşündə Rusiya Prezidenti Putinin iştirakı ilə əldə edilmiş razılaşmaları yenidən “təftiş” etməyə ruhlandırıb” .


Müəllif: Mənsur Rəğbətoğlu