4 Fevral 2022 19:27
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ABŞ-ın Ermənistandakı səfirinin növbəti dəfə təxribat xarakterli açıqlaması ilə gündəmə gəldi. Sizcə, Amerika özü deyə bilmədiklərini səfirin dili ilə demək istəyir, yoxsa burada başqa məqamlar var?

- Bu cür bəyanatları çox “sadə” və hər kəsə də bəllidir. Sadəcə olaraq ABŞ səfiri Ermənistanda öz “işini” aparmaq, onların “xoşuna” gəlmək üçün belə bəyanatlar səsləndirir. Amma ABŞ səfirinin bu məsələ ilə bağlı hansısa bir müdaxilə üçün heç bir səlahiyyəti yoxdur. Həmçinin hadisələrə belə yanaşmaların real təsirləri də mümkün deyil. Təəsüflər olsun ki, yenə də erməni cəmiyyətinin reallıqdan uzaq mövzulara çəkilmə cəhdləri var. Məsələnin real izahı məhz bundan ibarətdir.

- Bu cür mövqe nə ilə bağlıdır?

- “Status” məsələsini Azərbaycan artıq həll edib. Bizi bundan sonra hansısa bir güclə nəyəsə vadar edə bilməyəcəklər. ABŞ səfirinin də bu məsələdə heç bir təsir imkanları yoxdur. Vaxtilə Azərbaycan vasitəçilik üçün beynəlxalq hüquqa əsaslanaraq ABŞ-a və Minks qrupunun digər üzvlərinə müraciət edib. Minsk qrupu da məhz bu səbəbdən yaranıb. İndi isə problem öz həllini tapıb. Azərbaycan da öz daxili işləri ilə bağlı heç kəsə müraciət etmir. Artıq vasitəçiliyə ehtiyac qalmayıb. Amma ABŞ səfirinin və Amerikanın Azərbaycana bu tərzdə təsir etmək üçün də əsası və hüququ yoxdur.

- ABŞ-ın bu yanaşmalardan imtina etməməsinə səbəb nədir?

- Fövqəldövlətlərin bir çox hallarda davranışları bu cür olur. Məsələ ondadır ki, hansısa dövlətlər bu cür davranışı qəbul edir. Bəziləri isə bundan qəti şəkildə imtina edir. Azərbaycanla ABŞ arasında olan münasibətlər bəzi məsələlərdə məsləhətləşmələr, hansısa kanallarla əməkdaşlıq müstəvisində işlər gedir. Amma elə mövzular var ki, Azərbaycan burada heç kəsin məsləhətini gözləmir. Ona görə də onlar özləri istədikləri məsələni deyə bilərlər. Bu, səfir və başqa səviyyədə ola bilər. Amma bunun üçün təsiredici addımlar atmaq mümkün deyil. Çünki burada Azərbaycanın suveren hüquqları əsas amildir. İlk növbədə Azərbaycan ərazisi daxilində olan məsələləri öz qərarlarına uyğun həll edə bilər. Bunlar da həll edilib.

Qarabağ mövzusu artıq gündəmdən çıxıb. İndi bu məsələyə aid ancaq lokal bəyanatlar eşidilir. Beynəlxalq ictimaiyyətin də bu mövzuya marağı yoxdur. Ona görə ki, məsələ həll olunub. Həll olunmayan məsələlər var ki, bunlar sərhədlər, kommunikasiyaların açılması və s-dir. Bunlar da müəyyən bir müddətdə öz həllini tapacaq.

- Bəs Türkiyənin mövqeyi?

- Burada Türkiyə yumşaq güc adlanan bir taktikadan istifadə edir. Türkiyənin istəyi odur ki, Ermənistanı öz imkanlarına bağlasın. Bundan da gələcəkdə istifadə olunsun. Bu da normal, başadüşülən bir siyasətdir. Yəni, Türkiyə Azərbaycana öz dəstəyini bəyan edib. İndi isə yeni bir şəriat formalaşıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər