Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, AŞPA və digər beynəlxalq təşkilatlar əvvəllər dövlətlərə söz azadlığı, insan hüquqları ilə bağlı məsələlər müstəvisində təsir etməyə cəhd edirdi. Son dövrlər isə LGBT məsələləri üzərində təzyiqlər müşahidə edilir. Yanaşmaları bilmək istərdik...
- Bu məsələlərin özü onunla ehtiyatlı davranmağı tələb edir. Çünki mədəniyyətlər fərqlidir. Avropalıların da bu kimi məsələlərə yanaşması tamamilə başqa bir amillərlə bağlıdır. Onlar buna başqa bir tərzdə təhlil edib baxmağa çalışırlar. Amma bu məsələdən təəssüflər olsun ki, bizi istəməyən qüvvələr də istifadə edir. Milli adət-ənənələri, dini, əxlaqi, tarixi məsələləri bəzən bir sıra qüvvələr nəzərə almır. Bunu da sözsüz ki, qəsdən edirlər. Ona görə də, bundan da bir “alət” kimi istifadə cəhdləri var.
- AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçildiniz, bu vəzifə ölkəmizə nə kimi əlavə üstünlüklər qazandıra bilər?
- Bu, çox vacib bir məsələdir. Mən əslində Avropa Şurasında müxtəlif vəzilərdə, o cümlədən vitse-prezident səviyyəsinə qədər yüksəlmişəm. Amma AŞPA-nın Monitorinq Komitəsi başqa bir yanaşma tələb edir. Çünki Azərbaycanın özü monitorinq altındadır. Azərbaycan heç şübhəsiz ki, qeyri-obyektiv yanaşmalara görə xeyli əziyyət çəkdi. Ona görə də, belə bir komitədə nəinki müavin, birinci müavin olaraq iclasları aparmaq və ən çətin məsələləri həll etmək böyük məsuliyyət tələb edir. Misal üçün Rusiyanın səlahiyyətləri ilə bağlı məsələni idarə etmək və Avropada bu məsələ ilə bağlı təqdimat çox məsuliyyətli və etibarlılıq tələb edən bir vəzifədir. Bu etibarı biz yalnız öz şəxsimizdə qazanmamışıq. Qalib ölkəyə sözsüz ki, münasibət fərqli olur.
- Azərbaycan AŞPA-da olan yanaşmalarda dəyişikliklərin xarakteri haqda nə demək olar?
- Apardığımız siyasət ona dəlalət edir ki, biz heç nəyi heç kimdən gizlətmədən səmimi, açıq, milli maraqlarımızı təmin edən siyasət aparırıq. Azərbaycan olaraq ağa ağ, qaraya qara deyirik. Biz cinayət törədib özümüzü “cinayətin” qurbanı kimi təqdim etmirik. Necə ki, ermənilər 10 illərdir bu cür siyasət aparıb. Yaxud biz məğlub olub özümüzü məğlubiyyətdən nəticə çıxarmayan bir millət kimi də təqdim etmirik. Ermənilər məhz indi belə davranış sərgiləyir.
- Uzun müddət Azərbaycana fərqli baxışların olması nədən qaynaqlanıb?
- Uzun illər buna başqa cür baxırdılar. Bizə deyirdilər ki, bəli siz belə bir siyasət apara bilərsiniz. Amma bu, sizin 20 faiz ərazinizin işğalına, ölkənizə qarşı erməni lobbisinin və havadarlarının güclənməsinə gətirib çıxarır. Eyni zamanda Azərbaycan bir xeyli problemlərlə üzləşirdi. Ancaq 30 il müddətində xüsusilə də son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bunun nə dərəcədə doğru olduğu isbat edildi. Nəhayət, Qarabağ müharibəsində əldə edilən qalibiyyətdən sonra bu siyasət onlar üçün təhlil obyekinə çevrildi. Bundan sonra Azərbaycana münasibət tamamilə dəyişdi. Azərbaycanın bu siyasətini təhlil etməyə başladılar. Gördülər ki, bizim düzgün siyasətimiz nəticədə xeyir gətirir və ədaləti bərpa edir.
- Nəticəni necə qiymətləndirirsiniz?
- Gecə-gündüz çalışmaq, heç bir populist yanaşmaya əhəmiyyət vermədən irəli baxmaq şərt idi. Bütün bunların hamısı bizə kömək oldu. Ona görə də, biz Avropa Şurasının bu sessiyasında öz sözümüzü açıq şəkildə dedik.
- Azərbaycana qarşı olan qüvvələrin mövqeyində nə dəyişiklik müşahidə edilir?
- Ölkəmizə qarşı olan qüvvələr hələ də yox olmayıb. Onlar Ermənistanı “sığallayan”, onun “əməllərinə” göz bağlayan siyasəti davam etdirəcəklər. İndi də bunu edirlər. Amma bununla yanaşı yəqin edirlər ki, vəziyyət tamamilə fərqlidir və dəyişib.
- Antalyada Azərbaycan, Türkiyə, Ermənistan nümayəndələrinin görüşündən gözləntilər nədən ibarətdir?
- Türkiyə, Azərbaycan və Ermənistanın birgə fəaliyyəti çox vacib və əhəmiyyətlidir. İnanırıq ki, bu üçlük genişlənəcək. Bura Gürcüstan, İran, Rusiya da qatılacaq. Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdikləri “altılıq” təşəbbüsü reallaşacaq. Bu mərhələdə belə görüşlərin olması əhəmiyyətlidir. Dəfələrlə Rusiya, Azərbaycan və Ermənistan görüşləri olub. Azərbaycan, Türkiyə, Ermənistan görüşünün keçirilməsi də təəccüb doğurmamalıdır. Əksinə bu görüşün daha vacib əhəmiyyətli nəticələri ola bilər. Biz bunun tərəfdarıyıq. Müsbət nəticələrinin olacağına da inanırıq.