Vətən müharibəsindəki tarixi qələbədən sonra bu uğurun siyasi, diplomatik müstəvidə ardıcıllığı böyük əzmlə davam etdirilir. 2020-ci ilin 10 noyabr razılaşmasından sonra əldə edilən nəticələr də bunu bir daha təsdiqləyir. 2021-ci ilin Moskva görüşündə əldə edilən razılaşmalar, Soçi və Brüssel görüşündəki tarixi, siyasi uğurlar Azərbaycanın sarsılmaz mövqeyinin göstəricisi hesab edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi nailiyyətlər ölkəmizin beynəlxalq, siyasi, hüquqi müstəvidə mövqelərini daha da gücləndirir: “Məhz bu mənada ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş xüsusi ilə diqqəti cəlb edib. Ş.Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti bir daha önə çəkilir”.
Millət vəkili hesab edir ki, bu görüşdə də, Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr olub: “Bu xüsusda, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar, etimad quruculuğu məsələləri gündəmdə idi. Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi vacib məsələlər də geniş müzakirə edilib. Sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair də konkret fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb”.
Deputat xatırladıb ki, müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi ilə bağlı faktların aşkarlanmasının diqqətə çatdırıb: “Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət ayrılıb. UNESCO-nun Azərbaycana və Ermənistana missiyanın göndərilməsinə dair razılıq ifadə edilib”.
Azər Badamov vurğulayıb ki, üçtərəfli görüşlə bağlı sənəddə Minsk qrupuna istinad edilməyib: “Eyni zamanda Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almayıb. Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə yoxdur. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsi hesab edilir. Artıq Fransa ATƏT-in Minsk qrupunun həmsədr olaraq bu reallığı qəbul edir. İndiki halda Fransa bu tədbirdə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib. Bütün bunlar ona dəlalət edir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər mövcuddur”.