Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 15 iyun tarixində Şuşa şəhərində imzalanan bəyannamənin tarixi əhəmiyyəti vardır. Şuşa bəyannaməsi eyni zamanda Qars müqaviləsinə istinad edir və Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın təhlükəsizliyinin daha da qorunmasını və genişlənməsini özündə əks etdirir. Bu sənədlə tərəflər arasında münasibətlər rəsmi olaraq müttəfiqlik səviyyəsinə çıxır.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı, politoloq İlyas Hüseynov bildirib.
O, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandığını xatırladıb: "Lakin Vətən müharibəsi Azərbaycanla Türkiyə arasında dostluq-qardaşlıq, mənəvi bağlar, hərbi sahədə olan tərəfdaşlığı keyfiyyətcə yeni müstəviyə qaldırdı. Azərbaycan və Türkiyə cəmiyyətləri Vətən müharibəsinin gedişində birlik, həmrəylik göstərdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 27-də müharibənin başladığı ilk saatlardan verdiyi siyasi bəyanatlar Azərbaycanın haqq işini daha da gücləndirdi və ölkəmizə siyasi-mənəvi dəstək göstərirdi. Digər tərəfdən Şuşa bəyannaməsinin bir rəmzi əlamətləri də var. Çünki Xurşidbanu Natavanın evinin dağıntıları önündə bu bəyannamə imzalanmışdı. Eyni zamanda burada nəinki siyasi, eləcə də təhlükəsizlik, iqtisadi, humanitar əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı xüsusi vurğular vardır.
Siyasi cəhətdən Şuşa bəyannaməsinin əhəmiyyətinə toxunsaq qeyd edə bilərik ki, hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə qarşı təcavüz və təhdid olarsa, o zaman hər iki dövlət bir-birinin haqq işini müdafiə edəcək və qarşılıqlı olaraq bir-birinə yardım göstərəcək. Eyni zamanda Şuşa bəyannaməsinin üçüncü tərəfə qarşı yönəlmədiyi də xüsusi vurğulanmalıdır. Digər tərəfdən önəmlidir ki, Ağdamın Mərzili kəndində fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də Şuşa bəyannaməsində yüksək qiymətləndirilir. Türkiyə, eləcə də Azərbaycanın regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həll edilməsində ortaq səyləri də burada vurğulanır”.
Politoloq qeyd edib ki, eyni zamanda Şuşa bəyannaməsində terror, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, qeyri-qanuni hadisələrin və halların qarşısının preventiv şəkildə alınması ilə bağlı əməkdaşlıq münasibətləri qeyd olunur:
“Fevralın 1-də Azərbaycan Milli Məclisində Şuşa bəyannaməsi ratifikasiya olundu. Artıq Türkiyə Böyük Millət Məclisində məclisin sədri Mustafa Şentopun imzası ilə sənəd baxılması üçün Xarici Əlaqələr Komitəsinə göndərilib. Böyük ehtimalla bəyannamə TBMM-də də təsdiqlənəcək. Artıq hər iki ölkənin parlamentləri qanun səviyyəsində Şuşa bəyannaməsinə tərəfdar çıxırlar. Bununla da Qarabağın, həmçinin, Şərqi Zəngəzurun təhlükəsizlik mühitinin gücləndirilməsi baxımından parlament diplomatiyası da artıq işə düşür. Gələcək dövrdə iqtisadi rifahı və iqtisadi rəqəmlərdə dinamikanı artırmaq üçün Şuşa bəyannaməsinin müvafiq bəndlərinə istinad olunacaq. Tərəflər arasında yeni-yeni qanun qəbul olunması prosesində hipotetik münasibətlərin dərinləşdirilməsi prosesinə Şuşa bəyannməsinin müvafiq bəndlərinə qanunvericilik baxımından da istinad edilməsi gözlənilir. Bu isə həm Naxçıvan və Qars arasında dəmiryolu əlaqəsinin bərpa olunması, həm də Azərbaycan hissəsi ilə Türkiyəarasında bağlantının Zəngəzur dəhlizi vasitəsilə istifadə verilməsindən sonra bölgədəki iqtisadi rifahın məhz hər iki toplumun nəfinə istifadə olunması ilə bağlı artıq ilkin konturlar cızılır. Burada hər iki ölkənin parlamentinə xüsusi təşəkkür düşür ki, bu çətin bir dövrdə, dünyada gedən geosiyasi proseslərin tüğyan etdiyi bir dövrdə parlamentlər artıq öz sözünü deyir və parlamentlərin burada öz damğasını vurması məhz iki dövlət arasında olan münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Gələcəkdə də tərəflər arasında müəyyən sahələrdə əməkdaşlıq münasibətlərinin qurulmasında bu gün parlamentlərin atdığı addım yüksək qiymətləndirilir, təqdir olunur və gələcəkdə də düşünürəm ki, parlamentlərarası diplomatiyanın daha da təşviq olunmasında Şuşa bəyannaməsinə istinad olunacaq”.
İlyas Hüseynov qeyd edib ki, ümumilikdə, Türkiyə Azərbaycanın dostu və qardaşıdır, Şuşa bəyannaməsinin parlamentlər tərəfindən ratifikasiya olunmasından sonra isə müttəfiqlik münasibətləri siyasi, iqtisadi, hərbi, hüquqi, təhlükəsizlik və enerji sahələrində daha da güclənəcəkdir:
“Türkiyə və Azərbaycan istənilən risklərə hazırdır. Bu risklərin minimallaşdırılması baxımından da Şuşa bəyannaməsinin müstəsna əhəmiyyəti vardır”.
Qeyd edək ki, fevralın 1-də Şuşa bəyannaməsi Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yaxın günlərdə isə Türkiyə parlamenti tərəfindən təsdiq olunacağı gözlənilir. Bununla da Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olur. Sənədin ratifikasiya olunması ilə Türkiyə-Azərbaycan münasibətləri, dostluğu, qardaşlığı daha da dərinləşir, strateli tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlir.