27 Yanvar 2022 15:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoyması üçün atdığı addımlar davamlı olacaq. Bəli, uzun illər Rusiya bu münasibətlərin qurulmasına əngəl olub. İndi də maneə olmaq istərdi. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın artıq başqa seçimi yoxdur. Çünki iqtisadi baxımdan Ermənistanın mövcudluğu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, ticarət yollarının açılması və iqtisadi proseslərin həyata keçirilməsindən asılıdır”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu rəsmi İrəvanın Türkiyə və Azərbaycanla bağlı siyasətini şərh edərkən bildirib.

Partiya sədri deyib ki, Ermənistanda radikal qüvvələr belə siyasətə qarşı çıxır və prosesin ardıcıl getməsinə mümkün qədər imkan verməməyə çalışırlar. Onun sözlərinə görə, sonda Ermənistanda sağlam məntiq qalib gələcək: “Nəticədə Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri qaydaya düşəcək. İndiki dünya şərtləri bundan fərqli nəticə əldə etməyə imkan vermir”.

Sərdar Cəlaloğlu bildirib ki, Rusiya indi Ankara-İrəvan əlaqələrinin qurulmasına qarşı çıxmır: “Əvvəla Ermənistan dövləti və xalqının maraqları tələb edir ki, Türkiyə və Azərbaycanla normal münasibətlər qurulsun. Rusiyanın bundan fərqli siyasəti - oyunları 200 ildən çox davam edib. Proses ənənəvi formada getsə Ermənistan daha pis formada uduzar. Rusiyanın Ermənistanı iqtisadi cəhətdən təmin etmək fikri yoxdur və ya məhduddur. Həm də artıq Ermənistan əvvəlki geopolitik rolu oynamır, əhəmiyyətini itirib. Bu baxımdan Ermənistan Rusiya üçün əhəmiyyət kəsb etmir. Bunun da bir göstəricisi Moskvanın qeyri-rəsmi sözünü deyən Jirinovskinin fikirləridir. Jirinovski açıq deyir ki, Cənubi Qafqaz respublikalarını buraxmaq lazımdır, onlar özləri bir-birilə müharibə aparsın. Əlavə edir ki, biz yalnız Ukrayna, Belarus və Orta Asiya istiqamətində cəmləşməliyik. Jirinovskinin əsasən Rusiya dövlətinin mövqeyini ifadə etdiyini nəzərə alanda belə nəticə çıxır ki, ruslar Cənubi Qafqazda o qədər də maraqlı deyil. Bu mənada Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və genişlənməsinə maneə yoxdur. Bu, bizim də xeyirimizədir”.


Müəllif: Nemət

Oxşar xəbərlər