Avropa İttifaqında sədrliyi qismində Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda keçirilən dördlü görüşdə müzakirə edilən məsələlər əslində müharibədən sonrakı illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və regionda əməkdaşlığın qurulmasından ötrü Azərbaycanın təklif etdikləridir. Yəni ölkəmiz müharibə başa çatdıqdan dərhal sonra iki ölkə arasında sərhədlərin deilimitasiyası və demarkasiyası, humanitar məsələlər, etimad mühitinin yaradılması, kommunikasiyaların, nəqliyyat dənlizlərinin açılması, sülh sazişinin hazırlanması üçün danışıqlara başlanması, yüzlərlə mülki insanın canını alan minalardan ərazilərin təmizlənməsi məsələlərinin vacibliyini irəli sürmüşdü.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor qeyd edib ki, görüşdə dövlət başçımızın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, ərazilərin minalardan təmizlənməsindən ötrü beynəlxalq yardımların edilməsi, nəqliyyat dəhlizinin açılması və b. məsələlərin həllini qabartması Azərbaycanın haqlı tələbidir:
“İndiyədək minlərlə Azərbaycan vətəndaşı Birinci Qarabağ müharibəsində iştirak edərkən itkin düşmüş övladlarının cəsədini tapa bilmir. Prezident İlham Əliyev konkret rəqəmlərlə Ermənistanın müharibə cinayətlərini də səsləndirdi. İtkin düşmüş 3890 Azərbaycan vətəndaşının böyük əksəriyyətinin işğalçı Ermənistan tərəfindən kütləvi surətdə öldürülməsi və üstünün örtülməsi şübhə doğurmur. Müharibə başa çatdıqdan sonra onlarla Azərbaycan vətəndaşının işğalçı ölkənin basdırdığı minalardan həyatlarını itirməsi və yaralanması da Ermənistanın cinayətlərinin göstəricilərindən biridir. Ərazilərin minalaradan təmizlənməsi beynəlxalq yardımlar olmadan uzun illər vaxt apara bilər”.
Millət vəkili hesab edir ki, Ermənistan azərbaycanlılara məxsus tarixi memarlıq və dini abidələri həm indiki coğrafi-siyasi sərhədləri daxilində, həm də 30 ilə yaxın işğal altında altında saxladığı Azərbaycan ərazilərində məhv edib: “Dördlü görüşdə YUNESKO missiyasının hər iki ölkəyə göndərilməsinə dair razılığın əldə edilməsi əvvəllər Azərbaycanın etdiyi təklifin qəbul edilməsidir”.