“Rusiyanın ABŞ və NATO qarşısında irəli sürdüyü təhlükəsizlik tələbləri tamamilə doğru və əsaslıdır. Çünki zamanında Qərb Qarbaçova söz vermişdi ki, NATO şərqə doğru genişlənməyəcək. Ancaq sonradan Rusiyanın zəifliyindən istifadə edərək NATO genişlənməyə başladı. İndi bıçaq boğaza dirənib. Rusiyanı da anlamaq olar, əgər Ukrayna NATO-ya qəbul olunarsa və orada raketlər qoyulsa, bu, faktiki Rusiyanın tərki-silah edilməsidir. Bu halda Ukrayna ərazisindən Rusiyaya raket zərbələri endirmək üçün cəmi 5 dəqiqə məsafə qalmış olur. Belə situasiyada Rusiya özünü müdafiə edə bilməyəcək. Bu səbəbdən də Rusiya kəskin addımlar atır”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Moskvanın ABŞ və NATO qarşısında qaldırdığı tələblər və ona verilən cavab haqqında danışarkən deyib.
Araz Əlizadə əlavə edib ki, ABŞ Moskvanın tələblərinə cavab verib, amma bu cavab ictimaiyyətə açıqlanmayıb:
“İndi məqsəd odur ki, Ukrayna və Rusiya arasında müharibə başlasın və Moskvanın tələbləri arxa plana keçsin. Amma ABŞ-ın cavablarının açıqlanmaması maraqlı gedişdir. Mənim qənaətimcə, silah-sursat baxımından Rusiya bu saat ABŞ-ı üstələyib”.
ASDP sədri xatırladıb ki, zamanında ruslar Vyetnam və Kubada öz hərbi bazalarını bağlayıb:
“Bu hadisə Vladimir Putinin dövründə olub. Amma bu yaxınlarda Putin Kuba və Venesuela rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflərin nədən danışdığı bilinməsə də, həmin ölkələrdə yenidən rus hərbi bazasının açılması məsələsinə də toxuna bilərdilər. Mən demirəm ki, ruslar ora nüvə silahı yerləşdirə bilər. Amma raket sistemləri dəqiq yerləşdirmək mümkündür”.