Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Ermənistanda baş verən proseslərin idarəolunma mexanizmi haqqında nə demək olar?
- Azərbaycan Vətən müharibəsində qazandığı hərbi qələbəsini siyasi müstəvidə davam etdirir. Bunun nəticələri də artıq görünür. Vətən müharibəsindən sonra üç mühüm sənəd imzalanıb. 2020-ci ilin 10 noyabr Bəyanatı, 2021-ci ilin 11 yanvar və 26 yanvar 2021-ci ildə imzalanan sənədlərin hər üçündə bütövlükdə Azərbaycanın maraqlarına cavab verən məqamlar yer alıb. Azərbaycanın məhz post-müharibə mərhələsində atacağı addımlar həmin sənədlərdəki məqamlarla uzlaşır. Biz bunu da dəfələrlə qeyd etmişik ki, Ermənistan baş naziri Nikol Paşinyan proseslərin təsiri altındadır. Yəni onun proseslərə heç bir təsiri mövcud deyil. Proseslər onu idarə edir. Azərbaycan hərbi qələbəsindən sonra Ermənistanı sülhə məcbur edəcək.
- Paşinyanın son açıqlamalarında bu amil özünü necə göstərir?
- Əslinə qalsa, Paşinyanın bu günlərdə sərgilədiyi mövqe bir daha onu sübut edir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməkdədir. Bu dünya təcrübəsində geniş yayılmış taktikadır. Düşmən özünü konstruktiv aparmadıqda müxtəlif alətlər vasitəsi ilə onu sülhə məcburetmə təcrübəsi mövcuddur. Azərbaycan da bu təcrübəni mərhələli şəkildə tətbiq edir. Biz 30 ilə yaxın müddətdə danışıqlar vasitəsilə Ermənistanla sülh əldə etmək istədik. Amma Ermənistan buna getmədi. Artıq işğalçı ölkə təxribatlarını intensivləşdirən zaman o təxribatların qarşısını almaqla yanaşı həm də əks-hücum əməliyyatlarına başlanıldı və beləliklə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu, Ermənistanı sülhə məcburetmənin hərbi mərhələsi idi.
- Siyasi müstəvidə bu prosesi necə uğurlu hesab etmək olar?
- Müharibədən sonrakı siyasi mərhələ artıq öz nəticələrini göstərməkdədir. Soçidən sonra Azərbaycan Prezidenti Brüsselə səfər etdi. Brüsseldə sərgilənən mövqe də ondan ibarət oldu ki, post-münaqişə mərhələsində imzalanmış üç sənədə istinad etmək lazımdır. Bu da bütövlükdə Azərbaycanın diplomatik qələbəsidir. Ölkəmizin ədalətli mövqeləri dünya səviyyəsində qəbul edildi. Bütün bunları müşahidə edən Paşinyan dərk edir ki, onun proseslərdə manevr imkanları mövcud deyil.
- Ermənistandan hansı fərqli davranış gözlənilə bilər?
- Azərbaycan Prezidenti hələ ötən il qeyd etmişdi ki, Ermənistanın fərqli davranmaq imkanları mövcud deyil. Yəni bu ölkə gec-tez sülh danışıqlarına gələcək. Biz bu gün bu prosesi izləməkdəyik. Paşinyan artıq manevr etmək imkanlarına malik olmadığının fərqindədir. İndi o, elə bir mövqe sərgiləməkdədir ki, siyasi “simasını” qoruya bilsin. Bu baxımdan deyir ki, Ermənistan 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, bu zaman məsuliyyəti də qismən öz üzərindən atmağa çalışır. Bu da onu göstərir ki, Paşinyan sülh sazişi bağlayacaq. Sülh sazişinin imzalanması üçün ilkin şərtlər təmin olunacaq. Bu şərtlər Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi, demarkasiyanın aparılması və ölkəmizin ərazi bütövlüyünün tanınmasından ibarətdir. Bu da avtomatik olaraq Ermənistanın Azərbaycana olan ərazi iddialarını aradan qaldırmış olacaq.
- Sülh sazişi Ermənistanda real hakimiyyət üçün hansı təhlükələr yarada bilər?
- Paşinyan istəməsə belə bütün bunları icra etmək məcburiyyətindədir. Başqa bir reallıq da ondan ibarətdir ki, bu, Paşinyanın karyerası üçün heç də təsirsiz ötüşməyəcək. İşğalçı dövlətin aqibəti də bu cür olmalı idi. Elə bir dərs olmalı idi ki, onlar bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsin. Bu səbəbdən də Ermənistanda siyasi gərginlik dövrü hələ irəlidədir. Ona görə də, Paşinyan məcbur edilir ki, sülh sazişi imzalansın. Bundan sonra hansı proseslər gedəcəksə, o, ermənilərin öz işidir.
- Ermənistan Prezidenti Armen Sərkisyanın istefasının arxasında hansı amillər dayanır?
- Armen Sərkisyan da dərk etdi ki, sülh sazişinin bağlanacağı vaxt çox yaxındadır. Ona görə də, bu proseslərdən kənarda qalıb o da qınağa tuş gəlmək istəmir. Bəllidir ki, Paşinyan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra onun siyasi opponentləri bundan ona qarşı istifadə edəcəklər. Bu da sözsüz ki, düşməni olduqca ağır vəziyyətə salmağın bir göstəricisidir. Buna da Azərbaycanın tam haqqı çatırdı. Əsas məqam ondan ibarətdir ki, sülh sazişi imzalandıqdan sonra məsuliyyəti Paşinyanla paylaşmaq istəmir. İstefasının səbəbi ilə bağlı fikirləri sadəcə olaraq növbətçi mövqe idi. Çünki 2018-ci ildə o, prezident seçilərkən hansı səlahiyyətlər içərisində fəaliyyət göstərəcəyini bilirdi. O zaman bu vəzifəni tutmaqdan imtina etməli idi. Onun 4 ildən sonra bu postdan imtinası məhz proseslərin nəticəsidir. Bu prosesləri də yönləndirən Azərbaycandır.
- Azərbaycanın güc mövqeyinin Ermənistandakı daxili vəziyyətə təsiri haqqında nə demək olar?
- Azərbaycanın güc mövqeyi o qədər möhkəmlənməkdədir ki, artıq Ermənistandakı siyası vəziyyətə real təsir edir. Proseslər ölkəmizin haqlı, ədalətli mövqeyinə uyğun cərəyan etməkdədir. Biz mütləq qələbəmizi siyasi elementlərlə daha da möhkəmləndiririk.