27 Yanvar 2022 09:14
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Türkiyə arasında münasibətlərin olmaması, sərhədlərin bağlı qalması işğal faktoru ilə bağlıydı. Xüsusən Kəlbəcərin işğalından sonra belə bir qərar verilmişdi. İndi buna ehtiyac qalmayıb, problem ortadan qaldırılıb. Yəni Azərbaycan ordusunun gücü ilə böyük ölçüdə işğal faktoruna son qoydu. Buna görə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısında heç bir əngəl yoxdur. Əslində, bu, Azərbaycana da sərfəlidir”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını, sərhədlərin dəqiqləşdiriləcəyini və kommunikasiyaların açılacağını dedi. O, bundan əvvəl də dəfələrlə belə açıqlamalar verib. Əgər Ermənistan rəhbərliyi buna razıdırsa, bəs məsələlərin həlli niyə yubanır?

- Əsas məqam Azərbaycan, Ermənistan və Rusiyanın məsələlərə baxışlarındakı fərqdədir. Azərbaycan tərəfi bütün bu məsələlərin kompleks həllinə çalışır. Yəni sülh sazişi daxilində həm kommunikasiyaların açılması, həm sərhədlərin dəqiqləşdirilməsi, həm də Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycana inteqrasiyası ilə bağlı məsələlərin birdəfəlik həllini istəyir.

Rusiya isə daha çox kommunikasiyaların açılmasında maraqlıdır. Sərhədlərin dəqiqləşdirilməsində də marağı var, amma bu məsələdə moderator rolunu özündə saxlamaq istəyir. Bu məsələnin Azərbaycan və Ermənistanın birbaşa yox, Rusiyanın vasitəçiliyi həllində maraqlıdır. Bununla da hər iki ölkəni Rusiyanın verəcəyi qərarlardan asılı vəziyyətdə qalması marağını güdür.

Ermənistan da sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılmasında maraqlı görünür, amma Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycana inteqrasiyasında heç bir marağı yoxdur. Əksinə, asılı qalmasını istəyir ki, yenidən fürsət düşəndə “status” və digər məsələləri gündəmə gətirsin.

Beləliklə, prosesin uzanmasının səbəbi Azərbaycan, Ermənistan və Rusiyanın baxışlarının üst-üstə düşməməsi ilə bağlıdır. Yeganə üst-üstə düşən məsələ kommunikasiyaların açılması ilə əlaqədardır ki, həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan bunda maraqlıdır. Azərbaycan isə bütün məsələlərin həllini böyük sülh sazişi vasitəsilə həyata keçirməyi düşünür. Nə Rusiya, nə də Ermənistan bunu istəyir.

- Paşinyan həm sülhdən, həm də “Qarabağın status”undan danışır. Azərbaycan isə “status”u qəbul etmir. Yəni Ermənistan qəbuledilməz şərt və təkliflərində israrlı olmağa davam edərsə, proses hansı istiqamətə dönə bilər?

- İndiki məqamda böyük sülh sazişinin imzalanması alınmasa, prosesin addım-addım getməsi mümkündür. Yəni birinci kommunikasiyalar açılır, sonra komissiyalar qurulur, sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar başlayır və bu, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcək statusu ilə bağlı hansısa bağlantı olmadan həyata keçirilir.

Azərbaycan tərəfi onsuz da, bağlantı olmadığını və bu məsələnin gündəmdən düşdüyünü bəyan etsə də, Rusiya və Ermənistan “status” məsələsini zaman-zaman gündəmə gətirir. Hətta Rusiya ATƏT-in Minsk qrupunu yenidən dirçəltməklə “status” məsələsini diri saxlamağa çalışır. Bununla da “status” məsələsinin tamamilə gündəmdən çıxmasına imkan vermir. Bu baxımdan, problemin mərhələli həlli mümkündür.

Yeganə şərt o olmalıdır ki, bu məsələ imzalanacaq sazişdə yer almayacaq. Azərbaycan tərəfi “status”un heç vaxt müzakirə olunmamasına, kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi sazişinə bənd formasında salınmasına çalışmalıdır. Biz bunu edə bilsək, o zaman bizim gələcəkdə bu məsələnin müzakirəsi üçün heç bir öhdəliyimiz də olmayacaq. Bunun üçün onu tamamilə gündəmdən çıxarmaq lazımdır.

Eyni zamanda, Azərbaycan status məsələsini qabaqlayıcı addımlarla da həll edə bilər. Onsuz da, Azərbaycan daxilində inzibati ərazi bölgüsü və regional idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müəyyən ipucları var. Azərbaycan prezidentinin fərmanı ilə 14 iqtisadi rayon yaradılıb. Bura Qarabağ və Şərqi Zəngəzur rayonları da daxildir. Bunun inzibati ərazi vahidinə çevrilməsi və böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi də bir statusdur. Yəni bələdiyyə də bir statusdur. Biz niyə düşünürük ki, status məsələsi ermənilərin dediyi anlamda müzakirə olunmalıdır.

Artıq reinteqrasiya haqqında qanun da qəbul olunmalıdır. Bununla bağlı parlamentdə fəaliyyət başlanılıb. Bunun bir tərkib hissəsi kimi mer seçkilərinin keçirilməsi və böyük şəhər bələdiyyələrinin yaradılması da bir statusdur. Yəni erməni əsilli Azərbaycan vətəndaşları gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul edib, bizim qanunlarla fəaliyyət göstərmək istəyəcəklərsə, Xankəndində mer seçkilərində də iştirak edib, özlərinə mer də seçə bilərlər. Bu da statusdur. Hesab edirəm ki, biz məsələni bu formada qoymalıyıq. Yəni status təkcə müstəqillik və muxtariyyət demək deyil.

- Ermənistan-Azərbaycan münasibətlərindən fərqli olaraq, Türkiyə-Ermənistan münasibətlərində müəyyən irəliləyiş var. Hətta Paşinyan Antalyada keçiriləcək Diplomatiya Forumuna qatıla biləcəyini də deyib. Bəs bu yöndəki gəlişmələrdə nələr ola bilər?

- Ermənistan və Türkiyə arasında münasibətlərin olmaması, sərhədlərin bağlı qalması işğal faktoru ilə bağlıydı. Xüsusən Kəlbəcərin işğalından sonra belə bir qərar verilmişdi. İndi buna ehtiyac qalmayıb, problem ortadan qaldırılıb. Yəni Azərbaycan ordusunun gücü ilə böyük ölçüdə işğal faktoruna son qoydu. Buna görə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısında heç bir əngəl yoxdur.

Əslində, bu, Azərbaycana da sərfəlidir. Çünki iki ölkə arasında münasibətlərin bərbası, Azərbaycanla Ermənistan arasında da əlaqələrin müəyyən formada düzəlməsinə şərait yaranacaq. Bu da indiki dövrdə Azərbaycanın maraqları çərçivəsindədir. Yəni Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bizim maraqlarımıza zidd deyil.


Müəllif: Mənsur Rəğbətoğlu