Fevralın 3-də Beynəlxalq Münasibətlərim Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə Ankarada “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans keçiriləcək.
Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyev iştirak edəcəklər.
Konfransın açılışında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, SETA-nın baş koordinatoru Burhanettin Duran və SAM-ın sədri Ufuk Ulutaş çıxış edəcəklər.
Daha sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji, nəqliyyat və iqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutacaq.