“Ən mühüm məsələ siyasi sahədə ortaqlıqdır. Hər iki dövlət dünyanın siyasət arenasında ortaq mövqedən çıxış edir, bir-birinə daim dəstək verir. Bu zəmin əsasında da Türk Dövlətləri Birliyinin formalaşması prosesi sürətlənməkdədir. Bu baxımdan, Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan xarakterləri və hərəkətləri üst-üstə düşən şəxsiyyətlərdir. Liderlər çox asanlıqla bir-biri ilə dil tapırlar, bir-birinə “qardaşım” deyə müraciət edirlər. Azərbaycan və Türkiyənin “bir millət – iki dövlət” prinsipi ilə koordinasiyalı fəaliyyətini təqdir edirəm”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Parlament Azərbaycan və Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsini təsdiq etdi. Bundan sonra müttəfiqlik münasibətlərində hansı gəlişmələri görə bilərik, müttəfiqliyin gücləndirilməsi üçün daha hansı addımlar atıla bilər?
- Əvvəla, Şuşa Bəyannaməsinin təsdiqi münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Təbrikə layiq və çox önəmli bir hadisədir. Bu, tamamilə Azərbaycanın dünya nizamında tutduğu mövqeyi, beynəlxalq münasibətlərdə oynadığı rolu dəyişdirəcək, ona ciddi stimul və dinamizm verəcək. Bəli, iki qardaş ölkə səylərini strateji müttəfiqlik səviyyəsində bundan sonra davam etdirəcək. Bu, özünü daha çox hərbi-siyasi sahələrdə göstərəcək. Yəni birgə ordu quruculuğu və döyüş briqadalarının yaradılması, ola bilsin ki, gələcəkdə birgə komandoların qurulması və ordunun NATO – yeni standartlara keçirilməsi üçün lazım olan bütün tədbirlər reallaşdırılacaq. İqtisadi sahədə də maraqlı proseslər baş verəcək. Eyni zamanda, Türkiyə Azərbaycanın hərbi sənaye kompleksinin formalaşması üçün müəyyən səylər göstərir. Məsələn, “Bayraktar” dronlarının Azərbaycanda istehsalına hazırlıq gedir. Artıq bunun infrastrukturu hazırlanır.
Zirehli döyüş texnikasından tutmuş, atıcı silahlar və artilleriya qurğularına qədər bir sıra silahların Azərbaycanda istehsalını nəzərdə tutan proqramlar, imzalanmış sənədlər var. Bu proqramlar tədricən həyata keçiriləcək.
Ən mühüm məsələ siyasi sahədə ortaqlıqdır. Hər iki dövlət dünyanın siyasət arenasında ortaq mövqedən çıxış edir, bir-birinə daim dəstək verir. Bu zəmin əsasında da Türk Dövlətləri Birliyinin formalaşması prosesi sürətlənməkdədir. Bu baxımdan, Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan xarakterləri və hərəkətləri üst-üstə düşən şəxsiyyətlərdir. Liderlər çox asanlıqla bir-biri ilə dil tapırlar, bir-birinə “qardaşım” deyə müraciət edirlər. Azərbaycan və Türkiyənin “bir millət – iki dövlət” prinsipi ilə koordinasiyalı fəaliyyətini təqdir edirəm.
Türkiyə-Azərbaycan birliyi yeni üfüqləri fəth edəcək. Bu, sözün həqiqi mənasında bölgənin siyasi reallıqları və konfiqurasiyasına töhfələr verə biləcək. Bu, ürəkdən alqışlanası birlikdir.
- Türkiyə ilə müttəfiqlik Azərbaycanın təhlükəsizliyi üçün hansı rolu oynayacaq, gələcək təhlükələrə qarşı bir sipər ola biləcəkmi?
- Sözsüz, oynayacaq və oynayır. Azərbaycanın özü artıq bölgənin böyük gücünə çevrilib. Habelə ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, onun ərazi bütövlüyünün tam bərpa olunması və qorunmasında, eyni zamanda, dünya arasında mövqelərinin müdafiə edilməsində Azərbaycan-Türkiyə birliyinin böyük önəmi olacaq. Biz indiyədək bu birlikdəlikdən ciddi uğurlara nail olmuşuq. Gələcəkdə bu çərçivədə daha böyük uğurlara imza atılması şəksizdir.
- Bəs türk ölkələri arasındakı birlik, inteqrasiya ideyasının taleyi necə olacaq? Hesab olunur ki, Qazaxıstandakı son olaylar bu ideyaya zərbə vurdu.
- Qazaxıstanla bağlı müəyyən sarsıntılar yaşandı. Amma düşünürəm ki, bu, Türk Dövlətləri Birliyi və onun daha mütəşəkkil formada çıxışına heç bir xələl gətirməyəcək. Artıq hadisələr məcrasına düşüb, Qazaxıstan əvvəlki tempində yaşamağa davam edir. Üstəgəl, ölkədə gərginlik doğuran problemlərin həlli və təbii sərvətlərdən gələn gəlirlərlə bağlı ədalət mexanizminin işə düşməsi prosesi başlanılır. Zənnimcə, Qazaxıstanda müşahidə olunan siyasi böhran tədricən aradan qalxır. Bu da Türk Dövlətləri Birliyinin öz yoluyla rahat irəliləməsinə şərait yaradır.
Eyni zamanda, Qırğızıstana qarşı ədalətsiz hərəkət edən, onu sudan məhrum və ərazilərinin bir hissəsini qəsb etmək istəyən Tacikistan məhz Türkiyə istehsalı “Bayraktar”lar və digər yardımları sayəsində Düşənbəni danışıqlar masası arxasında oturmağa məcbur etdi. Qırğız ordusu sonuncu toqquşmalarda “Bayratkar”ların endirdiyi zərbələr nəticəsində tacik silahlı qüvvələrini pərən-pərən saldı. Beləliklə, dünənə qədər Rusiyanın dəstəyi ilə Qırğızıstan üzərində hökmranlıq qazanacağını var gücüylə söyləyən Emoməli Rəhmon qırğız həmkarı Sadır Japarovu masaya dəvət etdi və işçi qrupunun yaradılmasına razılıq verdi.
Zənnimcə, Türk Dövlətləri Birliyinin elan edilməsindən sonra əgər Qazaxıstan olayları birinci sırada idisə, Qırğızıstan-Tacikistan gərginliyi ikinci yerdəydi. Hər iki olayda biz Türk Dövlətləri Birliyinin Qazaxıstan və Qırğızıstana siyasi dəstəyini gördük. Bu da türk birliyi ideyasının praktikada uğurla həyata keçdiyini göstərir. Sadəcə olaraq, bu birlikdən danışarkən, nağılvari hekayələr qurmaqdan vaz keçməliyik. Gücümüzü səbrlə bu birliyin möhkəmlənməsinə, təşkilatlanmasına və dünya nizamında özünə yer tutmasına sərf etməliyik. Bundan sonra Qazaxıstan, Özbəkistan və Qırğızıstan, hətta Türkmənistanın da Türk Dövlətləri Birliyinin möhkəmlənməsinə töhfə verəcəklərinə əminəm.
Artıq Avropa Birliyi Türkmənistan qazının Xəzər dənizinin dibindən keçərək Azərbaycan üzərindən Avropaya çatdırılmasında yekdil rəyə gəldiklərini və bu yöndə Rusiyaya təzyiqləri artıracaqlarını bəyan edib. Trans-Xəzər boru kəmərinin çəkilməsi türk dövlətlərinin ortaq bazarının yaranmasına və iqtisadi tellərlə bir-biri ilə bağlanmasına töhfə verəcək. Eyni zamanda, Trans-Xəzər layihəsi gələcəkdə Qazaxıstan və Özbəkistan qazının da Avropaya çıxarılmasına stimul verəcək ki, bu da Türk Dövlətləri Birliyinin iqtisadi əsasları və mexanizminin formalaşmasına zəmin yarada bilər. Hər halda bəzi dövlətlərin qısqanclığının yaratdığı maneələrdən çəkinmək lazım deyil. Məncə, hər şey düzgün edilib. Buna görə də, Türk Dövlətləri Birliyi çox da uzun olmayan zamanda beynəlxalq münasibətlərə həlledici təsir göstərə bilən bir siyasi-iqtisadi mexanizmə çevrilə biləcək.